525.Az

"AMEA əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil"


 

"AMEA əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil"<b style="color:red"></b>

Bu gün Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır.

Bunu deputat Gövhər Baxşəliyeva Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputatın sözlərinə görə, ölkə Prezidentinin fərmanları ilə son illər ərzində Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb, həmçinin, son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb:

“Lakin açığını demək lazımdır ki, AMEA-nın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yenilənməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”.

Millət vəkili deyib ki, AMEA-nın xalqımızın həyatındakı rolunu qiymətləndirmək üçün dövlət orqanlarında, diplomatik sahədə, ictimai-siyasi səhnədə səmərəli fəaliyyət göstərən, milli intellektual elitanın özəyini təşkil edən şəxsiyyətləri xatırlamaq kifayətdir:

“Bu şəxsiyyətlər AMEA-dakı unikal mühitin yetirmələridir. Fikrimizcə, bu, AMEA-nın dövlətimiz üçün strateji əhəmiyyətli bir qurum olduğunu isbatlamaq üçün yetərli dəlildir. Bir mühüm məqama da toxunmaq istərdim. Bəzi elm sahələri özəl sifarişlər, istehsalatla bağlı layihələr, hətta xarici ölkələrdən alınan qrantlar sayəsində gəlirlər əldə edə bilərlər. Humanitar və ictimai elmlər isə daha çox dövlətimizin himayəsinə güvənməlidir. Bu sahə mənəvi sfera ilə, milli ideologiya və dövlətçilik düşüncəsi ilə birbaşa bağlı olduğundan xüsusi qayğı ilə əhatə olunmalıdır. Bu elmlərə dar mənada “praktik fayda” meyarı ilə yanaşmaq olmaz. Bütövlükdə fundamental elm belə yanaşmanı qəbul etmir.

Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylərdövləti” kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pul ekvivalenti ilə ölçmək olar?! Fundamental elmə xərclənən vəsait gələcəyə - millətin və dövlətin gələcəyinə qoyulan sərmayədir. Əgər bugün tələb olunan maliyyə vəsaitini əsirgəsək, sabah bundan yüz qat artığını qoymalı olacağıq".

G.Baxşəliyeva vurğulayıb ki, hundamental elmin ictimai şüurun düzgün istiqamətdə təkamülündə müstəsna rolunu gözəl bilən ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik yaratdıqdan sonra əsas elm məbədimiz ətrafında söz-söhbətlərə son qoydu, ardınca öz tarixi fərmanı ilə AMEA-nın statusunu müəyyənləşdirdi: "Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı. Bu gün Azərbaycan elmi, konkret olaraq, ictimai və humanitar elmlər müasir dövrün tələblərinə, dövlətçiliyimizin yüksəlişinin hazırkı mərhələsinə, Azərbaycanın müasir inkişafının məntiqinə uyğunlaşdırılmalıdır”.

 





13.11.2018    çap et  çap et