525.Az

“Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası”


 

BDU-nun FİLOLOGİYA FAKÜLTƏSİNDƏ RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB

“Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası”<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyilə bağlı “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı təşkil edilib. 

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov bildirib ki, 2018-ci ildə fakültə Azərbaycan filologiyasının üç nəhəng simasının – görkəmli alim Bəkir Çobanzadənin 125 illiyilə bağlı beynəlxalq səciyyəli tədbir, böyük ədibimiz Mir Cəlalın 110 illiyinə və prezident İlham Əliyevin 24 oktyabr 2017-ci il tarixli Sərəncamı əsasında Hüseyn Cavidin 135 illik yubileylərinə həsr olunmuş respublika səviyyəli iki elmi konfrans təşkil edib.

Keçirilən konfransın əhəmiyyətindən danışan dekan böyük mütəfəkkirin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələr, Ümummilli lider Heydər Əliyevin şairin irsinin qorunması ilə bağlı gördüyü işlər, həmçinin ölkəmizdə cavidşünaslığın inkişaf istiqamətləri barəsində ətraflı məlumat verib.    

BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə “Taleyi xalqının qədəri ilə bir yazılmış “səma şairi” adlı məruzəsində XX əsrin 30-40-cı illərində repressiyaya məruz qalmış minlərlə azərbaycanlının faciəli sürgün həyatından danışıb, totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin keşməkeşli ömrü yoluna nəzər salıb, ötən əsrin ortalarında sürgündən geri qayıtmış soydaşlarımıza, o cümlədən H.Cavid irisinə Ulu öndər Heydər Əliyevin göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.

“Cavid şəxsiyyəti və sözü zamanın işığında (H.Cavid haqqında bəzi düşüncələrim)” mövzusu ilə çıxış edən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı Hüseyn Cavidin həm böyük şair, həm də görkəmli dramaturq kimi Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən, bədii fikrin inkişafındakı rolundan və bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən danışıb.

Qeyd edək ki, gənc tədqiqatçıların və tələbələrin də fəallığı ilə diqqət çəkən konfransın materiallar toplusunda respublikamızın 15 elm və ali təhsil müəssisəsindən ümumilikdə 104 məqalə çap olunub. 



 





16.11.2018    çap et  çap et