525.Az

Erkən nikahlara məcburetmə ilə bağlı cəzalar sərtləşdirilməlidir


 

Erkən nikahlara məcburetmə ilə bağlı cəzalar sərtləşdirilməlidir<b style="color:red"></b>

"Qızların təhsildən yayındırılması, erkən nihaklara məcbur edilməsi məsələsinin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır".

Bu fikirləri  "525"ə açıqlamasında yazıçı-publisist, millət vəkili Aqil Abbas bu günlərdə Bakının Qala qəsəbəsində 7-ci sinifdə oxuyan qız uşağının atası tərəfindən təhsildən yayındırılması və bunun cəmiyyətdə geniş rezonansa səbəb olması məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsələ medianın, televiziyaların məsələsi deyil: "Bəli, maarifləndirmə, filan lazımdır, bu, olmalıdır və başadüşüləndir. Amma bu məsələnin həlli hüquq-mühafizə orqanlarından asılıdır, bu, onların işidir. Mən inanmıram və düzünü desəm, əlimdə elə bir faktım da yoxdur deyəm ki, qızların təhsildən yayındırılması kütləvi hal alıb. Belə hallar ola bilər və var, istisna deyil, amma o qədər qorxulu və narahatlıq doğura biləcək səviyyədə deyil. Amma hüquq-mühafizə orqanları bununla da məşğul olmalıdır, məktəblərə getməlidirlər ki, niyə belə bir vəziyyət yaranıb. Qızların erkən nikahlara zorla cəlb edilməsinə gəlincə, bu, artıq cinayət əməlidir. Azərbaycan qanunvericiliyində də bu məsələ özünün əksini məhz bu şəkildə tapıb. Qanunvericilikdə də göstərilir ki, heç bir qız və ya oğlan uşağı 18 yaşı (nadir-istisna hallarda 17 yaşında) tamam olmamış evlənə, ailə qura bilməz. Bu, qanunla qadağan olunur. Hələ onu demirəm ki, kəbinsiz nikaha daxil olanların əməli, hərəkəti ikiqat cinayət əməlidir. Çox təəssüflər olsun ki, rəsmi nikah olmadan ailə quranlar da var. Bu, heç cür düzgün deyil, yolverilməzdir və qanunla da cinayət əməlidir. Amma yenə deyirəm, bu, Aqil Abbasın, Kamilin, medianın həll edəcəyi məsələsi deyil. Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır və olurlar da..."-deyə, A. Abbas sözlərinə əlavə edib.

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, bu yöndə daha sərtləşdirici addımlara ehtiyac var: "Hesab edirik və hətta belə düşünürük ki, yaxın gələcəkdə qanunvericiliyə dəyişikliklər edilməli, qızların təhsildən yayındırılması, erkən nikahlara cəlb edilməsi ilə bağlı cəza mexanizmləri daha da sərtləşdirilməlidir". Komitə sədri qeyd edib ki, qızların təhsildən uzaqlaşdırılması, erkən nikahlara cəlb edilməsi birmənalı şəkildə qanunla qadağandır: "Bu məsələ birbaşa qanunvericiliklə tənzimlənir. Eyni zamanda, qızların valideynləri, ata-anaları, ailə üzvləri tərəfindən təhsildən uzaqlaşdırılması yolverilməz və qəbuledilməzdir. Biz bu hallarla heç çür barışa, razılaşa  bilmərik. Elə erkən nikahlar, ailə dramları, boşanmalar, qadınların fiziki və cinsi istismara məruz qalması hamısı buradan yaranır. Yəni qızların təhsildən uzaqlaşdırılması cahillik, nadanlıq, savadsızlıq, təhsilsizlik, elmsizlikdir və dediyim kimi, qızlara, qadınlara qarşı baş verən zorakılıqların kökündə də, mahiyyətində də ilk növbədə bunlar dayanır. Bu, hər birimizi narahat edir və etməlidir. Bu kimi məsələlər bütövlükdə cəmiyyəti narahat etməli və ayağa qaldırmalıdır". Komitə sədri bildirib ki, cəmiyyət özü bu hallarla ciddi mübarizə aparmalıdır: "Hər bir insanın, o cümlədən, qızların təhsil almaq hüququ var. Qanunlarımızda da, Konstitusiyamızda bu hüquqlar tanınıb. Ona görə qızları təhsil almaq hüququndan məhrum etmək olmaz. Həmçinin, yerli icra qurumları, bələdiyyələr, qeyri-hökumət təşkilatları, Ailə, Qadın və Uşaq Problemlərinin Həlli Üzrə Dövlət Komitəsi bununla, qızların təhsildən yayındırılması, erkən nikahlara məcbur edilməsi ilə bağlı ciddi təbliğat-maarifləndirmə işləri aparmalı və həmin tədbirlərin miqyasını genişləndirməlidir. Eyni zamanda, hesab edirəm ki, qızları təhsildən yayındıran, zorla erkən nikahlara məcbur və vadar edən kimlər varsa, kimlər bu məsələdə günahkardırsa, hamısı cəzalandırılmalıdırlar. Hətta belə hesab edirik və düşünürük ki, yaxın gələcəkdə bu məsələlərlə bağlı qanunvericilik daha da sərtləşdirilməli, cəza mexanimzləri, cəzalar daha da ağırlaşdırılmalıdır. Buna gözmək yummaq, səssiz qalmaq olmaz. Bu, çox ağrılı məsələ və təhlükəli bir tendensiyadır. Bunların qarşısı mütləq alınmalıdır".

Kamil HƏMZƏOĞLU

 





14.12.2018    çap et  çap et