525.Az

Xoreoqrafiya Akademiyasında Həsən Məmmədovun 80 illiyi


 

Xoreoqrafiya Akademiyasında Həsən Məmmədovun 80 illiyi <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli aktyor Həsən Məmmədovun 80 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbirdə Xalq artistləri Rafiq Əzimov, Əbdül Mahmudov, Əməkdar artist Elxan Qasımov, BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, akademiyanın professor-müəllim, tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Elmi-sessiya aktyorun çəkildiyi "Yeddi oğul istərəm", "Böyük dayaq", "Alma almaya bənzər", "Axırıncı aşırım", "Dədə Qorqud" və digər filmlərdən kadrların nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan BXA-nın rektoru, professor Timuçin Əfəndiyev Həsən Məmmədovun həm teatrda, həm də televiziya ekranlarında yaddaqalan obrazlar yaratmasının onun zəngin potensialından və peşəkarlığından qaynaqlandığını bildirib.
 
T. Əfəndiyev onu da qeyd edib ki, görkəmli aktyor teatr və kino sahəsində yaratdığı obrazlarla səhnəyə yenicə qədəm qoymuş gənclər üçün də əsl məktəbə çevrilib.

Daha sonra aktyorun sənət dostları çıxış edərək, Həsən Məmmədovun yaradıcılıq yolundan, filmlərdə təkrarolunmaz ifa tərzindən, aktyor ustalığından danışaraq böyük sənətkar haqqında xatirələrini bölüşüblər.

Professor Rafiq Sadıqov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Səfərova Həsən Məmmədov yaradıcılığından söz açılan məruzələrlə çıxış ediblər.

Xatırladaq ki, Həsən Məmmədov "Dədə Qorqud"da Dədə Qorqud, "Yeddi oğul istərəm"də Bəxtiyar, "Axırıncı aşırım"da Abbasqulu bəy, "Böyük dayaq"da Qaraş, "Arşın mal alan"da Əsgər, "Bir cənub şəhərində" Murad, "Sevil"də Balaş, "Gün keçdi"də Oqtay, "Qatır Məmməd"də Səməd, "Alma almaya bənzər"də Qurban və sairə bir-birindən maraqlı, yadda qalan obrazlar yaradıb.

Şahanə MÜŞFİQ

 





29.11.2018    çap et  çap et