525.Az

"Multikultural cəmiyyətdə dil amili" konfransı keçirildi


 

"Multikultural cəmiyyətdə dil amili" konfransı keçirildi <b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Multikultural cəmiyyətdə dil amili" mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov mövzunun aktuallığını qeyd edib. Azərbaycan dilinin inkişaf tarixinə baxdıqda görünür ki, bu dil müxtəlif dövrlərdə fərqli şəkildə adlanıb. Bəzən "türk dili", bəzən "tatar dili", bəzən "Azərbaycan türkçəsi" və nəhayət "Azərbaycan dili" adlanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dəyərlərdən biri də Azərbaycan dilinin qorunub saxlanılması, bu dilin məhz "Azərbaycan dili" adlanması ilə bağlıdır. İcraçı direktor əvəzi deyib ki, ziyalılarla görüşdə ulu öndər təkid edirdi ki, bu dilin "Azərbaycan dili" adlandırılması çox vacibdir. Çünki dil amili Azərbaycan müstəqilliyinin atributudur, bizləri bir yerdə tutan əlamətlərdən, bir xalqın mövcudluğunu göstərən ən mühüm əlamətlərdən biridir.

R.Həsənov vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı deyib ki, Azərbaycan dili Qafqazda və Yaxın Şərqdə xalqlar arasında tarixən ünsiyyət vasitəsi rolunu oynayıb. Bu gün Azərbaycan dilində 50 milyondan çox insan danışır. Azərbaycan dili dünya dillərinin içində özünəməxsus yeri olan, inkişaf etmiş və bugünkü səviyyədə siyasət, diplomatiya, elm, ədəbi dil kimi formalaşmışdır.

M.Talıblı qeyd edib ki, Ulu öndər Heydər Əliyev fəaliyyəti boyu Azərbaycan dilinə son dərəcə diqqətlə və həssaslıqla yanaşıb. Hələ 70-ci illərdə Azərbaycan dilinin Azərbaycan Konstitusiyasına dövlət dili statusu kimi daxil edilməsi o dövrün basqıları, qadağalarına fonunda son dərəcə böyük tarixi və siyasi hadisə idi. Bu, Ulu Öndərin Azərbaycan dilinin statusuna hələ Sovet dönəmində nə qədər önəm verdiyinin göstəricisidir.

Azərbaycan dili etnik-mədəni zənginliyə malik dövlətdə, multikultural dəyərlərin və ənənələrin yaşadığı cəmiyyətdə, demokratik birgəyaşayış ənənələrinə əsaslanan vahid cəmiyyət tipinin formalaşmasında müstəsna rol oynayıb.

Bildirilib ki, Azərbaycan dilinin və İslam dininin bugünkü Azərbaycanda demokratik dəyərlərə və ənənələrə əsaslanan cəmiyyətin formalaşmasında rolu son dərəcə böyük olub. Azərbaycan dili və İslam dini öz demokratik mahiyyəti etibarı ilə başqa dillərə, dinlərə, inanclara, xalqların mədəniyyətinə basqı ilə yanaşmayıb. Azərbaycanda yaşayan hər bir etnik xalq, qrup min illər boyu öz identikliyini, dilini, mədəniyyətini, adət-ənənəsini etnik və etnoqrafik xüsusiyyətini qoruyub saxlayıb. Bu zənginliyin və eyni zamanda, vahidliyin ölkəmizdə təmin olunmasında Azərbaycan dilinin müstəsna rolu var.

M. Talıblı vurğulayıb ki, dini, etnik baxımından rəngarəng olsa da, Azərbaycan unitar dövlətdir. Ölkəmizdə bir mədəniyyət - Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı mövcuddur. Bu, Konstitusiyada da təsbit olunub. Azərbaycan dilinin dövlət dili statusu kimi hər bir Azərbaycan vətəndaşı tərəfindən birmənalı olaraq qorunmalıdır. Milliyyətindən, etnik, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı olub Azərbaycan dilini bilməmək özünü cəmiyyətdən təcrid etmək deməkdir.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, "Multikulturalizm" jurnalının baş redaktoru Fəxri Uğurlu, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, "Etnoqlobus" portalının rəhbəri Gülnarə İnanc, BBMM-in baş məsləhətçisi Tofiq Abbasov, BBMM-in şöbə müdiri Yadigar Məmmədli, BBMM-in məsləhətçisi Billurə Aslanova və digərləri bildiriblər ki, 90-cı illərdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan dilinə, onun ölkədə yayılmasına və öyrənilməsinə ciddi önəm verilib.

S.QARAYEVA

 





14.11.2018    çap et  çap et