525.Az

"Məkrli qruplar cəmiyyətdə dini qütbləşmənin yaradılmasına cəhdlər edir"


 

"Məkrli qruplar cəmiyyətdə dini qütbləşmənin yaradılmasına cəhdlər edir"<b style="color:red"></b>

"Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər" mövzusunda seminar-treninq keçirilib.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Hacıqabulda "Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər" mövzusunda seminar-treninq keçirilib.

Müəllimlər, gənclər və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan seminar-treninqi giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev vurğulayıb ki, dini radikalizmin istənilən istiqaməti və forması cəmiyyət üçün təhlükədir. E.Şıxəliyev qeyd edib ki, dini ekstremizmlə mübarizə hər bir vətəndaşın borcudur. Natiq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə də danışıb.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, Şərqlə-Qərbin qovşağında yerləşən və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanışılan ölkə kimi tanınmaqdadır.

Dövlətin dinə və dindarlara qayğısından da danışan G.İsmayılov deyib ki, dövlət vəsaiti hesabına onlarla məscid inşa edilib və ya əsaslı təmir olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı ayrılıb.

Sədr müavini çıxışında dini radikalizm və onun doğurduğu fəsadlardan da bəhs edib. O, dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, dindar kontingent daxilində dünyəviliyin, tolerantlığın, ənənəvi İslamın zəiflədilməsi, eləcə də dinin siyasiləşdirilməsi kimi hallara rast gəlindiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məkrli qruplar tərəfindən cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılmasına müəyyən cəhdlər olunur.

Sədr müavini eyni zamanda, dini zəmində qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyllərinin gücləndirilməsindən də bəhs edib.

Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov paytaxtda və bölgələrdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirib.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

S.QARAYEVA

 





28.11.2018    çap et  çap et