525.Az

Nağıllar aləmindən duyulan poetik pıçıltılar


 

Nağıllar aləmindən duyulan poetik pıçıltılar<b style="color:red"></b>

Mən bu sətirləri ona görə yazmaq qərarına gəldim ki, kiçicik bir bədəndəki böyük ürək, ilham, dinamika məni valeh elədi.

Onun əvvəlki kitabını oxumuşdum, qələminin gücünə bələd idim. Buna görə də oktyabr ayında internetdə onun yeni kitabının təqdimatı olacağını oxuyanda çox sevindim və rayondan birbaşa həmin təqdimata getdim.

"Qaranlıqlar günəşi"ndan sıyrılıb "nağıl"lar aləminə düşən Şahanə sanki hər kəsi öz nağıl dünyasına dəvət edirdi.

Deyirlər ki, indi kitab oxuyan, ədəbiyyatla maraqlanan, gənc yazarlara diqqət göstərən yoxdur. Amma bir gənc yazar kimi Şahanə Müşfiq keçirdiyi hər iki təqdimatla da bu fikri alt-üst etməyi bacardı. Oktyabrın 27-də "Azərkitab"da, noyabrın 21-də - müəllifin öz doğum günündə Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimatlardakı qələbəlik yaxşı ədəbiyyatın, dəyərli sözün hər zaman diqqətdə olduğunu sübuta yetirdi, məncə. İlk təqdimatdan aldığım müsbət enerji, xoş aura və həmin gün Şahanənin doğum günü olması məni ikinci dəfə noyabr ayında olan təqdimatına da gəlməyə vadar etdi.

Hər iki təqdimat göstərdi ki, Şahanə Müşfiq gənc yaşına rəğmən ədəbiyyatımızda, cəmiyyətdə sayılıb-seçilən, dəyərli qələm adamlarının hörmətini, sevgisini qazana bilib. Bu, təqdimatda Rəşad Məcid, Aqşin Babayev, Sevinc Muğanna, Fikrət Qoca, Seyran Səxavət, Qəzənfər Paşayev, Cavanşir Yusifli, İlqar Fəhmi, Zemfira Məhərrəmli kimi Azərbaycan ədəbiyyatı və publisistikasında öz sözünü demiş insanların iştirak və çıxışları ilə üst-üstə düşürdü.

Mən Şahanə Müşfiqin "525-ci qəzet"də çap olunan yazılarını mütəmadi oxuyuram. Onlara məqalədən daha çox publisist əsər demək daha düzgün olardı. Bu qəzetdə çap olunan məqalələrin bir dəyəri də ondadır ki, Şahanə çox zaman unudulmaqda olan, xatırlanmayan, gözdən-nəzərdən kənarda qalmış sənətkarlarımızın həyat və yaradıcılığına işıq tutmaqla onları yenidən oxucuların yadına salır.

Yazılarını oxuduqca Şahanənin nə qədər incə ruhlu biri olduğunu görməmək mümkün deyil. Vətənə məhəbbət, insana və insanlığa hörmət, ülvi sevgi hissləri - bir sözlə, Azərbaycan gəncinə xas olan bütün keyfiyyətlər Şahanədə bir vəhdət halında toplanıb.

"Şahanənin nağılı"nda toplanan poeziya nümunələri kövrək bir qəlbin çırpıntıları, bir ürəyin haray səsidir. O, hər şeirində təkcə özünü yazmır, bizdən də nələrisə yazır. Ona görə də bütün şeirlər ayrı-ayrılıqda bizə doğmadır. Oxucu hansısa misrada özünü tapır, hardasa, "mən bunu yaşamışam" deyir. Orijinal fikir, aydın düşüncə, rəvan və axıcı dil, mövzu rəngarəngliyi, ən adi həyat hadisələrinə belə özünəməxsus yanaşma tərzi onun şeirlərinin, ümumilikdə yaradıcılığının ən əsas məziyyətləridir.

Şahanə Müşfiqin mənəvi dünyasının nə qədər geniş, nə qədər zəngin olduğunu onun sərbəst vəznli şeirlərində daha dolğun görmək olur:

... bir kəlmə var lüğətimdə-
adı - ŞƏHİD.
Bu torpağın alnına qara damğa kimi
döyülüb sanki
böyük hərflərlə ŞƏHİD;
Bu el üçün,
Bu yurd üçün
Düşmənin kor gülləsinə sinəsini sipər edən
Oğul - ŞƏHİD! 

Nə qədər sadə bir dillə yazılmış şeir... Hətta qafiyələrin bir-birinə uyğun gəlməməsinin fərqinə belə varmırsan. Gözlərin önünə Vətən üçün, el üçün, ana üçün, bala üçün canından keçmiş oğullar gəlir. Onların qırılan taleləri, onlarla bərabər yarım qalmış həyatlar, şəhid balaları, şəhid valideynləri hardansa bir yerdən sənin gözlərinin içinə baxır sanki. "Bu şeirdəki bizik! Bu, bizim taleyimizdir!" - deyirlər. Müəllif bu şeiri bir nəfərə ünvanlamayıb. Bu misraları oxuyan hər kəs öz ailəsinin, küçəsinin, öz kəndinin, öz bölgəsinin, öz vətəninin şəhid balalarını istər-istəməz göz önünə gətirir.

Şahanə Müşfiqin insanı düşünməyə vadar edən dördlükləri də çox maraqlıdır:

Sol çiynimin üzərində
Mələk günahımı yazır.
Günah etmək üçünmüdür,
Niyə qəlbimiz soldadır?! 

Bu bir bənd şeiri oxuyarkən düşünürsən ki, bəli, böyük sirlər gizlədiyimiz ürək də soldadır, etdiyin günahları yazan MƏLƏK kimi...

Bu qədər əzaba göz ki yumursan,
Göz sənə nə lazım, kor qal, Ürəyim!
Yiyəsiz bir eşqdən mədəd umursan,
Yiyən ölsün, yiyəsiz qal, Ürəyim!

Əlavə sözə, şərhə ehtiyac yoxdur, məncə. Şahanənin geniş ürəyindəki bu nağılların bir gün gerçəkləşəcəyinə, həqiqət olacağına mən də inanıram. Gələcəyi çox parlaq görünən bu balaca qıza dəstək olan hər kəsin öz dəstəklərinin bəhrələrini tez bir zamanda və əyani şəkildə görəcəklərindən tamamilə əminəm. Və inanıram ki, Şahanə öz yeni nağılları ilə biz oxucularını və onu sevənləri daha çox sevindirəcək, kim olduğunu hamıya sübut edəcək:

Sən kimsən, Adam?!
Nə düşünürsən?!
Tanımaq elə çətindir ki, səni.
Varmısan, yoxmusan?!
- Sən kimsən, Adam?!
Bəs mən kiməm?!.

Minarə YUNUSOVA

 





13.12.2018    çap et  çap et