525.Az

Təzadlardan doğan həqiqət, yaxud bir tamaşanın sirri...


 

Təzadlardan doğan həqiqət, yaxud bir tamaşanın sirri...<b style="color:red"></b>

Bakıda havalar son günlər çox sabit və mülayim keçir. Bu günlərdən birində, zahiri sakitliyi rahat buraxıb, ehtiyac duyduğum daxili təlatümün dərinliyində təzad deyilən o burulğana baş vurmaq kimi dəli bir həsrət keçdi ürəyimdən. Olur bəzən, insanın könlündən özünü bir dəryada itirmək istəyi səssiz axıb keçir. O dərya durularmı, bulanarmı...sahilsiz ümmanlara səni apara kaş...bəlkə xilasın yolunu tapa bilərsən...

Bakıda payızdırsa da, havalar sual, qayğı dolu gündəlik həyatımızı bir də öz soyuğu, çiskini ilə çətinləşdirməyə tələsmir. Amma Bakıda bu payız sənət coşqusu yaşanır, mədəni hadisələr bir-birinin ardınca xoş rüzgar kimi əsir. Böyük şəhərlərin həyatı, əslində, orda yaşayan incəsənətin, mədəniyyətin inkişafı, yaradıcılıq meydançalarının rəngarəngliyi, hərəkətliliyi ilə ölçülür. Şəhər poetikasının danılmaz xisləti onun mədəni həyatıdır. Təzadları unutmayaq...

Bu payız oktyabr ayında aparıcı üslubunu muğam-caz təşkil edən Bakı Beynəlmiləl Caz Festivalı (33 ildən sonra, 2002-ci ildən başlayaraq müntəzəm keçirilir), noyabrın 7-8-də isə ilk dəfə olaraq Azərbaycan orqan musiqisi festivalı təşkil olundu. Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının kamera və orqan zalında iki gün ərzində Nazim Əliverdibəyov, Qara Qarayev, Vasif Adıgözəlzadə və digər Azərbaycan bəstəkarlarının əsərləri Avropa musiqisinin korifeyləri Bax, Mendelson, Hendel yaradıcılığı ilə yanaşı səsləndi. Nəinki paytaxtımız, ölkəmiz ruhunda Şərqlə Qərbin vəhdətinı yaşadır, onun torpağı, insanı təbiətin bütün səslərindən rəng alır. Fikrət Əmirov da Azərbaycandır, Qara Qarayev də. Hər ikisi Vətəndir. Hər kəsin dilini anlayan, düşməninə belə süfrəsini açan, onu öz dilində dinləməyə və İlahi dildə susdurmağa qeyrət edən, mənəvi böyüklüyün müstəvisində özünə kiçik bir yer axtarmayan azərbaycançılıq, türkçülük məfkurəsinin yaşadığı gözəl ölkəm!

... Dünyanın harasında Qonaqkənd adlı yer tapa bilərsiniz!? Bir də orda yaşayan ulu nənələrimizin yaradıcılıq izini qoruyub saxlayan "Qonaqkənd" üslublu xalı var, üzərində qəlbləri qədər geniş süfrə şəkilləri, böyüklü-kiçikli xanalar: orda hər kəsə yer tapılar. Dünyanın ac, nadan gözünü doyuran naxışları vuran əllər günahkarın başına sığal da çəkər... Nifrətin, kinin olmadığı zamanlardan süzülüb gələn dünyaduyumu bu gün də xalqımızın daxili enerjisi, gücü kimi yaşayır.

Təsadüfi deyil ki, bu günlərdə Bakıda İkinci Beynəlxalq Teatr Festivalı - əsl mədəniyyət hadisəsi yaşandı. M.A.P - Musiqi, Art və Performans başlıqlı bu festival "sərhədsiz teatr" ideyasını Bakıda gerçəkləşdirdi. Mədəniyyət, sənət bütün buxovları, sərhədləri aşmaq gücündədir. Teatr səhnəsində baş verənləri izləməyə gələn tamaşaçı həm də özü bir tamaşa iştirakçısıdır, aktyordur. O, hansı tamaşanın oyunçusu olmaq istəyir, həyat ona hansı rolu seçmişdir, səhnədən gediş varmı, həyata dönüş varmı. Axı rampadan o tərəfdə əyləşənlər də, səhnədə olanlar da bir gün əyninə geydiyi qara libasını çıxaracaq və son mənzilində pak, ağ, təmiz görünmək istəyəcək... Müxtəlif ölkələrdən gələn sənətçilər 16 tamaşa ilə zaman və məkan hüdudlarını dəf etməyə çalışdılar, ən müxtəlif bədii təsvir formaları vasitəsilə əbədi mövzulardan, dəyərlərdən söz açmağa çalışdılar.

Günah və cəzadan, zülm və nəvazişdən, ağ və qaradan söz düşmüşkən, bu günlərdə Dostoyevskinin doğum günü idi - 11 noyabr. Doğum günündən bir gün öncə Bakıya da gəlmişdi. Gənc Tamaşaçılar Teatrında Moskva Balet teatrının "Kafe idiot" adlı balet-tamaşası ilə. Elə öz dilində danışırdı - insan dilində... 

Tanınmış semiotik Yuri Lotman hesab edirdi ki, incəsənətin vacib olduğu danılmazdır, insan real dünyada olmayanları yaşamalıdır, yəni incəsənət ikinci həyatdır. İkinci həyat - semiotik dünyadır, simvollar dilidir, bu dildə düşünən insanların gördüyü aləmlərdir. Nədən insanlar min illər öncə teatrı yaratdılar, həyat bu qədər səhnədən ibarət olmuşkən... Bədii əsərlər o zaman yaşayır ki, onları izləyən, anlayan və izah edən insanar olsun. Əlbəttə, incəsənəti anlamaq onu qavramaq istəyəndən hazırlıq tələb edir. Alfred Şnitke deyirdi: "İncəsənətdə əsl böyük əsər çox zaman "qaydadan kənar" yaranır". "İdiot" əsərinin yaranma tarixi və səbəblərini bir kənara qoyaraq, musiqi və hərəkətlərin, jestlərin və mimikanın dilində romanın qayəsinin tamaşaçıya necə çatdırılacağı marağı ilə teatra üz tutdum.

Moskva Balet Teatrının Bakıda keçirilən Teatr Festivalı çərçivəsində təqdim etdiyi tamaşa Dostoyevskinin məlum "İdiot" romanının motivləri üzərində qurulmuşdu. Dostoyevskinin "qaydadan kənar" düşüncəsini, qeyri-səlist məntiqini bu replikasız tamaşada anlamaq üçün ip uclarını axtarmağa başladım.

Tamaşa qaranlıq zalda pərdə arxasından süzülüb gələn fransız romansının sədaları ilə başladı. İlk öncə rusların, türklər demiş, Dostoyevskiyə fransız qalacaqlarını düşündüm, amma yanıldım. Yanıldığıma sevindim. Bəlkə əsəri tanıdığım üçün, bəlkə hər zaman özü olmağı bacaran insanları sevdiyim üçün və yazıçının da əsas qayəsinin yalanlardan silkinib həqiqətin gözəlliyini görmək olduğuna inandığım üçün, nə olursa olsun, bu tamaşada da böyük tapıntı, simvolların ifadəsini görəcəyimə inanırdım. Və gördüm.

Səhnədə stullar, kiçik dəyirmi masalar (belə bir masa Dostoyevskinin Peterburqda Memorial Ev-Muzeyində (Kuzneçnı, 5) onun direktoru, yazıçının irsini fədakarlıqla qoruyan Natalya Aşimbayevanın iş otağında var), iki qapı və bir divar var idi. Hə, bir də boş, bihudə hisslərin, əsintilərin dilini ifadə edən yelpazələr. Onlar həm də aldadıcı, yayındırıcı manevrlər üçün lazım idi. Cəmiyyətdə hər kəs yalanları doğru qəbul etməlidir, hər kəs cəmiyyətdən biridir, Mışkindən savayı... Əslində, bütün bu sadalananlar insan mənəviyyatını əks etdirən simvollardır, lakin onlar rus cəmiyyətində unudulmuş, xalqın milli ruhundan uzaq düşmüş, öz əski anlamını itirmiş əşyalara çevrilmişlər. Bu haqda aşağıda bir qədər geniş söhbət açmağa çalışacağam.

Səhnədə iki qapı qoyulmuşdu. Bir qapıdan girib-çıxılır, o qapı çox bərk çırpılır, səsi ilə səksəndirirdi. O qapıdan bu dünyada özünə yer tutmaq istəyən hər kəs keçib-gedirdi. Hər kəs onun doğru qapı olduğunu düşünərək bunu edirdi, hər halda. Səhnənin digər bir tərəfində də qapı var. O, doğru mahiyyətini daşıdığı üçün, dünyanın əvvəli və axırını ifadə edərək, hər zaman sabit olaraq, açıq qalır. Qapılar açılıb-örtülmək üçündür, qapılar çırpılmaq üçün deyil. Onu arxasınca çırpıb gedənlər bu cəmiyyətin üzvləridir, qaydalara riayət etmək məcburiyyətindədirlər. Milyonlar arzulayan Qanya, Nastasyanın gözəlliyini alıb-satan Totski, Yepançin, Aqlaya, onun zəngin kişiyə ərə getməyə hazırlaşan bacısı Adelaida və digərləri çırpılaraq açılıb-örtülən qapıdan istifadə edirlər.

O qapı divarla hörülüb. O divar həyata "mən" hissi ilə bağlanmış bir çoxları üçün etiraz simvoluna çevrilir. Cəmiyyət əvvəlcə onu təşkil edənlər tərəfindən məhdud qaydalar çərçivəsi, formaları həqiqi hesab edir və onları tərəddüdsüz qəbul edir. Sonra bu cəmiyyət o divarları ucaldır, möhkəmləndirir. Cəmiyyəti təşkil edənlər o divarın, qalanın, şəhərin sakinlərinə çevrilirlər.

Nastasya da onların əlində girovdur, onların gözəl və sevimli oyuncağıdır. O, aldanaraq, sevildiyini düşünür. Bu səhnə tamaşada İdiot kafesinin müştəriləri tərəfindən "əl üstündə gəzmə" səhnəsi ilə canlı ifadə olunmuşdur. Vaxtı gəldikdə, o atılacaqdır, satılacaqdır. Roqojin də nəfsinin qurbanıdır, Qanya da. Özünü divara vuran Nastasya, Qanya, Roqojin - hər biri o divarı aşmaq istəyir, yıxmaq istəyir. Əslində, divar qorumaq, müdafiə etmək, sipər olmaq, təminatlı, güvənli olduğunu insana hiss etdirən bir işarədir, açardır. Amma səhnədə, əsərin qayəsinə uyğun, o divar çıxılmazlıq, çarəsizlik, həyatı məhdudlaşdıran, arxasında cəmiyyətin qeyri-səmimiliyinin gizləndiyi yerdir. O divara çatdınsa - dönüşü yoxdur.

O divarla cəmiyyətin, ətrafdakıların "dəstəyi" ilə qalxan Nastasya o hündürlükdən Roqojinin bıçağına tuş gəlmək üçün enir. Mələkdirmi, bəlkə də... Günahsızdırmı, bəlkə də.. "İnfernal qadın" (Nəzirov) daha uyğundur. Rejissor da bu obrazı belə görür. Göylərdən yerə qanına qəltan olmaq üçün enən və qanında boğulub yox olan Nastasya və səhnənin sonunda yerdən göyə, uca pyedestala qalxan və qeyb olan əlçatmaz Mışkin... Cəhənnəm və cənnət timsalları... Hə, bir də o sol tərəfdə səhnədə boş qapı vardı. O qapı şəffaf idi, gizlinləri yox idi, o qapıdan yalnız Mışkin keçib gedə bilirdi.O qapıdan o Aqlayanı da. Roqojini də, Nastyanı da özü ilə apara bilirdi. Lakin heç kim həqiqət kimi dürüst, doğru nəsnəni yaşamaq istəmədi. Heç kim sevgiyə inanmadı, özünü unudub başqasının varlığını yaşadanları "dəli", "idiot", "qəribə adam" adlandırdı.

"İdiot" romanında tək adam konsepsiyasını önə çəkən rejissor, Mışkinə aid qapını divara hörməmişdi. Mışkinin divarlar arxasında gizləyib qorumalı heç nəyi yoxdur. O, hər şeyini insanlarla paylaşır. Rejissor onun hamıya sevgi ilə açıq olan könlünü, "ağıllı ürəyi"ni simvollaşdıran "açıq qapı"nı divarsız, çəpərsiz, bəndsiz, heç bir çərçivəyə çıxışdırılmamış təsvir edir. Mışkin "mənim öz zamanım var" deyən biridir. Onun zaman, insan, xalq, mənəviyyat, təbiət, sevgi meyarları, həyat qavrayışı ona məxsusdur, cəmiyyət ilə bütün hallarda tərs mütənasibdir. O, Nastasyanı bu cəmiyyətin əlindən və onun öz qəlbində qaynayan qisas və özünəqəsd hissindən qurtarmaq üçün ciddi cəhdlər edir, lakin hər dəfə bu cəhdi nəticəsiz qalır. Nastasya yüksəkdə qalmaq istəmir, onun buna gücü yetmir, o, Mışkinin əlindən, onu sevgi ilə qucaqlayan qollarından sıyrılaraq, yerə enir, sonra isə kafenin müştərilərinə qoşulub, "cəhənnəm qadını" həyatına davam edir. Onun cənnəti artıq çoxdan xarabaya çevrilmişdir. Tamaşada bu iki qəhrəmanın kətil üzərində "xilas rəqsi" öz plastikası və jestlərin canlı dili ilə yadda qalır.

Daha bir simvolik səhnə sinəsi üzərində qaldırılan bıçağı görərkən "İnanmaram, Parfyon" deyərək, Mışkinin öz qatili qarşısında huşunu itirməsi anıdır. Bu epizod romanda xüsusi poetik çəkiyə malikdir. Tamaşada da bu məqam yenə "Mışkin və başqaları" konseptinə uyğun olaraq, peyğəmbər həqiqəti və kütlə düşüncəsinin toqquşması kimi səhnələşdirilmişdir. Bıçaq əldən ələ keçərək Roqojinə təqdim olunur. Bütün cəmiyyət Roqojinin bıçağına dəstək olur. Roqojinin bıçağına sinəsini sipər edən, onu nadan rəqibinin əlindən alan Mışkin, əslində, tək özünü və ya heç də özünü (rus dilində səslənmə oxşarlığı da var: noj - noj) xilas etməyi düşünmür. O, Roqojini və onun əlinə bıçaq verən ruhsuz, sevgisiz, imansiz və Allahsız cəmiyyəti xilas edir, günahdan, qopmuşluq duyğusundan və hər zaman çarəsizliyə düçar olmaqdan.

Bir də Mışkin avropalaşmış, milli zəminini itirmiş rus cəmiyyətinə onun mənəvi, dini əxlaqını, ədəbini xatırlatmaq üçün gəlmişdi. Xalqa, zəminə dönüş olmadan onun ən yaxşı övladlari özləri və dünya haqqında ən ağlasığmaz eybəcər etiraflar edəcəklər və bir gün heç kim tərəfindən anlaşılmadan sadəcə yoxa çıxacaqlar. Bu, Dostoyevskini hər zaman qorxudurdu. Qıvrılaraq yad musiqiyə (tamaşada seçim Frank Senatranın ifasında məşhur "Sway" mahnısı idi) rəqs edən kütlənin xilasına qeybdən gələn Mışkin, sonda yenə də qeybə çəkilir. Tamaşada bu işığın qəfil qaranlığa çevrilməsi ilə gözəl təsvir olunur. İnsanlar öz xilaskarını itirməkdən nəinki qorxur, bəlkə də, sevinirlər. Mənəviyyat məsuliyyət və qəlbin azadlığı deməkdir. Qəlbsizlər üçünsə bu, əzabdır. Mışkindən qurtulmaq onlar üçün bu əzabdan qurtulmaq deməkdir.

Tamaşa boyu səslənən musiqinin dili də Dostoyevskinin dilinə təkan verir. Rus cəmiyyətinin həyatı fransız və digər əcnəbi dillərdə səslənən musiqi parçaları ilə müşayiət olunur. Dostoyevskinin də dili süjet üzrə inkişaf mexanizmini ifadə etmir, onun da qəhrəmanları simvollarla danışır, lakin onun əsərində heç bir söz təsadüfi deyil, hər kəlmə yeri, məqamı yetişdikdə, sual kimi görünən mətləbləri yerinə qoyur, cavablandırır. Musiqi dilində, Şnitkeyə görə, məna qəlpələnmiş, təsadüfi xarakter daşıyır. Sanki insan ona tabe olmayan qüvvələrlə mübarizə aparır, onları idarə etməyə çalışır. Dostoyevski yaradıcılığı da "İncil" motivləri üzərində qurulmuş olsa belə, insanı ehkamlar üzərindən deyil, yaradıcı olaraq əbədi axtarış yoluna səsləyir.

"Dostoyevski uçurumları" (Pomerans) deyilən bir məfhum var. O uçurumların kənarında bütün qəbul olunmuş qaydalar son sınağa çəkilir. Burda qəhrəmanlar üçün hər zaman risk var: anlaşılmamaq, inkar olunmaq, rədd edilmək, paxıllıq və küdurətlə üzləşmək, lakin... sevilmək də var, qəbul olunmaq da var, hüzurunda baş əydirmək də var, özünün deyil - Allahın və onun oğlunun... Nifrət varsa, sevgi mi olmayacaq! Amansızlıq varsa, sərt çərçivələr varsa, onları dəf etmək səyləri də olmamış deyil. Sivilizasiyaya bu günə qədər bu nizam-tərəzi ilə yaşayır.

"İnsan bir müəmmadır. Onu açmaq lazımdır və əgər həyatın boyu bunu etsən, vaxtının əbəs keçmədiyini düşünə bilərsən; mən bu müəmma ilə məşğulam, çünki insan olmaq istəyirəm", - Dostoyevski qardaşına məktubunda yazırdı.

... Bir də təəssüratlarla dolu tamaşadan çıxıb Bakının mərkəzi küçələri ilə dolaşdım. İnsanları öyrənmək, təzadlı dünyaya baxmaq üçün bir az da insanlara və bu təzadlara güzgü ola bilmək vacibdir... güzgü həm də aynadır, bir təmiz üzü var, o üzü itirmədən təzadları görmək olar, baxış bucağı həmişə var...

Kəmalə UMUDOVA
Bakı Slavyan Universitetinin dosenti

 





14.11.2018    çap et  çap et