525.Az

Şirməmməd Nəzərlinin "Foto və Söz" ərməğanı


 

Şirməmməd Nəzərlinin "Foto və Söz" ərməğanı<b style="color:red"></b>

Neçə gün idi ki, işdə stolumun üstündə bir kitab nə zaman ona vaxt ayıracağımı, nəhayət, onu da açıb oxuyacağımı gözləyirdi.

Nəhayət, vaxt tapıb ona da diqqət ayıra bildim. Kitabın adı "Foto və Söz" olsa da, düzünü deyim ki, bu qədər zəngin məlumatlı, elmi yüklü bir nəşrlə qarşı-qarşıya olduğumu güman etmirdim. Hətta elə ilk səhifələrdəncə neçə gündür bu kitabı gözlətdiyim üçün peşmanlıq hissi də keçirməyə başladım.

Fotoqrafiya hər zaman bir jurnalist kimi diqqət mərkəzimdə olan sahələrdən biri olub. Hətta Bakı Slavyan Universitetində oxuyarkən altı ay bu fəndən təhsil almış, imtahanını da vermişdik. Bəxtimdənmi, yoxsa gələcəyə olan bir işarə kimimi, bilmirəm, imtahan sualımda da elə fotojurnalistika mövzusu düşmüşdü.

Günlərdir vərəqlədiyim, indi isə haqqında yazmaq qərarına gəldiyim kitab da fotoqrafiya, xüsusən də fotojurnalistika haqqındadır. Azərbaycan Jurnalistlər, Yazıçılar və Fotoqraflar birliklərinin üzvü Şirməmməd Nəzərli müəllifi olduğu "Foto və Söz" kitabında sözlə fotonun vəhdətini jurnalistika nəzəriyyəsi və öz təcrübəsi əsasında çəkdiyi fotolar vasitəsilə təqdim edir. Kitab ali məktəblərin Jurnalistika fakültələri tələbələri, fotomüxbirlər, həvəskar fotoqraflar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın redaktoru Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü Esmira Ağababa qızı, rəyçiləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, Azərbaycan Foroqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu, dizaynerləri Aqil Əmrahov və Kamran Məcidovdur. Kitabın üz qabığındakı günəşin doğuşu ilə batışını andıran şəklin müəllifi də Şirməmməd Nəzərlidir.

Nəşr Mətbuat Şirasının sədri, millət vəkili Əflatun Amaşovun "Foto və söz hörgüsü" adlı ön söz əvəzi ilə başlayır. Millət vəkili ön sözdə geniş şəkildə kitabdan, onun fotojurnalistika ixtisasının inkişafına verə biləcəyi töhfələrdən, Ş.Nəzərlinin bu sahədəki peşəkar mövqeyindən söz açır və yazır ki, kitabın dəyərini artıran cəhətlərdən başlıcası bugünkü mediada foto ilə sözün vəhdətinin açılmasıdır: "Şirməmməd Nəzərli öz təcrübəsinə, dünya foto ustalarının irsinə, tanınmış fotojurnalistlərin əməyinə istinadl fotoqrafiyada SÖZÜN rolunu qabartmaq yollarını aydınlaşdırır. O, bir foto müəllifinin digər yaradıcılıq sahələrinə yönələ biləcəyini əyani misallarla, yəniz öz bədii yaradıcılığı timsalında göstərir. Həmçinin, reportaj, portret, mənzərə və digər foto janrlarından bəhs edərkən özünün çəkdiyi foto nümunələrini əyani vəsait qismində təqdim edir. Kitabda müəllifin bu cür foto nümunələrinin sayı 170-dən çoxdur".

"Fotoqrafiya romantik və cəlbedici yaradıcılıqdır" deyən müəllif bu məqaləsində fotoaparat və fotorafiya sənətindən söz açır, onun tarixi, fotorafın bilməli olduğu vəzifələrindən danışır.

"Bu gün foto çəkmək ən kütləvi haldır. Ölkədə hər il nə qədər fotoaparat satılırsa, deməli, bir o qədər də fotoqraf var. Üstəgəl, neçə milyon bahalı mobil telefon varsa, həmin sayda da fotoqraf mövcuddur - hamı hər şeyi çəkir. Digər tərəfdən fə internet bankında hər sahəni əks etdirən milyonlarla foto saxlanılır. Amma biz deyə bilərikmi bu gün peşəkar fotoqrafa daha ehtiyav yoxdur?"

Kitab demək olar ki, bütün bölmələri ilə məhz bu suala cavab axtarır.

Birinci bölmədə müəllif giriş olaraq dünya fotoqrafiya tarixindən danışır. O, öncə "fotoqrafiya" sözünün mənasına aydınlıq gətirir. Daha sonra isə miladi tarixlə 965-1039-cu illərdə yaşamış məşhur müsəlman alim, bəsrəli Əbu Əli əl-Həsən ibn əl-Heysəmin icad etdiyi "işıqla yazan" (indiki fotoaparatların rüşeymi) qurğusunun yaranışından başlayıb bu günün mükəmməl foto kameralarına qədər tarixi dövr barədə qısa məlumat verir.

Sonrakı bölmələrdə Azərbaycan fotoqrafiyası və Azərbaycan Fotoqraflar Birliyinin tarixi, fəaliyyəti ayrıca mövzu kimi geniş şəkildə təhlil olunur. Həmçinin, Ş.Nəzərli Azərbaycanın tanınmış, seçilən fotoqrafları, fotojurnalistlərinin həyat və yaradıcılıqları haqqında qısa məlumatlar verir.

Daha sonra müəllif "Foto-əmtəə", "Foto jurnalistika", "Yaxşı fotoqrafiyanın sirləri", "Foto nə verir?", "Fotojurnalist publisist və araşdırıcıdır", "FOTO jurnalist üçün dünyagörüş, yeni məlumatdır", "Bədii yaradıcılıqda foto", "Müəlliflik hüququ" və s. kimi bölmələrdə bu sahə ilə bağlı nəzəri bilgilərini peşəkar və həvəskar fotoqraflar, bu sahə ilə maraqlanan oxucularla bölüşür.

Bu nəzəri bilgilərdən əlavə, müəllif bəzi bölmələrdə bədiiliyi də ön plana çəkir, oxucuya bu sahənin ən maraqlı və əyləncəli tərəflərini də açıb göstərir. Məsələn, "Fotoqrafiya aləmindən maraqlı faktlar" məqaləsində çoxumuzun ən az bir dəfə rastlaşdığımız və marağımızı cəlb edən fotoların çəkilmə tarixindən söz açır. Oxucu bu məlumatlardan əlavə, əyani sübut kimi isə həmin fotoları kitab səhifələrində də görə bilir.

"Fotojurnalistin həmişə yadda saxlamalı olduğu qaydalar", "Tövsiyələr" bölmələrində Ş.Nəzərli hələ bu sahəyə yeni-yeni maraq göstərən gənclərə bir sıra məsləhətlərini verir, onları bir növ gələcəyə hazırlayır.

Bütün bu bilgilərin yekunu isə müəllifin oxucusuna yönləndirdiyi "Ev tapşırığı" bölməsindədir. Belə ki, burada müəllif iki foto verərək oxucudan onun haqqında düşüncələrini yazmağını istəyir.

İnanırıq ki, nəzəri bilgilərlə, əyləncəli faktlarla, düşündürücü tapşırıqlarla zəngin nəşr fotoqrafiya sahəsinə az da olsa maraq göstərən hər kəs üçün stolüstü kitablardan birinə çevriləcək.

 





14.12.2018    çap et  çap et