525.Az

“Kamal Abdullanın əsərlərində qaldırılan problemlər həmişə aktualdır”


 

“Kamal Abdullanın əsərlərində qaldırılan problemlər həmişə aktualdır”  <b style="color:red"></b>

Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin II kurs tələbələri yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim ediblər. Kursun rəhbəri Əməkdar artist Yaqut Paşazadədir.

Tamaşada səhnə danışığı üzrə hazırlıq dosent Nadir Hüseynova, xoreoqrafiya işi isə Səbinə Məmmmədovaya məxsusdur.

“Unutmağa kimsə yox” tamaşasında Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər. Qəmli və həzin, sentimental və kədərli, oyunabənzər bir həyat kimi təqdim olunan tamaşa böyük maraqla qarşılanıb. Kursun rəhbəri, Əməkdar artist Yaqut Paşazadə səhnə əsəri haqqında təəssüratlarını bizimlə bölüşüb. 

- Yaqut xanım, bilirsiniz ki, Kamal Abdulla “Unutmağa kimsə yox” pyesi əsasında sonralar eyniadlı roman da yazdı. Gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin tarixini yox, bir sevgi məktubunu deşifrə edir. “Unutmağa kimsə yox” mifoloji qatı olan əsərdir. Paralel zamanlarla, miflə işləmək tələbələr üçün çətin olmadı?

- Sözün açığı, lap əvvəldən pyes uşaqlara çətin, daha doğrusu, qeyri-adi göründü. Hətta onlar ötəri bir çaşqınlıq da yaşadılar. Mən pyesi analiz edəndə isə hər şey aydın oldu və tələbələr bu dəfə əsəri tamam başqa gözlə, ayrı nəzərlə baxdılar və onu çox bəyəndilər. Onların özlərinə də xoş oldu ki, belə bir əsər üzərində işləyəcəklər. Pyesi götürməzdən əvvəl Kamal Abdulla ilə söhbət etmişdik. Demişdi, Yaqut, “Unutmağa kimsə yox” ikinci kurslar üçün çətin olar. Hətta çox çətin. Mən də cavab verdim ki, istəyirəm, tələbələr daha məsuliyyətli işdə özlərini sınasınlar. “Teatr sənəti” fakültəsində iş metodu belədir: əsərlə ilk tanışlıq müəllifdən başlayır. Müəllifin həyat və yaradıcılığını araşdırıb öyrəndik. Əsər üzərində işə başlayanda oradakı personajlar uşaqların diqqətini çəkməyə başladı. Onlar özləri də sevinirdilər ki, nə yaxşı, bizim təcrübəmizdə belə bir maraqlı müəlliflə, maraqlı əsərlə tanışlıq oldu. Əsərdə baş qəhrəman olan Aspirant və onun daxili aləmindən köməyə gələn obrazlar var. Bu, onun yaddaşı, qayğısı və əzabıdır. Biz tamaşada müəllifin yaratdığı bütün personajları olduğu kimi saxladıq. Real və irreal dünyanın personajları səhnədə çox maraqlı görünürdü. Süjet ilk baxışdan adi görünə bilər: Aspirant elmi işlə məşğuldur, sirli yazının açılışını tapmalıdır. O yazının adı Çiçəkli yazıdır. Əsərdə keçmişlə bu gün bir-birinin içindədir. Aspirant zaman-zaman xatırlayır ki, sevdiyi qadınla necə tanış olub, tanış olandan sonra onların həyatında nə baş verib, hadisələr hansı zəmində inkişaf edib... Bizim məhz bu əsərə müraciət etməyimizin səbəbi burada çox maraqlı süjet xəttinin olmasıdır. Aspirantın evində qaldığı qocanın qarısı ölüb. Aspirant yazını oxumağa başlayanda kişinin Bozdar adlı iti çıxıb gedir. Çünki itin qoruduğu sirr açılmışdı. Növbəti mərhələdə məlum olur ki, yazılar oxunduğuna görə Aspirantın sevdiyi qadın ağır xəstədir. Bəs həmin yazıda nə var idi? Bax, sual da bundadır. Sadəcə, sevgi məktubu... Kamal Abdullanın yanaşma tərzi, dünyaya və sevgiyə baxışı bir sevgi məktubundan ibarətdir. Bütün tarixi sazişlər, müqavilələr sevgi məktublarının içindədir. Onların gözəlliyi də bundadır. Bizim tamaşamızda qadın ölür. Baş verən hadisə paralelləri bir-birinə bağlıdır.

- Səhv etmirəmsə, bundan əvvəl tələbələrlə birgə “Bir, iki, bizimki” pyesini də tamaşaya hazırlamışdınız...

- Bəli. Həmin tamaşanı qiyabi kursumla hazırlamışdım. Beşinci kurs diplom tamaşası idi.  Həmin əsərə tamam fərqli yanaşma etmişdim. Pyesdən fərqli olaraq tamaşada altı qadın, iki kişi var idi. Kişinin biri ölüm ayağında idi, o biri isə gənc və həyatsevər adam idi. Kişilər pərdənin o üz-bu üzündə altı qadının ətrafında idilər. Bu altı qadının timsalında mən bir qadının altı obrazını vermişdim: ana, sevgili, dost, yoldaş, məşuqə, həyat yoldaşı... Bu obrazlar təyinatı üzrə bir nöqtədən çıxış edib səhnədə görünürdü. Tamaşa çox möhtəşəm alınmışdı. Universitet rəhbərliyi də qeyd etmişdi ki, qiyabi təhsil alan tələbələrdən belə tamaşa gözləmirdik. Əlbəttə, uşaqlar bu enerjini, bu şövqü pyesdən alırdılar. Çünki hamısı sevməyi bacaran, sevmək yaşında olan gənclərdir.

- Siz YUĞ Teatrında Kamal Abdullanın pyesləri əsasında hazırlanan bir neçə tamaşada iştirak etmisiniz. İstərdim, bu haqda danışaq.

- Mən tələbə olanda Vaqif İbrahimoğlu Kamal Abdullanın “Bir, iki, bizimki” tamaşasını hazırlayırdı. Həmin tamaşa möhtəşəm bir iş idi. Mənim yaddaşımda məhz o tamaşa klassika kimi qalıb. Həmin tamaşada oynamasam da, Vaqif müəllimin bütün məşqlərində olurdum. Oxunuşdan başlamış, ta son mərhələyə qədər... Kamal Abdulla ilə ilk tanışlığım bu əsərlərdən başlamışdı. Növbəti illərdə Kamal müəllimin “Sərgərdan” hekayəsi əsasında “İstintaq” adlı tamaşa hazırlandı. Həmin tamaşada mən də oynayırdım. Kamal müəllimin yaradıcılığı ilə daha yaxından tanışlığım məhz bu əsərlə başladı. Yadımdadır ki, o vaxt Vaqif İbrahimoğlu Kamal Abdullanı bizə dəqiq cizgilərlə tanıdırdı. Deyirdi, Kamal müəllim bizim üçün ikiqütblü bir insandır: bir qütbü dövlət məmuru, o birisi isə yaradıcı şəxsiyyətdir. Bu yaradıcı insan həmin məmurdan yerlə göy qədər fərqlənir və eyni zamanda, hər ikisi mükəmməldir. Amma Kamal Abdullanı bizə daha doğma, daha əziz edən yaradıcı tərəfidir. Yadımdadır ki, “İstintaq” o dövrdə çox böyük maraqla qarşılanmışdı. Kamal Abdullanın bütün yaradıcılığında ən çox sevdiyim məhz bu cümləsidir: “Yolla gedən olmasa, bilinməz, gəlir bu yol, ya gedir”. 

- Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin tamaşaya münasibəti necə oldu?

- Çox yaxşı. Universitetin rektoru Ceyran Mahmudova tamaşanı müsbət dəyərləndirdi. Qürur duydum ki, tələbələrim belə sevilərək qarşılanırlar. “Unutmağa kimsə yox” artıq uğurlu səhnə əsəri kimi universitetin repertuarına salınıb. Biz bu tamaşanı artıq təkcə Mədəniyyət və İncəsənət Universitetinin səhnəsində yox, digər teatrların səhnəsində də oynaya bilərik.

- Müəllifin reaksiyasından danışmadıq...

- Çox səmimi, çox isti münasibət gördük. Tamaşaya sevərək baxdı. Açığı, əvvəldən bir qədər ehtiyat edirdim ki, görəsən, Kamal müəllim razı qalacaqmı? Yaxud bu həlli, bu yozumu qəbul edəcəkmi? Çünki əsərdə müəyyən ixtisarlar aparmışdım. Kamal Abdullanı ixtisar etmək çox çətindir. Bunu bilirsiniz. Çünki sözə böyük qiymət verir, bir sözünü belə düzgün deməyəndə onu mütləq qeyd edir. Tamaşaya baxandan sonra dedi ki, bu əsərdə yaşlı aktyorların oynamasını artıq təsəvvür etmirəm, sən demə, bu əsər məhz gənclər üçündür. Düşünürəm ki, növbəti kurslarda da Kamal Abdullanın yaradıcılığına yenidən müraciət olunacaq. O, mənim sevdiyim yazarlardandır, mövzuları maraqlı, çoxqatlı, dünyəvidir. Kamal Abdullanın əsərlərində qaldırılan problemlər həmişə aktualdır.

Cavid ZEYNALLI

 





24.11.2018    çap et  çap et