525.Az

Ədliyyə sisteminin inkişafı beynəlxalq hüquqi əlaqələrin genişlənməsi ilə müşayiət olunur


 

Ədliyyə sisteminin inkişafı beynəlxalq hüquqi əlaqələrin genişlənməsi ilə müşayiət olunur<b style="color:red"></b>

- Adil müəllim, öncə Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə sizi təbrik edirik. Noyabrın 22-nin ədliyyə işçilərinin peşə bayramı günü elan olunması nə ilə bağlıdır?

- Çox sağ olun. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində silinməz izlər buraxmışdır. Həmin dövrdə hüquq sisteminin fəaliyyətinə mühüm əhəmiyyət verilərək, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə Azərbaycan ədliyyəsi öz tarixinin mühüm mərhələsinə qədəm qoymuş, 1918-ci ilin noyabr ayının 22-də nazirliyin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur. Bu faktı nəzərə alan ulu öndər Heydər Əliyev məhz 22 noyabr tarixini peşə bayramı günü elan etməklə ədliyyə işçilərində mənəvi stimul yaratmış və ədliyyə tariximizə hörmət ruhunu aşılamışdır.

Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə, ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilmiş, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Əfsuslar olsun ki, Cümhuriyyətin ömrü çox çəkmədi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ədliyyə orqanlarının dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törətmişdir. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə sistemi Ulu Öndərin istər sovet hakimiyyəti dövründə, istərsə də 1991-ci ildə müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra ölkəyə rəhbərlik etdiyi illərdə diqqətdən kənarda qalmamış, aparılmış köklü islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yolu keçmiş, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün mühüm qərarlar qəbul edilmiş, digər dövlətlərlə beynəlxalq hüquqi sahədə əməkdaşlıq qurularaq uğurla həyata keçirilməyə başlamışdır. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət inkişafı kursu ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək Azərbaycan ədliyyəsi respublikamızın hərtərəfli tərəqqisinə uyğun təkmilləşmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar, həm də beynəlxalq hüquqi əlaqələrin genişlənməsi ilə müşayiət olunmuşdur.

- Ötən dövrdə Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı sahəsində fəaliyyəti nədən ibarətdir?

- Öncə onu qeyd edim ki, Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığa böyük əhəmiyyət verilərək nüfuzlu beynəlxalq təşkilatlar və digər dövlətlərin ədliyyə orqanları ilə əməkdaşlıq münasibətləri daim genişləndirilir, ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı mütəmadi qabaqcıl beynəlxalq təcrübələr öyrənilir, beynəlxalq müqavilələrin layihələrinin hazırlanması, razılaşdırılması və bağlanması, habelə ölkəmizin tərəfdar çıxdığı müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üzrə əsaslı işlər görülür.

Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti xarici əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə yanaşı, həm də beynəlxalq hüquqi əməkdaşlığı özündə ehtiva edir. Belə ki, Ədliyyə Nazirliyi Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını təmin edir, müxtəlif sahələrdə hüquqi yardım göstərilməsi, o cümlədən, cinayət törətmiş şəxslərin təslim edilməsi, məhkumların verilməsi və digər məsələlərlə məşğul olur.

Respublikamızın xarici dövlətlərlə hüquqi əməkdaşlığının dərinləşdirilməsi, ədliyyə orqanları və hüquqşünaslar arasında qarşılıqlı fəaliyyət və dostluq əlaqələrinin inkişafı, iki tərəf üçün maraq kəsb edən müxtəlif tədbirlərin həyata keçirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Avropa, Asiya və Afrika qitələrindən olan 32 dövlətin Ədliyyə Nazirlikləri ilə əməkdaşlıq haqqında sənədlər imzalanmışdır. Bu sənədlərin imzalanması həmin dövlətlərlə hüquqi sahədə münasibətlərin təşviqinə təkan vermiş, dövlətlərimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət etmişdir. Bu sazişlər əsasən ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə məlumat və təcrübə mübadiləsini, hakimlərin, ədliyyə işçilərinin və digər hüquqşünasların ixtisasının artırılmasını və sair tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Xüsusilə vurğulanmalıdır ki, həmin sənədlərin bir çoxu ölkə Prezidentin səfərləri çərçivəsində imzalanmışdır.

Hüquq sisteminin inkişafı, innovativ texnologiyaların tətbiqinin geniş vüsət alması, beynəlxalq normaların və təcrübənin implementasiyası yeni sahələr üzrə əməkdaşlığın genişləndirilməsini zəruri etmişdir. Bununla əlaqədar son illər ərzində bağlanan sazişlərə elektron ədliyyə, probasiya və mediasiya ilə bağlı müddəalar daxil edilərək bu sahədə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Bir sıra ölkələrin Ədliyyə nazirlikləri ilə hüquqi informasiya mübadiləsi və ekspertiza sahəsində də sazişlər imzalanmışdır, məsələn, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna və Belarus.

İnformasiya mübadiləsi haqqında sazişlərin məqsədi tərəflər arasında hüquq sahəsində əməkdaşlığı genişləndirmək, hər iki dövlətin qanunvericiliyi haqqında qarşılıqlı məlumatlandırmanı yaxşılaşdırımaqdır.

Ekspertiza sahəsində sazişlərin mahiyyəti isə məhkəmə ekspertizası və kriminalistikanın müasir metodlarından və vasitələrindən fəal istifadə etməklə cinayətkarlığa qarşı mübarizəni gücləndirmək, adıçəkilən sahədə əsas problemlər üzrə birgə elmi işlərin aparılması, məhkəmə ekspertizasının mövcud metodlarının təkmilləşdirilməsi və yenilərinin yaradılması, ekspert praktikası məsələləri üzrə təcrübə mübadiləsinə həyata keçirməkdir.

- Bəs nazirliyin beynəlxalq hüquqi əməkdaşlığı hansı müqavilələr əsasında həyata keçirilir?

- Məlum olduğu kimi, ölkəmiz BMT, Avropa Şurası, MDB-nin və digər beynəlxalq təşkilatların hüquqi sahədə əməkdaşlığı tənzimləyən bütün əsas instrumentlərinin iştirakçısıdır və öz üzərinə götürdüyü öhdəliklərin lazımınca icrası üçün tədbirlər görür.

Ədliyyə Nazirliyi adıçəkilən beynəlxalq təşkilatlar və Haaqa Konfransı çərçivəsində qəbul edilmiş 16 çoxtərəfli konvensiya üzrə əlaqələndirici orqan qismində çıxış edir. Bu konvensiyalar mülki, ailə, cinayət işləri üzrə hüquqi yardım, məhkəmə və arbitraj qərarlarının tanınması və icrası, habelə ekstradisiya və məhkumların cəza çəkmək üçün verilməsi və digər sahələrlə bağlı münasibətlərdən irəli gələn məsələləri tənzimləyir.

Məlumat üçün bildirim ki, mülki işlər üzrə hüquqi yardım haqqında konvensiyaların şərtlərinə görə müqavilədə iştirak edən dövlətlərin vətəndaşları digər tərəfin ərazisində hüquqi mənafelərinin həyata keçirilməsində və qorunması zamanı digər tərəfin vətəndaşları ilə eyni şərtlər əsasında ədliyyə idarələrinə müraciət etmək hüququna malik olurlar. Bu müqavilələr mühüm əhəmiyyətə malikdir və qarşılıqlı sürətdə vətəndaşlar üçün əlverişli hüquqi rejimin təmin edilməsinə xidmət edir.

Qısaca izah edim ki, həmin konvensiyalara əsasən tərəflərin vətəndaşları olduqları yeri tərk etmədən və heç bir ödəniş etmədən özlərinə və ya nümayəndəsi olduqları şəxslərə aid vətəndaşlıq aktlarının qeydiyyatı (doğum, nikah, boşanma, ölüm, atalığın müəyyən edilməsi, övladlığa götürülmə və s.), təhsil, əmək, əmlak, məhkumluq, vətəndaşlıq və s. ilə bağlı sənədləri əldə edə bilir, habelə alimentin, borcun, dəymiş ziyanın və digər məsələlərlə bağlı tərəflərin məhkəmələri tərəfində çıxarılmış qərarların qarşı tərəfin ərazisində tanınmasını və icrasını tələb etmək imkanına malik olurlar.

Cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara əsasən əməkdaşlıq tərəflərin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, dindirilməni, axtarışı, həbsi və s. yollarla həyata keçirilir.

Beynəlxalq cinayət hüququnun ən qədim institutlarından olan ekstradisiya dedikdə, bir dövlətin ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə digər dövlətə verilməsidir.

Azərbaycan dövləti xoş niyyət nümayiş etdirərək, 2001-ci ildə təslimetmə və hüquqi yardım sahəsində xüsusi qanunlar qəbul etmişdir ki, bu da qeyd olunan sahələrdə müqavilələrin mövcud olmadığı hallarda belə əməkdaşlığa imkan yaradır.

Bəzən ekstradisiya ilə məhkumların verilməsi prosesləri ya eyniləşdirilir, ya da bir-biri ilə səhv salınır. Bir dövlətdə cinayət törətmiş hər hansı bir şəxs və ya şəxslər digər dövlətə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə təslim edilir, yəni ekstradisiya olunur. Məhkumların verilməsi isə, artıq barəsində qanuni qüvvəyə minmiş hökm olan və olduğu dövlətdə cəza çəkən şəxslərin cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşları olduqları ölkəyə verilməsi prosedurudur. Bu sahədə müqavilələr ədalət mühakiməsinin mənafeyinə və cəza çəkən şəxslərin cəmiyyətdə normal həyata qayıtmasına xidmət edir, eləcə də məhkum edilmiş şəxslərə vətəndaşları olduqları ölkədə cəza çəkmələri üçün onların cəmiyyətə inteqrasiya prosesini gücləndirir və ailələrinə yaxın olmaq imkanı yaradır.

Qeyd etdiyimiz Avropa Konvensiyaların əhəmiyyəti nəzərə alınaraq onlara hətta üçüncü ölkələr, məsələn, ABŞ, Meksika, İsrail, Koreya, Cənubi Afrika, Braziliya, Çili kimi dövlətlər də qoşularaq müvafiq sahədə əməkdaşlıq məhz bu konvensiyalar əsasında həyata keçirilir.

Eyni zamanda, bəzi ölkələr çoxtərəfli müqavilələrə qoşulmadığı üçün onlarla ekstradisiya və məhkumların verilməsi sahəsində ikitərəfli müqavilələr imzalanmışdır, məsələn, İran, Çin, Hindistan, Mərakeş, Əlcəzair, Pakistan.

Ümumiyyətlə, Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası adından 18 dövlət ilə hüquqi yardımın müxtəlif sahələrinə aid 43 beynəlxalq müqavilə imzalanmışdır.

Nazirliyin beynəlxalq hüquqi əlaqələrinin genişlənməsi nəticəsində beynəlxalq öhdəliklərin icrası üzrə iş yükü ilbəil çoxalmışdır. Təkcə son 5 il ərzində mülki, ticarət, ailə və cinayət işlərinə dair hüquqi yardımla bağlı 65 mindən çox beynəlxalq sənəd və sorğu daxil olmuş, nazirlik tərəfindən isə Azərbaycan vətəndaşlarının əmlak və şəxsi qeyri-əmlak hüquqlarının qorunması, hüquqi xidmətin göstərilməsi, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası və s. məsələlərlə bağlı digər ölkələrin ədliyyə qurumlarına 55 minədək sorğu və s. sənədlər göndərilmişdir. Cəzasının qalan hissəsinin çəkilməsi üçün son illər ərzində ölkəmiz yüzlərlə məhkumu qəbul etmiş və ya müxtəlif dövlətlərə təhvil vermiş, 4 minədək beynəlxalq sənəd layihəsinin hüquqi ekspertizası keçirilmişdir.

Beynəlxalq hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi və yaxşı təcrübələrin bölüşülməsi üzrə tədbirlər davam etdirilir. Yubiley ilində Türkiyə, Latviya, Əlcəzair ədliyyə nazirlərinin və Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyinin yüksək səviyyəli rəhbər şəxslərinin respublikamıza, həmçinin, ölkəmizin ədliyyə nazirinin Latviya, Avstriya və Xorvatiyaya ikitərəfli və işgüzar səfərləri baş tutmuş, əməkdaşlığın inkişaf perspektivlərinə dair məhsuldar görüşlər, danışıqlar keçirilmişdir.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan tədbirlərdə geniş ictimaiyyətin nümayəndələri ilə yanaşı, xarici dövlətlərin təmsilçilərinin, beynəlxalq tərəfdaşlarımızın da iştirakı, faydalı fikir və təcrübə mübadiləsinin aparılması gözlənilir.

Bu gün yeni-yeni nailiyyətlərlə yüz illik tarixinin parlaq səhifələri yazan Azərbaycan ədliyyəsinin bundan sonra da uğurla inkişaf edəcəyi, fəaliyyət istiqamətləri üzrə, o cümlədən, beynəlxalq hüquqi əməkdaşlığın daha da genişləndirilməsi sahəsində qarşıda duran vəzifələrin layiqincə yerinə yetirəcəyi şübhəsizdir və ədliyyə işçiləri Azərbaycan ədliyyəsinin davamlı inkişafına öz töhfələrini vermək əzmindədirlər.

Sevinc QARAYEVA

 





20.11.2018    çap et  çap et