525.Az

Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində


 

Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Çox keçmir ki, Atabəyin hakimiyyətinin Naxçıvan dövrü başlayır. Xaşxaşilərin bütün cəhdlərinə baxmayaraq, onların xəyanətlərinin üstü açılır... Naxçıvan Azərbaycan dövlətinə xəyanət edənlərin qarşısında alınmaz qalaya çevrilir.

Və romanın dramatik əsasını təşkil edən Atabəy - xaşxaşilər qarşıdurması başlayır...

"Sahibiəzəm əvvəl istədi desin ki, get, amma yadına verəcəyi o biri tapşırıqlar düşdü. "Necə olub ki, əsas tapşırığı yadımdan çıxarmışam". Bu sualı özü-özünə verdi:

- Hə, əsas məsələ, Arranda, Azərbaycanda, əsas da Naxçıvanda şəhid olan fədailərimizin yerlərini doldurmaq lazımdır. Bu boşluğu uzun müddət saxlamaq olmaz. Bizim zəif olmağımızı heç kim görməməli, heç kim hiss etməməlidir. Bu, bizim hakimiyyətimizin rəhnidir, - dedi, sonra da əlavə etdi: - O, kölənin və ləçərin qətlindən hələ vaz keçməmişəm".

Yazıçının sənətkarlığıdır ki, romanda əsas konflikti daim nəzərdə saxlamaqla yanaşı, dövrün müxtəlif xarakterli, xüsusilə etnik ziddiyyətlərini də nəinki unutmur, əksinə, onlara elə bir miqyas verir ki, bu, əsərin əsas konfliktinin ideya-estetik interpretasiyası üçün strateji kontekstə, bütövlükdə isə, müəllif məramını anlamaq baxımından metadoloji prinsipə çevrilir...

... Xalqı Atabəy hakimiyyətindən narazı salmaq üçün hər cür nalayiq hərəkətlər edən Gəncə hakiminin cəzalandırılması barədəki epizodlar, elə bilirik ki, romanın ən maraqlı, ən təsirli səhifələrini təşkil edir. Və bu səhifələrdə gənc Cahan Pəhlivanın xarakteri də açılır...

... Arslanşahın varis kimi Həmədanda sultan taxtına oturması ilə Atabəyin hakimiyyət hüdudları daha da genişlənir. Və o, bu səlahiyyətdən istifadə edib öz dövlətçilik arzularını daha inamla həyata keçirməyə başlayır... Roman belə bir əbədi ideyanı növbəti dəfə təsdiq edir ki, əsilzadə təsadüfən köləyə çevrilsə də, ömrü boyu belə qala bilməz. Damarlarında qaynayan ehtiraslı qan onu əvvəl-axır hakimiyyətə, layiq olduğu məqama gətirib çıxaracaqdır. Hakimiyyəti şərəfsizliklə əldə edənlər isə onu həmin şərəfsizliklə də itirəcəklər...

Nə xəlifə, nə də onun təhriki ilə Atabəyə qarşı çıxanlar heç nəyə nail ola bilmirlər...

"Beləliklə, Böyük Atabəy çox qısa müddətdə geniş bir ərazini - Qafqaz dağlarından tutmuş ta Kəngər (Fars) körfəzinə qədər yerləri öz hakimiyyəti altında birləşdirdi. O, Azərbaycanı, Arranı, Şirvanı, Tiflis qapılarına qədər əraziləri, Cibalı, Həmədanı, Gilanı, Mazandaranı, İsfahanı, Reyi həm idarə edir, həm də o hakimləri, atabəyləri təyin edirdi. Xəzinə xərclərinə o, nəzarət edir, orduya çağırış da yalnız onun icazəsi ilə həyata keçirilirdi.

Sultan və xəlifədən sonra sultanlıqda onun adına xütbə oxunurdu. Mosul, Kerman, Xuzistan, Xilat, Arzan ər-Rum, Marağa atabəyləri və Şirvan hakimi onun vassalı sayılırdı".

Əlamutun Atabəyə qarşı təxribatları heç bir nəticə vermir. Mayası doğruluqdan yoğrulmuş bir hakimiyyəti özünün şərəfsiz iddialarına, məqsədlərinə tabe etməyə heç bir qüvvənin gücü çatmır... Əgər çatsaydı, bu dünyaya gəlməyin (və bu dünyada yaşamağın!) bir mənası olardımı?..

1175-ci ildə əvvəl Möminə Xatun, onun qırxı çıxmamış Atabəy Şəmsəddin Eldəniz haqq dünyasına qovuşdular... "Cahan Pəhləvan 1187-ci ildə, Qızıl Arslan isə 1191-ci ildə xaşxaşilər tərəfindən qətlə yetirildi. Atabəylər sülaləsi 1226-cı ilə qədər Azərbaycan və İraq Sultanlığını idarə etdi...

Yalnız 1258-ci ildə Hülaki xan hiylə ilə Əlamut qalasını ələ keçirib, xaşxaşilərin fəaliyyətinə son qoydu. Hülaki xan Əlamut qalasında iyirmi il həbsxana həyatı yaşamış Nəsrəddin Tusini azad edib, özünə vəzir təyin etdi. Elə o vaxtdan da Bağdad xəlifəliyi ləğv olundu"...

Yunus Oğuzun bu romanı ilk növbədə Atabəyin romanıdır... Ancaq burada Bərdə də var, Gəncə də, Naxçıvan da... Nizami Gəncəvi də var, Əcəmi Naxçıvani də... Keçmişimiz də var, gələcəyimiz də... Bu, bizim tariximizin (və taleyimizin!) romanıdır... Xeyiri ilə, Şəri ilə!..

lll

Azərbaycan ədəbiyyatını bir-birinin ardınca (və kifayət qədər böyük istedadla) qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2017-ci ilin məşhur aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, məzmun-mündərəcəsinə, metafizikasına, mahiyyətinə daha dərindən varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyindən irəli gəlir.

"Ovçu" romanı (və onun müəllifi), ilk növbədə, bizim yaddaşımızdakı belə bir məlum fəlsəfi müddəanı təzələyir (və təfərrüatca zənginləşdirir) ki, tarix özünəməxsus şəkildə təkrar olunduğuna görə, onun gərdişindən dərs almayan xalqlar çox tez-tez "sürprizlər"lə qarşı-qarşıya dayanmalı olurlar. Ancaq görünür, müəllifin (və "Ovçu"nun) əsas ideyası, tarixdən (istər Alp Arslan, istərsə də Nadir şah dövrlərindən) nə qədər tutarlı "misallar" gətirsə də, həmin məlum fəlsəfi müddəanın xatırladılmasından daha çox, 2017-ci ilin məşhur aprel hadisələrinin tarixi məzmununun bütün miqyası ilə fəlsəfi-estetik dərkinə xidmət edir.

Azərbaycan ordusu 2016-cı ilin aprel ayının ilk günlərində Ali Baş Komandanın öndərliyi ilə, doğrudan da, tarixlərə sığmayan bir Tarix yaratdı ki, Yunus Oğuz "Ovçu"da həmin Tarixi yazmışdır. Və nəzərə alsaq ki, bu Tarix barədə bundan sonra hələ çox yazılacaqdır, Yunus Oğuzun əsərinin dəyəri bir də onunla müəyyən edilir ki, o, ilk böyük işi görmüş, ilk uğurlu ideya-bədii təfsir modeli təqdim etmişdir.

Romanda üç Murad haqqında söhbət gedir: XI əsrdə Alp Arslanın Ani qalasını almasına öz yeni silah icadı ilə kömək edən dəmirçi Usta Murad, XVIII əsrdə Nadir şahın hərbi məsləhətçisi olmuş Murad xan və bizim günlərin qəhrəmanı -"Ovçu" ləqəbli hərbi kəşfiyyatçı Murad Mirzəyev...

Tarix hərəkət edir, ictimai-siyasi hadisələrin bir mənzərəsi digərilə əvəz olunur, ancaq dəyişməyən iddialar, maraqlar, konyukturlar mövcuddur ki, onlardan ən mənhusu ermənilərin hakimiyyət hikkəsidir. Və bu hikkə bütün amansızlığı ilə Qriqoryan kilsəsi tərəfindən körüklənərək hər addımda çaxnaşmalar, münaqişələr, faciələr törədir... İnsan mənəviyyatı, qadın ləyaqəti tapdanır. Və ən dözülməzi də odur ki, bütün bunlar hansısa mücərrəd, qeyri-müəyyən məqsədlərə çatmaq üçün bir vərdişə, peşəyə çevrilir... Romanda erməni xislətinin tarixin hər mərhələsində üzə çıxa biləcək yaramazlıqları birbaşa tarixdən alınmış konkret faktlarla təqdim olunur; məsələn, yüz illər boyu himayəsində yaşadıqları Bizansı imkan düşən kimi Səlcuqlara satmaq istəyən erməni heyətini Alp Arslan qapıdan qovur:

Yaxud başqa bir misal... Erməni katalikosu Nadir şaha müraciət edir ki, Qafqazdakı gürcü və Alban kilsələrini erməni kilsəsinə tabe etməkdə onlara kömək göstərsin, ancaq tamamilə təbiidir ki, öz həyasız təklifi (və qeyrətsiz hərəkətləri) ilə şahın qəzəbinə tuş gəlir:

"Katalikos bu sözlərdən zərrəcə tutulmadı, ya da özünü o yerə qoymadı. Hiyləgərcəsinə gülümsəyib cavab verdi:

- Ey böyük şah, bu gözəl erməni qızlarını ona görə gətirmişəm ki, şəxsən sizə xidmət etsinlər, cariyəniz olsunlar.

Onun yaltaq və qeyrətsiz olması şahı acıqlandırdı, əsəbi şəkildə dedi:

- Mənim cariyələrə ehtiyacım yoxdur! Mənim əsgərə ehtiyacım var. Ordumda gürcülər, kürdlər, əfqanlar, bütün qızılbaş tayfaları var, amma bir dənə də olsun tumluq erməni yoxdur. Məgər ermənilərdə kişi tapılmır?"

Məsələ burasındadır ki, bu düşük "mübarizə üsullar"ı yalnız tarixdə qalmır, bu gün də davam edir və müəyyən məqamlarda ermənilərin müvəqqəti "uğurlar" qazanmasına də gətirib çıxarmaqla bütöv bir millət miqyasında xəstə təxəyyülün kütləviləşməsinə rəvac verir.

"Ovçu" Murad ermənilərə yalnız mənsub olduğu xalqın deyil, həm də özünün birbaşa tərcümeyi-halı ilə "borcludur". Onun babası Muradı ermənilər ona görə öldürtmüşlər ki, öz doğma yurdunu tərk etmək istəməmiş, müqavimət göstərmişdi... Və onların Göyçədən silah gücünə qovulan ailəsi minlərlə digər ailələr kimi, Kür-Araz ovalığında, təbiətinə, ab-havasına adət etmədikləri şəraitdə yaşamağa məhkum olmuşdu.

Romanda Muradı peşəkar bir hərbçi olaraq erməni cəbhəsinə gətirib çıxaran hadisə-səbəbləri müəllif böyük ustalıqla təsvir edib əsaslandırır. Sevdiyi qızla nişanlanan Murad öz ailəsini də hərbi həyatın gələcək çətinliklərinə, ağrı-acılarına hazırlayır... Çünki bu, onun taleyi idi...

Azərbaycan hərbçisinin həm peşəkarlıq, həm də vətənpərvərlik və ya mənəvi-psixoloji hazırlıq baxımından daha mükəmməl bir şəkildə yetişməsində milli mənbələrə, örnəklərə əsaslanılması ehtiyacı romanda ciddi ideoloji amil olaraq qabardılıb önə çəkilir... Müdafiə naziri komandası altında olan zabitdən tələb edir ki, Azərbaycan əsgəri Suvorovdan yox, milli hərb tarixindən gətirilmiş nümunələrlə formalaşsın...

"Nadir şah Suvorovdan düz altmış yeddi il qabaq İraqda Yanqız dağını aşaraq düşmənə arxadan zərbə vurdu və bunun nəticəsində bütün İraqı ələ keçirdi. Nəinki İraqı, hətta Hindistanı, Orta Asiyanı da özünə tabe etdi. Nadir şah xristian olsaydı, o zaman Suvorovdan deyil, ondan danışardılar, hərb tarixində ondan misal gətirərdilər. XIX əsrdə onu Şərqin Napoleonuna bənzədirdilər. - Nazir fikirlərini bitirib əsas məsələyə keçdi. - Bütün bunları qısaca ona görə danışdım ki, biləsən. Bizim də şanlı hərb tariximiz var və bu tarixi əsgərlərə, zabitlərə aşılamaq lazımdır. Əsgər hərb tarixi ilə qürur duyanda babalarına bənzəmək, qəhrəmanlıq etmək istəyir".

Əlbəttə, 2016-cı ilin aprel hadisələrinin təsviri müəllifdən yalnız bədii istedad deyil, həm də ciddi siyasi-ideoloji hazırlıq, hərbi işə, onun spesifik texnologiyalarına bu və ya digər səviyyədə bələdlik tələb edir. Və romanda bu baxımdan maraq doğuran, yazıçının istedadının çoxtərəfliliyini, eyni zamanda, aprel hadisələrinin gedişini dərindən izləyib araşdırdığını göstərən məqam - detallar kifyaət qədərdir...

Romanda həm hərbi əməliyyatların gedişi barədə aydın məlumatlar verilir, həm də döyüşlərin hansı strateji nəticələrə gətirib çıxaracağı siyasi-publisistik baxımdan, yeri gəldikcə (və mətnin bədii keyfiyyətinə xələl gətirmədən) ümumiləşdirilir:

"Erməni komandanlığı başa düşürdü ki, düşmən özünə gələn kimi əldən verdiyi yüksəklikləri geri almağa çalışacaq. Bunun da səbəbləri vardı. Hesablanmışdı ki, əgər bu yüksəkliklər geri alınmasa, birincisi, Azərbaycan ordusunda ruh yüksəkliyi qalxacaq, digər yerləri də azad etmək həvəsində olacaq. İkincisi, Azərbaycan iqtidarı xalqın tam dəstəyini alacağı halda, Ermənistanda hakmiyyət tam gözdən düşəcək, orduda rüşvətxorluğun, korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə olduğu aşkarlanacaq. Üçüncüsü, Azərbaycan tərəfi çox güclü beynəlxalq dəstək alacaq. Yalandan məsələni guya sülh yolu ilə həll etmək istəyən dövlətlərə ismarıc göndərəcək ki, mən torpaqları müharibə yolu ilə azad edə bilərəm. Bir sözlə, əgər mövqelər geri qaytarılmasa, Azərbaycan tərəfi öz şərtlərini diqtə edəcək.

Aprel döyüşləri yalnız hərbi-siyasi xarakter daşımır, hər iki tərəfdən mülki əhalinin də psixologiyasına, məişətinə, həyatına birbaşa təsir göstərirdi. Və bu təsir azərbaycanlılarla ermənilərdə tamamilə fərqli reaksiyalar doğururdu...

"Xankəndinə tərəf dəhliz açıldı. Kənddə bir qışqırıq düşmüşdü ki, səsdən az qalırdı qulaq tutulsun.

Bu yerlərin əhalisi Azərbaycan televiziyalarına normal baxa bilirdi, nəinki Ermənistan televiziyasına. Özü də əksəriyyəti Azərbaycan dilini yaxşı bilirdi. Hər ilin fevral ayında Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə onlar da baxırdılar, hətta elələri vardı ki, bu soyqırımla fəxr edirdilər.

İndi kənddə atışma imitasiyası yaradılanda sakinlər elə bildilər ki, türklər Xocalı soyqırımının qisasını alacaqlar. Odur ki, təşviş, həyəcan, panika o həddə çatmışdı ki, ər arvadı, ana balanı atıb qaçırdı.

Romanda öz doğma torpağını azad etməyə qalxan, ölümün gözünə dik baxan vətənpərvər Azərbaycan əsgərinin əhvali-ruhiyyəsi ilə işğalçı erməni ordusunun (və xüsusilə onun zabitlərinin, komandanlığının) işbazlığı, pozğun (və çürük) mənəviyyatı realist boyalarla qarşılaşdırılmış və tamamilə zəruri olaraq müəyyən təfərrüatlara varılmışdır...

Azərbaycan zabiti Murad Mirzəyev həqiqətin (Tarixin!) timsalıdır, vətən uğrunda kişi kimi döyüşür, kişi kimi həlak olur...

"Ayaq səsinə gözünü açdı. Erməni çalanın başında durmuşdu. Fikirləşmədən tapançanın ucunu qaldırıb atəş açdı. O, çalanın içinə, elə onun yanına yıxıldı. Kənardakılar ermənicə qışqırdılar:

- Burda hələ biri ölməyib. Bəlkə də "Ovçu" deyilən budur.

Muradı qan aparırdı. Bilirdi, bir qədər keçsə, huşunu itirəcək. O zaman ermənilər onu əsir götürəcək, dindirəcəklər. Gözünün qabağına əsgərləri gəldi. bütün şəhidlər və qazilər bir-bir gözünün önündə sıralandı. Amma üzündən təbəssüm çəkilmirdi. Generala verdiyi sözü yadına düşdü. "Komandir, mən əsir düşməyəcəm, son anda başıma bir güllə çaxacam". - Tapançanın lüləsini qaldırıb gicgahına dirədi. Fikirləşdi: "Görən komandir Fizzəyə sms göndərdi?" Ayaq səsləri daha bərkdən eşidilirdi. Güllə açıldı..."

"Ovçu"nun şəhid olması (və dünyaya yenidən gəlməsi!) onun atasının, anasının və həyat yoldaşının təhtəlşüuruna, Vətənin isə əbədi yaddaşına (Tarixə) çökür...

"... Xəbərin ağırlığından Fizzənin üstünə elə bil dağ yıxmışdılar. Özü özündən gizlənmək istəyirdi. Sən demə, ürəyinin içində bir ürək də varmış, bundan heç xəbəri olmayıb. Sən demə, o ürək Muradınmış. İndiyə qədər bunun heç fərqində olmayıb. Öz ürəyi dayananda, sinəsində döyünən ürək Muradın ürəyi olub. Ah, o, bunun fərqini indi ayırd edə bilib. Onu da bilirdi ki, özünün ürəyinin yağı əriyib qurtarıb. İndi sinəsində Muradın ürəyi döyünür...

Ona "Milli Qəhrəman" adı verilmişdi. Dəfninə xalq yığılmışdı.

... Heç kimin gözləmədiyi halda Fizzə dilləndi: "Vətən sağ olsun! Dünənə qədər o mənim qəhrəmanım idi, bu gündən xalqın qəhrəmanıdır! Vətən sağ olsun!"

Əsərin sonunda verilmiş "4 aprel, Prezident Administrasiyası" fəsli Azərbaycan ordusunun 2016-cı ilin aprel qəhrəmanlıqlarının tarixi nəticələrini dəyərləndirmək, dövlət başçısının mürəkkəb beynəlxalq siyasi münasibətlər kontekstində həmin nəticələrə istinad edərək ondan xalqın, dövlətin gələcək taleyi, mənafeyi üçün bir strateq kimi uzaqgörənliklə (və diplomatik məharətlə) faydalanmaq əzmini təsvir edir.

Və roman özünəməxsus ideya-məzmun çoxqatlılığı, təhkiyə polifoniyası ilə çox aktual olan bir mövzunun bədii təfsirini sənətkarlıqla təqdim etməklə yanaşı, bu sahədə yeni yaradıcılıq axtarışlarına, fikrimizcə, geniş imkanlar açır.

lll

Yunus Oğuzun tarixə, xüsusilə mənsub olduğu xalqın tarixinə ardıcıl müraciəti yalnız ona görə maraqlı deyil ki, ədəbiyyatın yaradıcılıq üfüqlərini genişləndirən yeni (və aktual) mövzular kəşf edir, həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycan ədəbiyyatı Azərbaycan yazıçısının şəxsində milli tarixi yaddaşı hər cür unutqanlıq təhlükəsindən xilas etmək missiyasını daha inamla həyata keçirir.

(Ardı var)

 





23.11.2018    çap et  çap et