525.Az

Elçin Əhmədov: “Ermənistanın mövqeyi münaqişənin mahiyyətini əks etdirmir”


 

Elçin Əhmədov: “Ermənistanın mövqeyi münaqişənin mahiyyətini əks etdirmir”<b style="color:red"></b>

“Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyinin səsləndirdiyi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasəti aparması və demoqrafik tərkibi qəsdən dəyişdirməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsi talan etməsi ciddi narahatlıq doğurur”.

Bu sözləri “525”ə açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməkdir: “Bu baxımdan Ermənistan baş nazirinin BMT Baş Assambleyasının 73-cü sessiyasında, son günlərdə isə Paris Sülh Forumunda çıxışı, eyni zamanda,  qondarma rejimin 30 illiyi ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət edir, eləcə də beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Çünki Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və 26 il əvvəl Xocalı soyqırımını törədib və tarixən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburi köçkün düşüb”.

E.Əhmədov qeyd edib ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır: “Problem yalnız Azərbaycanın ərazi bütövlüyü  və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı  beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir”.

Siyasi elmlər doktoru bildirib ki, münaqişənin nizama salınması prosesində Azərbaycan və Ermənistan tərəflərinin mövqelərində ciddi fərqlər qalmaqdadır: “Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Növbəti mərhələdə isə Dağlıq Qarabağdan olan məcburi köçkünlər doğma yurdlarına qayıtdıqdan sonra status məsələsi ilə bağlı məsələlər aydınlaşmalıdır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar. 2008-ci il noyabrın 2-də Moskva yaxınlığında “Mayndorf” qəsrində   Rusiya, Azərbaycan və Ermənistan  prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəd də məhz bu yanaşmanı təsdiq edir”.

Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə professor qeyd edib ki, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırlar: “Ancaq er­mə­­ni­lər öz müqəddəratını təyinetmə hüququndan hələ əsrin əv­vəl­lə­rində ən yüksək səviyyədə istifadə edərək Ermənistan Respublikasını yaradıb­lar. Dağ­lıq Qarabağ bölgəsinin er­mə­ni­ləri isə müstəqil Azərbay­­can dövlətində yaşayan milli azlıqlardan biridir. Bey­nəl­­xalq hüquq normala­rına görə milli azlıqlar öz müqəddə­rat­la­­rını təyin edə bi­lər­lər . Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müs­təqil dövlətin ərazisində yaşayan milli az­­lıqların belə hü­­quq­ları yoxdur. Bu baxımdan, ermənilərin öz mü­qəddəratını təyinetmə hüqu­qu­nu bəhanə etməsi bey­nəl­xalq hüquq normalarının kobud şəkildə pozul­ma­sı deməkdir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər”.

Ermənistan tərəfinin aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakını təmin etməyə çalışdıqlarını deyən E.Əhmədov bildirib ki, bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil: “Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər”.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri vurğulayıb ki, münaqişənin nizamlanması prosesində Azərbaycan dövləti və onun başçısı  İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir: “Münaqişə həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən prezident dünya ictimaiyyətinə bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönəcək”.

E.Əhmədov hesab edir ki, böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidir: “Azərbaycan dünya birliyini Ermənistanın regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və  rəsmi İrəvanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş  səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək”.

Ceyhun ABASOV

 





15.11.2018    çap et  çap et