525.Az

"Türkiyə dünyada ən çox humanitar yardım göstərən ölkələr sırasında liderə çevrilib"


 

TÜRKİYƏNİN GƏNCƏDƏKİ BAŞ KONSULU JURNALİSTLƏRLƏ GÖRÜŞÜNDƏ BU MƏSƏLƏYƏ AİD RƏQƏMLƏR AÇIQLAYIB

"Türkiyə dünyada ən çox humanitar yardım göstərən ölkələr sırasında liderə çevrilib"<b style="color:red"></b>

Qardaş Türkiyənin Gəncə şəhərinə yeni təyinat almış baş konsulu Zəki Öztürk burada çalışan media təmsilçiləri ilə ilk mətbuat toplantısı keçirib.

Görüşdə bir millətin iki dövləti arasında möhkəm qardaşlıq əlaqələrinin ənənəsindən söhbət açılıb, eyni zamanda, müasir dünyada baş verən hadisələr fonunda Türkiyə və Azərbaycanın birgə strateji məqsədlərinin yaxın coğrafiyadakı  əhəmiyyətli rolu vurğulanıb.

Zəki Öztürk, həmçinin, ölkəsinin son illərdə iqtisadi və humanitar sahədə dünyada nüfuzlu söz sahibinə çevrildiyini də diqqətə çatdırıb.

O qeyd edib ki, İngiltərədəki "Development Initiatives" adlı qurumun nəzdindəki  "Planetar Humanitar Yardım"  proqramı üzrə  2017-ci il üçün hazırlanan və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan raporta görə ötən il Türkiyə müxtəlif ölkələrə 8,07 milyard ABŞ dolları insani yardım göstərib və bu cəhətdən lider olub. Bu rəqəm 2016-cı ildəki müvafiq göstəricidən 2 milyard dollar çoxdur. Sözügedən raportun jurnalistlərə təqdim edilmiş çıxarışlarından bəlli olur ki,  Türkiyədən sonra siyahıda ABŞ (6,68 milyard dollar), Almaniya (2,99 milyard dollar), Böyük Britaniya (2,52 milyard dollar) və Avropa İttifaqı (2,24 milyard dollar) gəlirlər. Göstərdikləri humanitar yardımın ölkələrin milli gəlirlərindəki xüsusi çəkisi də maraq doğurur. Belə ki, Türkiyənin göstərdiyi insani yadım bu ölkənin milli gəlirinin 0,85 faizini təşkil etdiyi halda, ABŞ üçün bu rəqəm 0,04 faiz, İsveç və Lüksemburq üçün 0,17 faiz  təşkil edib. Məhz milli gəlirinin həcminə nisbətdə, ehtiyacı olan ölkələrə etdiyi yardımların miqyasına görə raportda Türkiyəyə "mərd ölkə" adı verildiyi də diqqət çəkir.

"Ehtiyacı olanlara insani yardım göstərmək ənənəsi Türkiyədə qədim dövrlərdən yaranıb və ata-babalarımız da müxtəlif vəqflər yaradaraq,  bu ənənəni qoruyublar. Müasir Türkiyə də dünyada heç bir ayrı-seçkiliyə yol vermədən apardığı insansevər siyasətini bir daha planetar miqyasa sübut etmişdir" - deyə, Z.Öztürk bildirib.

Sözügedən raportda bu gün dünyanın 134 ölkəsində 201 milyon insanın yardıma möhtac olduğu  da qeyd edilib.

Zakir MURADOV 
Gəncə

 





13.11.2018    çap et  çap et