525.Az

Vərəqlərin həzin səsi


 

Vərəqlərin həzin səsi<b style="color:red"></b>

Dünyada nə qədər
kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum,
sonra da vardım,
Hər gizli xəznədən
bir dürr çıxardım.

Nizami GƏNCƏVİ 

Xəzinələrin açarı kitablardadır. Kitab həyatın qaranlıq və uzaq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. Kitabsızlıq əqli yoxsulluğun ən yüksək nöqtəsidir. Kitabsızlıq insanı kütləşməyə, kütlələşməyə aparır. Kitab oxumayan insanın öz fikri olmur, başqalarının fikirlərini təkrarlayır. Müəllif kitabın yarısını yazır, qalan yarısını isə yaxşı oxucu. Ən ciddi hakim dinləyici qulağı yox, oxucu gözləridir. Ciddi kitabları oxusaq, yetər, qalanını  həyat özü həll edəcək. Kitab iç-içə düzülmüş insanlara bənzəyir. Vaxtında oxunan kitab böyük uğurdur, o, insan həyatını heç bir dostun dəyişə bilmədiyi dərəcədə dəyişir. Kitabları sevmək lazımdır, onlar həyatımızı daha cazibədar  edəcək, duygu və düşüncələrin, hadisə və faktların dolaşıq, gurultulu qarışıqlığında öz yolumuzu tapmaqda ən yaxın dost kimi bizə yardımçı olacaq, özümüzə və  başqalarına hörmət etməyi  öyrədəcək, ürəyimizi, ağlımızı dünya və insanlıq sevgisi ilə dolduracaq, elmə yiyələnməyimizə köməklik göstərəcək. Metroda, avtobusda kitab oxuyanda azyaşlı uşaqlar diqqətlə baxırlar. Uşaqların gözləri kitaba öyrəşməlidir. Övladlarınıza dua edərkən onlara çiçək dolu bir bağça ilə bərabər, kitab dolu bir ev də arzulayın, qoy, eşitdikləri bu duanın sədası ilə böyüyüb, bu arzuya çatmağa can atsınlar. Kitab beynin və ağlın dərmanıdır. Kitab aşiqi olan insanların hələ "canım sıxılır, darıxıram" dediyinə rast gəlmədim. Demək, kitab bizi həm də depressiyadan xilas edir. Bir insana oxumaq şövqü, onu təmin edəcək kitab verin və əmin olun, o adam xoşbəxt olacaq.  Xoşbəxtliyi hər yerdə  axtarıb-axtarıb, nəhayət, axtardğını əlində tutduğu kiçicik bir kitabın kiçicik bir sətrində tapdığını söyləyən minlərlə insan olub.

Hələ qədim zamanlardan əsl qüdrətin məhz kitablarda olduğunu dərk edən hökmdarlar qələmə sarılıb kitablar yazmağa başladılar. İçində yaşadığımız kürə iki dünyaya ayrılır: bildiyimiz coğrafi məkan, bir də sirli-sehirli kitabların aləmi. İnsanlar da elədir: bir var kitab oxuyanlar, bir də var kitab oxuyanları dinləyənlər. Yaxşı bir kitabın yaxşı  seçilmiş və yaxşı baxılmış bir meyvə ağacına bənzədiyini söyləmək, daha azını söyləmək deməkdir, onun meyvələri yalnız bir mövsümlük deyil. Hər birimiz zövq üçün xərclədiyimiz puldan daha artığını kitab üçün sərf etməsək, ölkəmiz üçün, onun inkişafı üçün yararlı vətəndaş ola bilmərik.

Bu gün ölkəmizdə kitabın təbliği istiqamətində misilsiz işlər görülür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda oxuculara fərqli janr və dillərdə nəşr olunmuş 10 mindən artıq  kitabın təklif olunduğu  "Baku Book Center"  adlı möhtəşəm kitab mərkəzinin, LİBRAFF mağazalar şəbəkəsinin, onlarla bu kimi kitab evlərinin fəaliyyət göstərməsi dediklərimizə misaldır. Bakı Kitab Mərkəzində  ("Baku Book Center")  kitabsevənlər üçün bütün lazımi şərait yaradılıb. Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti zəif olanlar   və uşaqlar üçün  xüsusi bölmə ayrılıb. Mərkəzdə  kitab həvəskarları üçün müxtəlif tədbir və yığıncaqlar da təşkil olunur. Mərkəzdə "Cofeemood" adlı kafe də fəaliyyət göstərir. Burda bir fincan qəhvə içə-içə oxuduğunuz hansısa kitabı müzakirə etmək  xüsusən zövqvericidir.

Müasir zamanda həyatlarının  gözəl çağında gənclərin məhz kitab evlərini, kitabxanaları seçmələri  sevindiricidir. Əgər bu gün valideyn övladını barda, polis orqanlarında deyil, sosial institutlarda, o cümlədən, kitabxanalarda axtarırsa, demək,  gələcəyə inam gözlənildiyindən də çoxdur.

Heç bir elm adamını kitabsız,  heç bir elmi qürumu kitabxanasız təsəvvür etmək mümkün deyil. Hər birimizə doğma olan kitabxana bütün öndə gedənlərin məkanıdır. Kitabların səhifələnən vərəqlərinin xışıldayan səsinin oxu zallarının səssizliyini pozmasından həzin səs yoxdur, məncə! Kitabxananın bir küncündə əyləşib dünyanın hər küncündən xəbər tutmaq mümkündür. Bir kitab dünyadan daha genişdir, çünki maddiyə düşüncəni qatır. Haqqın yolunu tutan gənclərimiz də yeganə xilaskar kitabın olduğunu çox gözəl başa düşurlər. Elə bizim Azərbaycan Tibb Universitetinin (ATU)  tələbələri kimi! Onların necə bir elm xəstəsi olduğunu görmək sözün qürur doğuran mənasında insanı hətta  kövrəldir də. Onlar kitablar yaratmazdan əvvəl  kitablar onları yaradır. Bizim tələbələr zəhmətin köləsi ola-ola biliyin ağasına çevrilirlər. Elm həm də şüurdur, bilikdən necə istifadə etməyi öyrədəndir.

Bəzən hətta unuversitetdə pilləkəndə əyləşib kitab oxuyan tələbələrlə də rastlaşırsan. Bəli, onlar oxuyurlar, başqa bir şey  istəmirlər. Prorektor dəhlizin başında stul qoyub oxuyan tələbəyə yaxınlaşıb soruşur: "Qızım, zalda boş yer ola-ola sən niyə burada oxuyursan?" Tələbə kitabxananın hər guşəsində özünü evindəki kimi hiss etdiyini, çox rahat olduğunu bildirir  və prorektor məmnun halda gülümsünür.

Həqiqətən də bizim tələbələr cox oxuyurlar. Çünki onlar zəhmətlərinin müəllimləri tərəfindən qiymətləndirildiyini görür, həvəslənirlər. Əgər rektor  "Qapım həmişə tələbələrin üzünə açıqdır" - deyirsə, deməli, həmin təhsil ocağında bütün problemlər öz həllini mütləq tapacaq.

Gülbehişt ORUCOVA
ATU-nun Əsaslı Kitabxanasının direktor müavini

 





11.12.2018    çap et  çap et