525.Az

BANM-də Avropa İttifaqının layihəsi müzakirə olundu


 

BANM-də Avropa İttifaqının layihəsi müzakirə olundu <b style="color:red"></b>

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan ali təhsil sistemində elmi tədqiqatın inkişafı, ixtira və innovasiya” layihəsi ilə bağlı Bakı Ali Neft Məktəbində (BANM) görüş keçirilib.

Görüşdə layihənin məqsədləri, fəaliyyəti və hədəf qrupları müzakirə edilib. BANM-in rektoru Elmar Qasımov, layihənin beynəlxalq ekspertləri Kşıştof Qulda və Yatsek Qayevski, Təhsil İnstitutunun ali təhsilin inkişafı şöbəsinin müdiri Anar Nağıyev görüşdə iştirak ediblər.

Rektor qonaqlara BANM-in qısa vaxtda əldə etdiyi böyük uğurlar haqqında məlumat verib. Bildirib ki, ali məktəbdə tədrisin ingilis dilində olması onun məzun və tələbələrinin transmilli şirkətlərdə çalışmalarına, beynəlxalq layihələrdə iştirak etmələrinə, eləcə də dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirmələrinə böyük imkanlar açır. BANM-in tədqiqat işlərinə geniş önəm verdiyi və bu istiqamətdə xeyli işlər görüldüyü bir vaxtda bu layihənin həyata keçirilməsi olduqca məqsədəuyğundur.

K.Qulda bildirib ki, layihənin ilkin mərhələsində əsas məqsəd BANM-in potensialının və hədəflərinin müəyyən olunmasından ibarətdir. Sözügedən layihənin növbəti ilin yanvar ayından icrasına başlanılacağını deyən ekspert ali məktəb haqqında məlumatların toplanılmasından sonra prosesə digər ekspertlərin də cəlb olunacağını bildirib. Qeyd edib ki, layihə çərçivəsində ekspertlər əməkdaşlıq edəcəyi ali təhsil müəssisələrinə elmi tədqiqatın inkişafı, ixtira və innovasiyası istiqamətində öz məsləhət və tövsiyələrini verəcəklər.

Y.Qayevski isə bildirib ki, layihə bu istiqamətdə güclü təlimçilər yetişdirəcək. Bu təlimçilər də öz növbəsində doktorantlara təlimlər keçərək onları istiqamətləndirəcək.

Görüşdə ali məktəbin kafedra müdirləri və müəllimlərinin layihə ilə bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qonaqlar BANM-in tədris mərkəzləri və laboratoriyaları ilə tanış olublar.

 





13.11.2018    çap et  çap et