525.Az

Əsgər Rəsulov: "Milli Arxiv İdarəsi beynəlxalq əməkdaşlığa xüsusi önəm verir"


 

Əsgər Rəsulov: "Milli Arxiv İdarəsi beynəlxalq əməkdaşlığa xüsusi önəm verir"<b style="color:red"></b>

“Milli Arxiv İdarəsi beynəlxalq əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir. Bu yaxınlarda Finlandiya Milli Arxivi ilə əməkdaşlıq haqqında memorandum imzalamışıq. Bununla yanaşı, Türkiyə, Rusiya, İsveç, Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna, Polşa, Rumıniya və digər ölkələrlə də əməkdaşlıq səviyyəsini qarşılıqlı şəkildə müəyyən edən rəsmi sənədlər imzalanıb”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov deyib.

Qurum rəhbəri bildirib ki, bu əlaqələr sözügedən ölkələrin arxivlərində mühafizə edilən Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə və digər sahələrə aid sənədləri müəyyənləşdirərək surətlərini çıxarıb ölkəmizə gətirməyə imkan verir.

"Tanınmış ictimai-siyasi xadim, tədqiqatçı Ramiz Abutalıbov Fransa Milli Arxivində araşdırma apararaq Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri olmuş, sonradan mühacir həyatı yaşamış bir sıra görkəmli şəxslər barəsində, o cümlədən, Ceyhun Hacıbəyli, Ümbülbanu Əsədullayeva və digərlərinə aid arxiv sənədlərin surəti, həmçinin arxivçilərimiz tərəfindən Türkiyədən, Osmanlı arxivindən ölkəmizə məxsus bir sıra sənədlərin elektron nüsxələri, qardaş ölkənin digər dövlət arxivlərində saxlanılan Əhməd Ağaoğluya, habelə Gürcüstan arxivlərində saxlanılan Mirzə Fətəli Axundzadəyə aid bir neçə fotoşəkilin və digər sənədlərin surətləri ölkəmizə gətirilib.

Beynəlxalq əlaqələr çərçivəsində, Çanaqqala döyüşlərində iştirak etmiş azərbaycanlılarla bağlı araşdırma aparılması, həmçinin Azərbaycan ərazilərində ermənilərin törətdiyi soyqırımı və qətliamlarla bağlı türkiyəli tədqiqatçılarla hər iki tərəfdə arxiv sənədlərin üzə çıxarılması məqsədilə əməkdaşların qaraşlılıqlı səfərləri təşkil edilib. Əməkdaşlarımız MDB ölkələri arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının iclaslarında, Fransa, Türkiyə, Koreya Respublikası, Malayziya, Rusiya və digər xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edirlər. Bütün bunlar beynəlxalq əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir", - deyə Əsgər Rəsulov bildirib.

 





16.11.2018    çap et  çap et