525.Az

Erməni mətbuatı: "Paşinyan Putinin "qara siyahı"sındadır"


 

ERMƏNİSTANIN YENİ HAKİMİYYƏTİNİN ANTİRUSİYA SİYASƏTİ TƏRƏFLƏR ARASINDA GƏRGİNLİYİ ARTIRIR

<b style="color:red">Erməni mətbuatı: "Paşinyan Putinin "qara siyahı"sındadır"</b>

Rusiya prezidenti Vladimir Putinin Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyanı təbrik etməməsi işğalçı ölkədə birmənalı qarşılanmayıb.

"Lragir" saytı yazır ki, V.Putin adətən "qara siyahı"sında olan dövlət rəsmilərini bu cür addımlarla pərt etməyə çalışır.

Bildirilir ki, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən N.Paşinyan Vaşinqton, London, Berlin, Brüssel, Tehran, Tbilisi və Kişinyovdan təbrik almasına baxmayaraq, Moskvanın susqunluğu narahatlığa ciddi əsas yaradır.

Hesab olunur ki, Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı həyata keçirdiyi hücumlar, o cümlədən, cinayətkar rejim rəhbəri olmuş Robert Koçaryanın həbsi Kremldə xoş qarşılanmır. Bu, Ermənistanın yeni hakimiyyətinin növbəti diktaturanın əsasını qoyma niyyəti kimi başa düşülür.

Başqa bir səbəb kimi, Paşinyanın komandasının Rusiyadakı erməni lobbisinə - Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulinə, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasova qarşı savaş açması göstərilə bilər.

"Armenian Report"da dərc olunan məqalədə qeyd olunub ki, Rusiya həmin lobbi vasitəsilə Ermənistanın daxili siyasətinə müdaxilə edir.

Bildirilib ki, heç kimə lazım olmayan "Lazerev klubu"nun üzvləri olan Zatulin və Tarasov Ermənistana qarşı açıq təhdid dilinə keçiblər.

Bu, Paşinyan hakimiyyəti ilə Rusiya arasında uçurumu daha da dərinləşdirir. Sarkisyan-Koçaryan cütlüyünün hakimiyyəti dövründə K.Zatulin, S.Tarasovkimilərə yaradılan şərait, bəslənən münasibətə Paşinyan son qoyur. Bu o deməkdir ki, ermənipərəst mövqeyi ilə dəfələrlə Azərbaycana qarşı qərəzli çıxış edən bu "politoloq"lar artıq Ermənistana da lazım deyil. Təbii ki, bunu başa düşən K.Zatulin, S.Tarasov Paşinyana qarşı açıq həmlələrə keçiblər.

Ermənistanda "Qarabağ klanı"nın hakimiyyətdən tamamilə kənarlaşdırılması, üstəgəl, R.Koçaryanın həbsi cinayatkar qruplaşma üzvlərinin narahatlığını artırıb. S.Sarkisyanın komandasına qarşı Paşinyanın açıq savaşa başlaması klan üzvlərini ölkəni tərk etməyə vadar edir.

"Hraparak" qəzeti yazır ki, 14 milyon dollar vəsaitin mənimsənilməsində ittiham olunan sabiq ekologiya naziri Aram Arutunyan ölkədən qaçıb.

Maraqlı olan budur ki, Ermənistanın yeni rəhbərinin S.Sarkisyanla işi yoxdur. O, yalnız Sarkisyanın ətrafını təmizləməklə məşğuldur. Bu da Paşinyanın hakimiyyəti inqilab yolu ilə təslim alarkən S.Sarkisyanla müəyyən sövdələşməyə getməsindən xəbər verir. Nəticədə, eks-prezident Ermənistanda xüsusi imtiyaz sahibi kimi hərəkət edir. O, son olaraq parlament seçkiləri zamanı görünüb. Diqqət çəkə məqam odur ki, S.Sarkisyanı xüsusi kortej müşahidə edib, onun avtomobili xüsusi radio-səsboğucularla təmin olunub. Ona görə də, səsvermə məntəqəsi ətrafında telefon və internet rabitəsi dayanıb. Bu da media nümayəndələrinin fəaliyyətinə ciddi maneə yaradıb.

Bütün bunar Ermənistan cəmiyyətində təəccüb doğurub. S.Sarkisyanın bu imtiyazlardan faydalanmasına şərait yaradılması kütlənin N.Paşinyana olan etimadını sarsıdır.

Bu mənada, "Azernews" müsahibəsində rusiyalı teleaparıcı və analitik Yevgeni Mixaylov bildirib ki, Ermənistanda parlament seçkilərində aşağı iştirak faizi xalqın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın vədlərinə inamsızlığını göstərir.

"Trend"in məlumatına görə, o bildirib ki, N.Paşinyan ilk növbədə Rusiya ilə dialoq qurmalıdır: "Bu, yeganə çıxış yoludur. Digər ölkələrə İrəvan lazım deyil və yeni hakimiyyət əbəs yerə qərb ölkələrinə və onların köməyinə ümid bəsləyir. Moskva müdaxilə etməsə, ölkəni hissə-hissə satacaqlar, əhali isə oranı tərk edəcək".

Y.Mixaylov əlavə edib ki, Ermənistan üçün böhrandan çıxmağın daha bir yolu Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq və köməklə əlaqədar Bakı ilə danışıqlara başlamaqdır: "Amma görünür ki, buna bu hakimiyyət qərar verməcəyək".

"Fikrimcə, Paşinyanla münasibət qurmaq çətindir. Qərbyönümlü düşüncəyə malik olmaqla, tam əksinə, münaqişə yaratmağa və bura müəyyən beynəlxalq qüvvələri və ilk növbədə ABŞ-ı çəkməyə çalışacaq. Hesab etmək olar ki, Rusiya buna kəskin müqavimət göstərəcək və Azərbaycanın işğal olunmuş əraziləri üzərində nəzarətini bərpa etməsi üçün İrəvana təzyiqləri gücləndirəcək", - deyə analitik qeyd edib.

Ceyhun ABASOV

 





14.12.2018    çap et  çap et