525.Az

Erməni lobbisinin Avropadakı əlaltıları ard-arda ifşa olunur


 

SEPARATİZMİ DƏSTƏKLƏYƏN ÇIXIŞLARI İLƏ DƏFƏLƏRLƏ QALMAQAL YARADAN ELENİ TEOXARUS ARTIQ ALBANİYADA DA ARZUOLUNMAZ ŞƏXS HESAB EDİLİR

Erməni lobbisinin Avropadakı əlaltıları ard-arda ifşa olunur<b style="color:red"></b>

Qərb dövlətlərində separatçı hərəkatların, o cümlədən, qondarma Dağlıq Qarabağ rejiminin təbliği ilə məşğul olan Avropa Parlamentinin kiprli üzvü Eleni Teoxarus növbəti qalmaqal ilə yadda qalıb.

Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərlərə görə Xarici İşlər Nazirliyinin "girişi arzu olunmayan şəxslər siyahısına" daxil edilən və haqqında cinayət işi açılan avroparlamentari indi də Albaniya Respublikasının konstitusiyasına, təhlükəsizliyinə zidd olaraq, bu ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışı ilə diqqət mərkəzinə düşüb. Açıq-aşkar terror şəbəkələrinin sifarişlərini yerinə yetirməklə məşğul olan E.Teoxarus etdiyi hüquqazidd davranışları səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzuolunmaz şəxs elan olunub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib.

Belə görünür ki, Azərbaycan və Ukraynadan sonra Albaniyanın ərazi bütövlüyünə təhdid xarakterli çağırışları ilə gündəmə gələn E.Teoxarus bundan sonra da oxşar fəaliyyətini davam etdirmək niyyətindədir. Nəticədə Kipr Respublikasını təmsil edən deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk Avropa Parlamenti üzvü "statusu"nu qazana bilər.

Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. E.Teoxarusun Kaspar Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı da məhz adıçəkilən şəxsdir.

Bununla yanaşı, Avropada erməni lobbisinin sifarişlərini yerinə yetirən şəxslərdən biri Almaniya-Ermənistan Forumunun təsisçisi, Bundestaq deputatı Albert Vayler ölkəsində erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində şübhəli şəxs kimi dindirilib.

Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın da adının hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. A.Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.

Ümumilikdə, E.Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, Avropa siyasi mühitində siyasi korrupsiya araşdırılmalıdır. O, SİA-ya bildirib ki, bu şəxslərin fəaliyyəti bilavasitə müvafiq korrupsiya əməlləri ilə bağlıdır: "Biz Avropa Parlamentində, Avropa Şurasında belə şəxslərin fəaliyyətini birmənalı qiymətləndirməliyik və ciddi araşdırmalar olmalıdır. Təəssüf doğuran amil odur ki, Avropa siyasətçiləri hansısa şirkətlərdən, lobbi qruplardan vəsaitləri alır və nəticədə bu istiqamətdə erməni qrupları Avropa mühitində çox ciddi fəaliyyət göstərirlər. Ona görə də biz bu araşdırmaları tələb etməliyik".

A.Mollazadə əlavə edib ki, qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus kimi Avropa Parlamentinin bəzi nümayəndələri öz ölkələrinin, xalqlarının maraqlarından çıxış etmir, erməni lobbisinin, diasporunun siyasətini həyata keçirir: "Əslində, Avropa Parlamentində erməni diasporunun yaratdığı korrupsiyanın ciddi araşdırılmasının vaxtı çatıb. Buna həqiqətən böyük bir ehtiyac var. Çünki bir neçə belə qərarlar əslində, Avropa İttifaqının siyasətinə ziddir. Tam aydındır ki, bu cür qərarlar arxasında məhz siyasi korrupsiya və erməni lobbisinin fəaliyyəti durur. Eleni Teoxarusun hərəkətləri Avropa Parlamentinin, bütövlükdə Avropa İttifaqının siyasətinə ziddir. Bilavasitə onun erməni diasporu ilə əməkdaşlığı nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri baş tutur. Bu baxımdan ehtiyac var ki, erməni lobbi qruplarının Avropada apardığı korrupsiya fəaliyyəti ciddi araşdırılsın və ona hüquqi qiymət verilsin".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, qanlı separatçılıq və etnik təmizləməni təşviq edən əməllər həm də şüurla, beyinlə bağlı məsələlərdir: "Normal adamlar, yəni dünyanın siyasəti elitası ərazi bütövlüyü prinsipini dəstəkləyir. Çünki bu sabitliyin bir əsasıdır. Amma adam var ki, ruhi xəstədir və onun müəyyən problemləri var. Bunlar əvvəldən axıra qədər də separatçılığı dəstəkkəyirlər".

Mərkəz sədrinin sözlərinə görə, E. Teoxarusla bağlı vəziyyət fərqlidir: "Eleni Teoxarusun adının Albaniya Respublikasında "qara siyahı"ya salınması əslində, onun Ermənistanla, Dağlıq Qarabağla bağlı mövqeyini gizlətmək üçündür. Yəni onun əsas məqsədi Qarabağ ermənilərinə müstəqillik əldə etməkdir. Çünki bilirsiniz ki, Kipr özünü tarixən Osmanlı imperiyasından əziyyət çəkmiş xalqlar sırasında görür və ermənilərlə təxminən özlərini müttəfiq bilirlər. Bu baxımdan onlar özlərinə borc bilirlər ki, ən azı erməniləri də özləri kimi müdafiə etsinlər. Yunanıstanda, Kiprdə də belə adamlar var. Bu mənada Eleninin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinə, separatçılarına dəstək verməkdir. O, tək erməni mövzusunda özünü fokslandırmaq istəmir. Yəni kiprli deputat istəmir ki, adı yalnız erməni məsələsində, Qarabağ məsələsində hallansın. İşin də əsas mahiyyəti antiosmançılıqdır. Osmanlı imperiyası yoxdur, amma Osmanlı imperiyasının düşmənləri indi də var".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə hesab edir ki, Avropa Parlamentinin üzvü E.Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur. O, "Trend"ə bildirib ki, Avropa Parlamentinin Kiprdən olan bu üzvünün beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyinin, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub: "Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib. Əlbəttə ki, Albaniyanın belə bir qərarı heç də təəccüb doğurmur və bunun heç də bu qəbildən olan sonuncu qərar olmayacağını təxmin etmək olar".

E.Teoxarusun Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan K.Karampetyanla sıx əlaqələrinə toxunan B.Quliyev qeyd edib ki, kiprli deputatın Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də "arzuolunmaz şəxslər siyahısı"na daxil olunması erməni lobbisinin də növbəti ifşasıdır: "Görünən odur ki, Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur və onun siyasi fəaliyyətinin fəlsəfəsini Avropa qitəsində ekstremizmi yaymaq təşkil edir".

Ceyhun ABASOV

 





15.11.2018    çap et  çap et