525.Az

Dram Teatrının növbəti uğuru - Fotolar


 

Dram Teatrının növbəti uğuru - <b style="color:red">Fotolar</b>

Noyabrın 14-də Azərbaycanın Akademik Milli Dram Teatrı Toktobolot Abdumomunov adına Qırğız Milli Akademik teatrın binasında “Manqurt” tamaşasını təqdim edib.

Teatrın görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında iştirakı Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. 

Səhnə əsərini Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Joqorku Keneşin (parlament) deputatları, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, diasporamızın fəal üzvləri, Qırğızstanın tanınmış ictimai və mədəniyyət xadimləri, görkəmli ziyalıları, kütləvi informasiya vasitələrinin nümayəndələri də izləyiblər.

Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Obrazları Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev canlandırıblar.

Maraqlı quruluşu, aktyorların peşəkar oyunu, rəngarəng musiqi tərtibatı ilə “Manqurt” tamaşası böyük uğurla nümayiş etdirilib və Bişkek tamaşaçıları tərəfindən böyük hərarət və sürəkli alqışlarla qarşılanıb.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov tamaşadan sonra yaradıcı heyətlə görüşərək, onlara gözəl oyun üçün təşəkkürlərini bildirib və yeni uğurlar arzulayıblar.

Tamaşadan sonra keçirilən müzakirədə münsiflər heyətinin üzvləri–münsiflər heyətinin sədri, Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyev, Tacikistan Respublikasının Xalq yazıçısı Ato Xocayev, Qırğız Respublikasının Xalq artisti Qülsarə Əjibekova, Qazaxıstanın Əməkdar əməkdaşı, M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrının baş direktoru Asxat Mayemirov, Adana Teatrının baş direktoru İsmail Dikilitaş, Qırğızıstan Respublikasının Teatr Xadimləri Birliyinin sədri Janış Kulmanbetov, teatr tənqidçisi Eleonora Turdubekova tamaşa ilə bağlı müsbət fikirlər söyləyib, quruluşu və aktyor oyununu yüksək qiymətləndiriblər. 

Şahanə MÜŞFİQ

 





16.11.2018    çap et  çap et