525.Az

"Əvvəlki rejimi devirməklə Ermənistanı ağ günə çıxarmaq mümkün deyil"


 

"Əvvəlki rejimi devirməklə Ermənistanı ağ günə çıxarmaq mümkün deyil"<b style="color:red"></b>

"Ermənistandakı parlament seçkilərinin nəticələri gözlənilən idi. Bütün sorğular da göstərirdi ki, Nikol Paşinyanın tərəfdarları tam üstünlük əldə edəcəklər. Bu seçkilərin vaxtından əvvəl keçirilməsində də məqsəd o idi ki, Paşinyana dəstək verən kütlə geri çəkilməsin".

Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov dekabrın 9-da Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini şərh edərkən bildirib.

Politoloq hesab edir ki, indi sözlə oynamaqla kütləni əldə saxlamaq mümkündür, ancaq qışdan sonra xalq hakimiyyətin bir ilində nəticələri tələb edəcək: "Halbuki o nəticələri təqdim etmək çətin olacaq. Buna görə də Paşinyan seçkiləri irəli çəkməklə, istədiyi nəticəni rəsmiləşdirdi. Ancaq bu hələ ki, heç nə demək deyil. Ola bilsin ki, seçkiləri şəffaf, demokratik təqdim edəcəklər, lakin bu seçkilər rəqabətli olmayıb, seçkilərdə Paşinyana opponetlik edən qüvvələrin imkanları yox idi. Əslində, bu seçkilər hamının istədiyi rəqabətli seçki olmadı və parlamentdə demək olar ki, müxalifət yoxdur. Paşinyanın müttəfiqi olan iki partiyaya müxalifət donu geyindirərək "müxalifətçilik" edəcəklər. Amma təkrar edirəm ki, bu parlamentdə müxalifət yoxdur, müxalifət parlamentdən kənarda qaldı. Bu isə o deməkdir ki, necə əvvəlki iqtidarın parlamentdə çoxluğu var idi, ancaq Paşinyan küçəni ayağa qaldıraraq gəlib parlamentdən onları silib kənara atdı, eyni aqbətlə vaxt yetişəndə Paşinyanın özü üzləşəcək. Yəni Paşinyanın rəqibləri kütləni qaldıraraq, parlamentdə çoxluğa fikir vermədən onu silib çölə atacaqlar".

Seçici fəallığının aşağı olmasını şərh edən millət vəkili deyib ki, insanlar anlayırlar ki, sözlə oynamaqla, əvvəlki rejimi devirməklə Ermənistanı ağ günə çıxarmaq mümkün deyil: "Çətin qərarlar verilməlidir. Bu çətin qərarlardan ən birincisi isə Ermənistanın Azərbaycan torpaqlarının işğalından əl çəkməsi ilə bağlıdır. Anlayırlar ki, bunu etmək iqtidarında deyillər, amma başqa cür heç nə dəyişən deyil. Buna görə də əksəriyyət başa düşür ki, hakimiyyət dəyişikliyi ilə bunları ağ günə çıxarmaq, hardasa bir perspektiv vermək mümkün deyil. Düşünürəm ki, indi əksəriyyətin gözlədiyi budur ki, Avropa İttifaqı bunlara vizasız gediş-gəliş verəcək. Bir qisim qaçıb Rusiyada özünə gün ağlayıb, qalanları da kimin əli çatacaq qaçıb Avropaya orda özü üçün bir həyat quracaq. Çünki qonşularla düşmənçilik siyasətindən əl çəkməyənə qədər Ermənistanı normal inkişaf yoluna çıxarmaq qeyri-mümkündür".

Parlamentdə antirusiya mövqeyinin qələbə çalmasına da toxunan R.Musabəyov deyib: "Əvvəla, seçkilərdə iştirak etməyənlərin tam əksəriyyəti elə Rusiyapərəstlərdir. Yəni Paşinyanı alternativ yollar axtaranlar dəstəklədilər ki, bəlkə nəsə əldə etdilər. Amma bu ümidlər də əbəsdir. Təbii, anlayırlar ki, Rusiyadan nə mümkün idi, əldə ediblər. Nəzərə alsaq ki, indi Rusyanın da vəziyyəti yaxşı deyil, nəsə əldə etmək mümkün olmayacaq. Bunun müqabilində onlar Rusiyanın ətəyini buraxsalar, heç kim Ermənistanı himayəyə götürüb, dolandıran deyil. Ona görə də Rusiyadan əlavə nəsə gözləmirlər, ancaq Rusyanın ətəyini buraxdıqları halda olanlarından da məhrum olacaqlar. Ancaq heç kim kənardan gəlib bunları yola verməyəcək. Ona görə də belə vəziyyətdə siyasətə maraq itir və hər kəs daha çox öz aqibətini düşünür".

Politoloq hesab edir ki, Paşinyan özünü yaxşı populist, kütlə təşkilatçısı kimi nümayiş etdirdi:

"İndi vacibdir ki, özünü bir dövlət adamı kimi də göstərsin. Bunu bacaracağını demək nəzəri cəhətdən çətindir. Bu, ondan asılıdır ki, taleyüklü məsələlərin həllində qolunu çırmalayıb işə başlaya bilsin. Bu da təkrar edirəm ki, ilk növbədə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından, qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasından keçir. Onun əsas edəcəyi iş budur. Etməyəcəyi halda hakimiyyəti uzun çəkməyəcək. Fərqi yoxdur, parlamentdə çoxluğa sahibdir, ya yox. Bunun heç bir əhəmiyyəti yoxdur. Sabah onu ya terrora məruz qoya bilərlər, ya da kütləni qaldırıb, silib atacaqlar".

Xatırladaq ki, Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku səslərin əksəriyyətini qazanıb. Belə ki,  Mərkəzi Seçki Komissiyasının məlumatına görə, üç siyasi qüvvə yeni parlamentə daxil olacaq. Bunlar  Nikol Paşinyanın "Mənim adımım" bloku (70.43%), "Çiçəklənən Ermənistan" partiyası  (8.27%), "İşıqlı Ermənistan" partiyasıdır (6.37%). Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası və Daşnaksütyun Partiyası isə lazım olan 5% baryeri aşa bilməyiblər. Yeri gəlmişkən, Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov parlament seçkilərinin nəticələrini şərh edərkən bildirib ki, onlar erkən seçkilərdə məğlubiyyətdən deyil, yeni parlamentdə əsl müxalifətin olmamasından narahatlıq keçirirlər. Onun sözlərinə görə, "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyaları özlərinə müxalifət demələrinə baxmayaraq, Paşinyanı alqışlayanlar müxalifət ola bilməzlər: "Onlar debatlar zamanı Paşinyanın əleyhinə tək bir kəlmə deməyiblər, müxalifət idilərsə, nəzərə almalı idilər ki, ötən yeddi ay ərzində Paşinyan ölkəni utancverici antidemokratik üsullarla idarə edib".

Şarmazanov seçki prosesini "utancverici" hesab edir, çünki onun fikrincə, seçki kampaniyasının ilk günündən etibarən, hakimiyyət orqanları inzibati resurslardan istifadə edirdi və Paşinyan cəmiyyət liderlərinə təzyiq göstərib. Əlavə edib ki, 9 dekabr Respublika Partiyasının məğlubiyyət günü deyil, yenidən diriliş və qələbə günüdür. Partiya seçkilərdə qazandığı 60 min səsə görə məsuliyyət daşıyır və mübarizəni parlamentdənkənar müxalifət olaraq davam etdirmək niyyətindədir.

PƏRVANƏ

 





12.12.2018    çap et  çap et