525.Az

Ramiz Qusarçaylının 60 yaşına fikir və söz töhfələri


 

Ramiz Qusarçaylının 60 yaşına fikir və söz töhfələri<b style="color:red"></b>

Osman Sarıvəlli:

“Sevindirici haldır ki, Ramiz Qusarçaylı ürəyinə yaxın hissləri, görüb duyduğu hadisələri qələmə alır. Şeirlərində bir istilik, səmimiyyət var. Fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə çalışır. İnanırıq ki, Ramiz etimadımızı doğruldacaq, öz səmimi şeirləri ilə bizi sevindirəcəkdir”.

Bəxtiyar Vahabzadə:

“Ramiz Qusarçaylının şeirlərini çoxdan izləyir və sevirəm. Çünki onda söz əllaməçliyi yoxdur. Hisslər büllur kimi saf, fikirlər su kimi dumdurudur”.

Məmməd Araz:

“Ramiz Qusarçaylının şeirlərindən böyük zövq alıram!”

Nəriman Həsənzadə:

“Ramiz Qusarçaylı Azərbaycanın ən gözəl şairlərindəndir, böyük nəfəsi var bu adamın. Hara getsə, böyük iş görə bilər...”

Şahmar Əkbərzadə:

“...Poeziya əbədi sirdir. “Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim” (Ə. Xəqani) misrası zaman-zaman oxucuları niyə titrədir? Bir ömrün keşməkeşli bioqrafiyası altı kəlmədən ibarət olan sətirə necə sığışıb?

“Əzrayılı qanlı tutmasın anam, məni bir kirpiyi peykan öldürür” beyti Aşıq Ələsgərin könlündən hansı ovqatda, hansı məqamda, necə süzülüb? Di gəl, izah elə görüm, necə izah edirsən?!

Zənnimcə, çağdaş şeirimizin cəfakeşi Ramiz Qusarçaylının bir şeiri fikrimə gözəl tutalqadır:

Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək salmışdı çöllərin üstə.
Heyrətim yolunu azan arıydı,
Uyuyub qalmışdı güllərin üstə.

Yurd həsrətini, doğma çöllərdə, çəmənlərdə, güllərə vurğunluğu şeirə çevirən Ramizimizin ecazına heyrətlənmə görüm, necə heyrətlənmirsən?!

Ramiz Qusarçaylı bugünkü poeziyamızın istedadlı, çox sevilən nümayəndələrindəndir. Vurğunu olduğum şair barədə bayaq “cəfakeş” kəlməsini əbəs yerə dilimə gətirmədim. “Ömür qapıları”nın hansı səhifəsini açırsan aç, orada şairin söz üstündə tir-tir titrədiyi dərhal gözə çarpır. Və “söz göyərtdim sel ağzında” deyən qələm dostumun gəldiyi qənaətə yüzdə yüz inanıram...

R.Qusarçaylının duyum dünyasına niyə vurğunam? Hər şeydən öncə ona görə ki, o, yaşadığı dövrü, sakini olduğu dünyanı başqaları kimi duymur. Onun öz nəzər nöqtəsi, öz görmə və duyma bucağı var. “Çörəyi dizinin üstündədir” el sözündən mayalanmış bir şeirin özümləşdirilməsinə, orijinallığına fikir verək:

Gətirib bir qara daş yonam gərək
Dizimin üstündə ölən insafa.


Şairin ölən insafa qara daşdan abidə “yonması” təsadüf deyil. Bunun səbəbini bir azdan anlayacağıq:

Yığılıb hər səhər sərçə adamlar
Dizimin üstündə günah dənləyir.


Haqq sözə nə deyəsən?! Bir-birimizi suçlamağı, içimizdə düşmən axtarmağı az qala vərdişə çevirmişik. Şair bu ağrını qabartmaq üçün tutarlı detallara əl atır:

Edam kötüyünə dönüb dizlərim
Kökümə çalmağa balta gəzirəm.

Xalq mərdə, el-oba təəssübü çəkənə bəzən “dizibərk adam” deyir. Ramiz haqlı olaraq bu deyimi belə pardaqlandırıb:

Əlimdə sənəddir dizimin üstü
Mənim kimliyimi dizimdən soruş...

Səssiz-küysüz ibarələrdən uzaq olan Şeir gizli fəryaddır. O fəryaddan hamıya, o cümlədən, əli qələm tutanlara da “pay” düşür:

Bir zaman öləndə doğulardılar
İndi sağlığında ölür şairlər -

beyti də oxucunu silkələyir...

“Ömür qapıları”nın sahibinə xeyir-dua verməyi özümə borc bilirəm: “Üzümüzə belə-belə poetik qapılar aç, bizi yenə də sehirlə, qardaş! Bu çətin yolda haqq köməyin olsun!”

Musa Yaqub:

“Ramiz Qusarçaylının şeirlərinin çoxdan məftunuyam. Yadımdadır, 80-ci illərdə “Ədəbiyyat qəzeti”ndə onun yan-yana iki şeri getmişdi, oxudum, məni dəhşət bürüdü, yeridim elə bil, heyrətə gəldim.

Dərddən danışırıq hamımız, yəni şeirdə bu dərddi, bu dərddi... Amma o dərdlərin heç birisi yadımızda qalmır, hansı ki, qafiyəylə deyirik, nə bilim nə ilə deyirik, ancaq Ramiz Qusarçaylının dediyi dərdlərin hamısının söz-söz rəngi var, predmeti var, onun məna çaları var”.

Anar:

“... Siz, Quba bölgəsində yaşayıb yaradan şairlər, ümumazərbaycan kontekstində düşünür, yazırsınız. Qarabağ dərdi də, özəlləşdirmənin problemləri də, deputat seçilməyin bəlaları da, hamınızı düşündürən məsələlərdir, bu da çox yaxşıdır ki, siz bir əyalətdə, bir regionda qapanıb qalmırsınız, bütöv Azərbaycanın şair vətəndaşları kimi çıxış edirsiniz, bu yöndə məclisin sədri Ramiz Qusarçaylının əməyi də az deyil...

İsa Həbibbəyli:

“Yetmişincilər: Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Kamal Abdulla, Mövlud Süleymanlı, Vahid Əziz, Ramiz Rövşən, Aqil Abbas, Çingiz Əlioğlu, Elman Həbib, Vaqif Məmmədov, Məmməd Alim, Firuzə Məmmədli, Ramiz Qusarçaylı, Xanəli Kərimli, İltifat Saleh və başqa yazıçı və şairlər ədəbiyyatda azərbaycançılığın mövqelərini daha da möhkəmləndirərək milli istiqlal ideyasına qədər qaldırıblar”.

Zəlimxan Yaqub:

“İstəkli dostum Ramiz Qusarçaylı!

Şəxsiyyətinə, yaradıcılığına dərin hörmət bəslədiyim, şeirlərini sevə-sevə oxuduğum, hər şeirində təzəlik, hər misranda yenilik gördüyüm, Vətənimizin saf, milli və doğma bir şairi kimi dəyər verdiyim, öz işığı ilə ürəyimə nur çiləyən, saylı-sanballı kitabları ilə yaddaşıma köçən qələm qardaşım, sənin 50 yaşını ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram, səni bağrıma basıram!”

Hidayət:

“Ay işığı” ədəbi məclisinin beş illiyi münasibəti ilə Sizi və məclisinizin bütün üzvlərini ürəkdən təbrik edirəm. Məclisiniz ölkəmizin dilbər guşələrindən olan Şimal bölgəmizdə yaşayan istedadlı yazıçıların üzə çıxarılmasında, onların əsərlərinin müzakirə edilərək çap olunmasında səmərəli fəaliyyət göstərir. Doğma Dərbəndin yazıçıları ilə mütəmadi ünsiyyətiniz, ardıcıl əlaqələriniz diqqətə layiqdir. Sizə yeni yaradıcılıq uğurları arzulayıram!”

Nizami Cəfərov:

“Ramiz Qusarçaylı qısa zaman kəsiyində rəngarəng yaradıcılığı və fədakar təşkilati bacarığı ilə sübut etdi ki, o, milli poeziyamızın ilkinliyinə və yaşarı ənənələrinə sadiq olan, amma ənənəyə yenilikçi şair kimi yanaşan bir sənətkardır, eyni zamanda, milli-mənəvi dəyərlərimizin keşiyində duraraq öz səmərəli fəaliyyətini bu istiqamətdə uğurla davam etdirən bir ziyalıdır”.

Ramiz QUSARÇAYLI

Gözümdə dərd çiçəkləri

Bu yazın pərt çiçəkləri,
Umsunur mərd çiçəkləri.
Gözümdə dərd çiçəkləri,
Arı mənə yaxınlaşır.

Bulaq seldə duru ölüm,
Gül payızda sarı ölüm,
Yarı dərddi, yarı ölüm
Hara mənə yaxınlaşır.

Yırtdım köhnə cəbrləri,
Dözümləri, səbrləri,
Artır şəhid qəbirləri
Sıra mənə yaxınlaşır.

Mənəm yerin altı, üstü,
Bir az alov, bir az tüstü,
Sevgidi dünyaya qəsdim,
Tanrı mənə yaxınlaşır ...

Eşq yolu

Tanrım, bu yol Eşq yolu
Gedirəm, bitmirəm ki.
Alırsan, al canımı
Xəsislik etmirəm ki...

Yüz yerdən izlənmişəm,
Düzünə düzlənmişəm,
Gözündə gizlənmişəm
Gözündən itmirəm ki...

Dadmışam hər azardan,
Nəyim var üz qızardan?!
Qorxum yoxdu məzardan
Piyada getmirəm ki...

Yağacaq

Kim deyir ki, bu çəndə
Sisdə qarlar yağacaq.
Yağsa, yağsa bu axşam
İsti qarlar yağacaq.

Eşq göylərin çuxası,
Ələ gəlmir yaxası,
Çox könüllər yıxası
Qəsdi, qarlar yağacaq.

Xəzan gülün məhşəri,
Sarısına şeh sərib...
Ürək qərib, meh qərib
Əsdi, qarlar yağacaq.

Sözdə qəm yığın-yığın,
Hara gedir bu axın.
Üşüyür tənhalığın
Büstü, qarlar yağacaq.

Yon daşa son sətrimi,
Qoy daş bilsin qədrimi...
Gül açacaq qəbrimin
Üstü, qarlar yağacaq.

Olmamış olmaz

Tanrım, bu meşəlikdə
Dəndə olmamış olmaz.
Yon bizdən adam düzəlt
Rəndə olmamış olmaz.

Kim var şahın başında,
Qəm yox ahın başında,
Bu günahın başında
Bəndə olmamış olmaz.

Xamdı nökər də, bəy də,
Ağıl üyüdür səy də,
Dərmanı Ərəsəydə
Çində olmamış olmaz.

İki cür iman olmur,
Kafirə aman olmur,
Gözdə tək duman olmur
Çən də olmamış olmaz.

Bu nə molla, nə dindar,
Əndər, göyləri, əndər,
Bir az qiyamət göndər
Səndə olmamış olmaz.

Qurudub göndərmə bənövşələri

Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.

Çatmadım bu il də yaza, bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.

Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla,
Qurudub göndərmə bənövşələri.

A bənövşələr

Nə çiçək günüdü, nə arı fəsli,
Nə yaza gedirəm, a bənövşələr...
Büküb ürəyimə bir sarı fəsli
Payıza gedirəm, a bənövşələr...
 
Bir yanda dağların bəyaz yuxusu,
Bir yanda quşların vida oxusu,
Üşüyür gözümdə xəzəl qoxusu
Ayaza gedirəm, a bənövşələr...
Heyrətim ovunmur güllü oyundan,
İslanır tənəyin yaşıl suyundan,
Asılıb qalmışam bir gül boyundan
Güdaza gedirəm, a bənövşələr...
 
Əsdirir səbrimi o sirr sevdalar,
Sərsəri sevdalar, səfil sevdalar,
Qanıma susayıb qəfil sevdalar
O qıza gedirəm, a bənövşələr...
 
Ömür ağ yol üstdə bəyaz yazıymış,
Çoxu çoxdan gedib, qalan azıymış,
Dünyanın son nazı ölüm nazıymış,
O naza gedirəm, a bənövşələr...

Göy gəzirəm Yerdə bir az...

Mövzu deyib dağı, düzü
Gəzib suyun çıxardıram.
Misraya yatmayan sözü
Əzib suyun çıxardıram.
 
Ruh uçunan sirdə yer az,
Göy gəzirəm yerdə bir az,
Ayrılığı Araz-Araz
Üzüb suyun çıxardıram.
 
İpək hördüm dəmirdən də,
Gül bağladım kömürdən də,
Can çəkişən ömürdən də
Bezib... suyun çıxardıram.
 
Dəniz gözlüm, bu mən, bu sən,
Gir könlümə, üz dərindən,
Sənsizliyi gözlərimdən
Süzüb, suyun çıxardıram...

 





15.12.2018    çap et  çap et