525.Az

"Kölgəsi yoxuymuş sən keçən yolun..." - Ramiz Məmmədzadənin şeirləri


 

"Kölgəsi yoxuymuş sən keçən yolun..." - <b style="color:red">Ramiz Məmmədzadənin şeirləri</b>

SƏNSİZ

Şimşəklərin qəzəbini,
küləklərin tufanını,
buludların fəryadını
Toplayıb, top kimi
Düşmənə atan gərək!
Döyüşək, vuruşaq,
Ölək, dirilək
qardaşım, atam, gərək!
Xainlərə tuşlayaq
quşların
Xəncər olmuş
lələklərini!
Beşiyində boğaq
bələklərini!
Sahibi mənəm, sənsən,
bizik
O dağların, dərələrin,
o düzlərin.
Yuxusu qaçıb gecələrin,
Açıla bilmir
gündüzləri...
Gündoğana sarı baxan
Sarıbabanın
saralıb gözləri.
Gedənlərin arxasınca
yüyürməkdən
Yorulub,
taqətdən düşüb
Qarqarçayın dizləri...
Turşsu yaylağının
yoxa çıxıb
Çiyələyi, kəkotusu,
qarağatı.
Əsir alıb
Yerlə, Göyün arasında
gün işığın.
Dərə-dərə duman qatı...
Açılmır qaşqabağı
Özünü qucaqlayıb durmuş
Kirs dağının.
Rəngi qaçıb,
Üşütmə tutub canını
İsa bulağının...
Tir-tir əsir 
dövrəsində ağaclar.
Güllələnmiş, yaralanmış
Həlak olmuş ağac var...
Torpaq altda
nizəyə dönüb
sümükləri
Baxşeyişin, Canpoladın...
Bəxtimizin qismətimiş
Sənin andın, sənin adın,
Qarabağ!

Anam torpaq!
Səngərboyu hücumları,
döyüşləri
Müsibət bil,
qiyamət bil!
Göy gurlayar,
şimşək çaxar,
dolu tökər
Bəs bu elə
Allahverdi Bağırovun
ruhu deyil?!

Otun, kolun, yarpağınam,
Şamın, piltən, çırağınam,
Mən sıyrılmış qılıncınam
Varam, diri torpağınam,
Qarabağ!
Gözlər bizi o dağ, dərə,
Gedək viran olmuş yerə.
Daş yağdırsın yurdsevənlər
Bu ulaşan köpəklərə,
Qarabağ!

Ən qalib səs - əsgər səsi!
Səngər səslər hər bir kəsi.
Sənsiz daha fırlanmasın,
Dayansın qoy Yer kürəsi,
Qarabağ!

“AĞDAMIN BAMƏZƏ ADAMLARI” SİLSİLƏSİNDƏN

I. Forslu Rəşid

Boy-buxunu, sir-sifəti
yerində,
Yaraşıqlı bir kişiydi
   Rəşid kişi.
Ağdam bazarında 
  nə alırdı, nə satırdı,
Bilən yoxuydu
   nəydi işi...
“Forslu Rəşid” deyərdilər adını.
“Forslu Rəşid” burdan gəldi,
“Forslu Rəşid” burdan getdi...
Salam verməzdi hər yetənə
Amma deyirdilər:
 - bu kişi comərddi...
Bir də görərdin
 “quş südü” satılan
      Ağdam bazarında
Səhər-səhər çıxdı qarşına
Üz-gözünü saqqal basmış,
Əynində nimdaş paltar,
Yəqin ki, cibləri - boş.
Başda - dimdikli şapka
Ayaqda - köhnə qaloş...
Heç soruşan olmazdı
Kişi əhvalın necə...
Pıçıldaşardı bazar:
“…uduzub keçən gecə”...
“Babalı Sərvərin boynuna”.
Guya yığışıb nəsə
     oynayırlar gecələr...
Axı uduzanın
    kef-əhvalı necə olar?..
...Bir də görərdin
  bazarı başına götürüb
Forslu Rəşidin uzunboğaz
    çəkməsinin cırıltısı.
Başda - heyvagülü papaq,
Sir-sifəti tərtəmiz, ağappaq.
Salam verə-verə
                     dolaşır bazarı...
Ta nə dərdi, azarı...
   bəs necə?..
Hə, deməli əli gətirib
   keçən gecə...
Eh, o bəxtəvər günlərdə
      ayrı bir ovqat vardı...
İynədən gülləyədək
   tapılan
   Ağdam bazarı
Rəşidsiz darıxardı...

II. Pota Çərkəz

Pota Çərkəzi görmüşdüm,
Kəmərini
Palıd gövdəsinə   
dolasaydılar
çatardı...
Yekə ayaqqabısı,
paltarı vardı.
Bu paqonlu kişi
Ağdam bazarının
şefiydi.
Elə bil gecələr də
bazarda yatardı, eviydi...
Bir yay səhəri
nə görsə yaxşıdı,
Cavan bir oğlan
Təsadüfən, ya qəsdən
Oturub piştaxta üstə
nəsə yeyir.
Öz-özünə dedi:
- Yox, belə olmaz, xeyr!
Çığırdı oğlanın üstünə:
- Mal satılan yerdə
çörək yeyirsən?
Gözlə, açılsın
çayxana,
Nə deyək kənardan baxana...
Oğlan gülümsədi:
- Yevlaxda qatardan düşmüşəm
Maşında yolları
Sürətlə keçmişəm.
Nə müddətdi həsrətəm
Bahar nənənin
təndir çörəyinə.
Ziba xalanın qaymağına.
Yaxın gəl çörək kəsək,
Ya mən gəlim ayağına.
Yox, - dedi Pota Çərkəz -
Pozmusan qayda-qanunu...
Gedək şöbəyə,
rəis də bilsin bunu...
Düş qabağıma elə indi...
...Rəis cavan oğlanı
görən kimi sevindi:
- Boy, səhər-səhər
sən hara, bura hara
Yoldaş Sekakomsomol!
Çərkəz kişi, sən qayıt bazara
Hörmətli qonaq gəlib,
hazır ol!
Elə bil yoxa çıxdı
tüstü oldu, duman oldu...
Pota Çərkəz...
Deyəsən əhvalı dəyişdi
birazca yaman oldu...

III. Xasay kişi

Xasay kişiylə qonşuyduq,
Dəli-dolu bir kişiydi.
Küçəmizin tinində durardı,
Gəlib-gedənlərə sataşmaq
onun işiydi...
Gözümü açıb onu
elə beləcə görmüşəm.
Ağdama, evimizə gedəndə
Birinci o çıxardı
qarşıma həmişə.
Başlardı danışmağa:
- Bax, sizin ağacların
dibini belləmişəm.
Zibili atdırmışam,
İstəyirsən,
Zəhra xaladan soruş.
Baxıram ki, işığınız
yanırmı hər axşam.
Suyunuz gəlməyəndə
Komxoza da getmişəm.
Allah haqqı 
evinizdən
Muğayat olmaqdı
işim-peşəm...
Qollarını boynuma salıb
məni öpərdi,
Mən də onu öpərdim.
Eh, o günlərdə nə nisgilim,
nə dərdim...
İndi Ağdam
hardadır ki...
Küçəmiz itkin düşüb,
qeyb olub Xasay...
Sən sinəmi iki bölüb
 yerə düşmüş
Ürəyimin gününə bax...
Ayaqyalın, başıaçıq
hara gedir?!
Ay aman...
Ay haray...

XƏBİS

Açırsan televizoru
görürsən oturub
Əldə - qələm,
gözdə - eynək.
Baxırıq,
Son xəbərdir də
baxmayaq neynəyək...
Özünü oxumuş bilir,
alim bilir.
Əslində alim kimidir
Xalq bilir,
  elim bilir.
Həqiqi alimlərə
ağız büzdü, şər atdı,
Vəzifəyə çatınca
özünə
mikromühit yaratdı...
Telefonu,
içini, çölünü dəyişdi,
Dostlardan aralandı
Baş açan olmadı bu
nə işdi...
Odur ey, yenə də oturub
bu maygülü
Təbəssümü ütülü,
Bilənlər bilir
bu adamın
Söz-söhbəti, dili - xəbis.
Dəftəri, qələmi, əli - xəbis,
nə pis...
Dünya hər gün dəyişir,
təzələnir.
Deyəsən axı,
bu teledünya
bizimlə məzələnir...
Bir də gördün bu xəbis
Özünü təpib evimizə
Ekrandan baxır bizə.
...Belə antipodları
rədd eləmək çox asan.
Gərək durub ekranın
qulağını burasan...

ƏLVİDA

Guya sən ağasan,
mən sənin qulun...
Nədən kəndir oldu sarmaşıq qolun?
Kölgəsi yoxuymuş sən keçən yolun
Heyif, sərvə dönüb bitdim,
Əlvida!

Bu külək haraya apardı səni,
Deyəsən köksündən qopardı səni,
Olmasam, kim gəlib tapardı səni?
Kül oldum, toz oldum, itdim,
Əlvida!

Kim deyir nöqtəsi yox məhəbbətin,
Yetməz sevdalara gücün, qüdrətin.
Mənsiz keçinərsən,
Sənsiz də - çətin...
Ta yoxam, rahat ol, getdim,
Əlvida!

DƏRD ELƏMƏ

Həvəsə bax, istəyə bax:
- Neçə belə yaz, qış görüm...
O dünyaya çox tələsmə,
Bu dünyadan yapış görüm.

Gedəsiyik əvvəl-axır...
Dərd eləmə,
dünya - nağıl...
Bu göylərdə nə var axı,
Səmalardan bir düş görüm.

Dünya həm də çəmən, çiçək:
Ömür yolu - bir kəpənək...
Araz Kürlə qovuşan tək
Sən gəl mənə qovuş görüm...

Yamaclara şeh düşməkdə,
Uçan quşlar ötüşməkdə,
Su torpaqla öpüşməkdə
Göy ol,
Yerlə öpüş görüm...

Oktyabr-noyabr 2018-ci il,
Şüvəlan

 





25.11.2018    çap et  çap et