525.Az

Fransa vasitəçilik institutunu tərk etməlidir


 

ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDR DÖVLƏTİ ÜZƏRİNƏ GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRƏ ZİDD OLARAQ, ERMƏNİ SEPARATÇISI BAKO SAAKYANIN PARİS SƏFƏRİNƏ ŞƏRAİT YARATDI

Fransa vasitəçilik institutunu tərk etməlidir<b style="color:red"></b>

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri ölkə ictimaiyyətinin sərt reaksiyası ilə qarşılanıb.

Hesab olunur ki, bu səfərə şərait yaratmaqla rəsmi Paris ənənəvi olaraq ermənipərəst siyasət yürütdüyün nümayiş etdirir.

Təsadüfi deyil ki, oktyabr ayında Frankafoniya sammitində iştirak etmək üçün İrəvana 3 günlük səfər reallaşdıran Fransa prezidenti Emmanuel Makron tarazlığı qorumaq üçün Azərbaycana gəlmədi. Bu ölkədən fərqli olaraq, ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri ortaya real iş qoymasa da, məsələnin həssaslığını nəzərə alaraq balansı pozmamağa çalışır.

Ancaq Fransa siyasətçiləri erməni separatçılarıyla intensiv əlaqələr qurmaqla tərəfsizliyi pozur, vasitəçilik missiyasına yaraşmayan mövqe sərgiləməkdə israrlı olduqlarını sərgiləməkdədirlər. Bu ölkənin ayrı-ayrı şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında "qardaşlaşma" sazişləri imzalayırlar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür.

Eyni zamanda, Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları bu ölkənin sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar.

Fransanın Xarici İşlər Nazirliyi və Azərbaycandakı səfirinin "Fransa Dağlıq Qarabağ Respublikası"nı tanımır", - deyə bəyanatı kifayət etmir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Halbuki Fransa birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin bu prinsiplər əsasında həllini dəstəkləməlidir. Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmədiyi halda, erməni separatçılarına bu imkanın yaradılması ikili standartlar siyasətinin bariz sübutudur.

Bundan başqa, Fransa Avropa İttifaqı daxilində aparılan müzakirələrdə Azərbaycan ilə əlaqələrinin inkişafına maneə yaradır. Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa prezidentinin çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirməsi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumulur. Ona görə də, Fransanın qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alaraq, bu ölkənin Minsk qrupunda həmsədrliyinə xitam verilməlidir.

Hələ ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman rəsmi Paris qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü. Ancaq tarix onu sübut edir ki, rəsmi Bakı mövqeyində heç də yanılmamışdı.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri ilə bağlı etiraz bəyanatı yayıb.

"Azərtac"ın məlumatına görə, bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini kəskin şəkildə pisləyir və hiddətini ifadə edir.

Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülmür: "Fransa hökumətinin dəfələrlə təkrarlanan bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti və təsirli addımlar atmaması qəbuledilməz haldır. Fransa Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir. Həmçinin, Fransa hökuməti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının etnik təmizləməyə məruz qaldığını və fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəfli və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabərhüquqluluq prinsiplərini pozur. Bu mənada Fransa müxtəlif təəssübkeşlik hissləri ilə ayrı-seçkiliyə əsaslanan siyasət yürüdür".

Bəyanatda, həmçinin vurğulanır ki, bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmaqla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir: "Nəhayət, Fransa tərəfi başa düşməlidir ki, bu kimi qərəzli və qeyri-obyektiv əməllər Dağlıq Qarabağın Azərbaycan icması və bütövlükdə Azərbaycan ictimai rəyində Fransanın nüfuzuna ciddi xələl yetirir. Əgər Fransa münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətindədirsə, onda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabərhüquqlu əsasda etnik barışığı və dialoqu dəstəkləməlidir. Fransa tərəfi də bilməlidir ki, etnik təmizləmə siyasətinə məruz qalmış və doğma torpaqlarından qovulmuş azərbaycanlıların yalnız öz doğma ərazilərinə qayıtması halında regionda dayanıqlı və ədalətli sülhün təmin olunması mümkün ola bilər".

Ceyhun ABASOV

 





16.11.2018    çap et  çap et