525.Az

Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”


 

32 RƏHBƏR VƏZİFƏNİ XƏLİFƏLƏR İDARƏ ETDİ

Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”<b style="color:red"></b>

Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” günü keçirilib.

Əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə ediblər. Yəni bir günlük rektor, prorektor, dekan, mərkəz müdiri, mətbuat katibi, müəllim, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olublar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edib, bir sıra yeniliklər həyata keçiriblər.

Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.

Bu layihə ilə tələbələr bəlkə də illər sonrakı arzularını həmin tarixdə bir günlük də olsa gerçəkləşdirmə şansı qazanırlar.  

XƏLİFƏ REKTOR

“Bir günlük xəlifə” günü rektorun səlahiyyətlərini universitetin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Salman Quliyev icra edib. Rektor Kamal Abdullanın iş otağında əyləşən xəlifə bir günlük Azərbaycan Dillər Universitetinin rektoru olub. Xəlifə-rektor universitetin aktiv tələbələrindəndir və rektor seçilməyində də bu, əhəmiyyətli rol oynayıb. Xəlifə rektorun dediyinə görə, bu günün önəmi vəzifəyə gəlmək yox, tələbələrə yönəlmiş normal qərarlar verməklə bağlıdır: “Biz özümüz də tələbə olduğumuz üçün onların problemlərini rəhbərlikdən daha yaxşı bilirik. Bu mənada elə qərarlar verməliyik ki, onlar qanuna zidd olmasın və biz növbəti gün universitetə tələbə kimi qayıdarkən həmin qərarlardan dolayı çətinliklər yaşamayaq. Biz gün ərzində müxtəlif qərarlar verdik. Qanun çərçivəsindən kənara çıxmamaq şərti ilə. Eyni zamanda, səsvermələr zamanı platformamız haqqında danışarkən tələbələrə müəyyən sözlər vermişik. Çalışdıq ki, verilən vədləri elə yerinə yetirək ki, həm tələbələr,  həm də rəhbərlik bizdən razı qalsın. Bu vəzifənin necə çətin və məsuliyyətli olduğunu xəlifə rektor olduqdan sonra hiss etdim. Vəzifəmi icra edərkən stress, həyəcan yaşadım”.  

“TƏDRİS İŞLƏRİ ÜZRƏ PROREKTORU ƏVƏZ ETMƏK MƏSULİYYƏTLİ İŞDİR”  

“Bir günlük xəlifə” layihəsinin seçimlərində ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə seçilən Elşad İbadzadə Təhsil fakültəsinin 4-cü kurs tələbəsidir. Xəlifə prorektorluğun gündəlik iş planları ilə bağlı fikirlərini bölüşür: “Biz səsvermə prosesində artıq bu işin məsuliyyətini dərk edərək hazırlaşmağa çalışdıq. İşin ağırlığını elə günün ilk saatlarından hiss etməyə başladıq.  Həmin gün bir neçə tələbə müəyyən təklif və şikayətlərlə müraciət etdi. Təbii ki, müraciətlərin hamısına baxıldı və günün sonunda rektorluqda müəyyən qərarlar verməyə çalışdıq. Biz həmin gün kafedra müdirləri ilə də görüşlər keçirdik ki, tələbələrin şikayətləri və mövcud olan çatışmazlıqları onlara bildirək. Düşünürəm ki, bu, həm tədrisin keyfiyyətini artıracaq, həm də universitetin digər ali təhsil müəssisələri ilə müqayisədə nüfuzunu yüksəldəcək”.

E.İbadzadə ilk növbədə qıraqdan baxanda asan görünsə də, bu vəzifə və onun icrasının çox çətin və məsuliyyətli bir iş olduğunu bildirib: “Mənə tapşırılan vəzifə və öhdəliklərin öhdəsindən gəlmək üçün bütün gücümü səfərbər etdim. Düşünürəm ki, bu gün mən vəzifəmin öhdəsindən layiqincə gəldim və mümkün qədər tələbələrə köməklik etməyə çalışdım. Tədris işləri üzrə prorektoru əvəz etmək çox məsuliyyətli bir işdir. Çox sevindirici haldır. Həmin gün həmişə tələbə kimi gəldiyim otağa, vəzifənin icraedicisi kimi gəldim. Bu, çox möhtəşəm hiss idi. Tələbə yoldaşlarım platformamı bəyəndikləri üçün məni bu vəzifəyə layiq gördülər. Düşünürəm ki, seçilməyimdə çıxışımın əvvəlində və axırında dediyim sözlərin təsiri böyükdür”.  

“İŞİN AĞIRLIĞINI ELƏ GÜNÜN İLK SAATLARINDA HİSS ETMƏYƏ BAŞLADIQ”  

Tərbiyyə işləri üzrə prorektor universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin III kurs tələbəsi Lamiə Əhmədzadə də bir günlük də olsa Tərbiyə işləri üzrə xəlifə olmağın kifayət qədər çətin və məsuliyyətli olduğunu deyir. Onun sözlərinə görə, işin ağırlığını elə günün ilk saatlarında hiss etməyə başlayıb: “Gün ərzində platformama uyğun olaraq “İlin fərqlənən  müəllimləri”ni müəyyən etmək üçün  tələbələr və kafedraların birgə sorğusunu keçirdik. Sorğunun nəticələrinə əsasən, qalib seçilən müəllimlər təşəkkürnamələrlə təltif olunacaq. Fakültə dekanlıqlarında tələbələrin kitab mübadiləsi aparması üçün “Götür-qoy” şkafları ilə təhciz olundu. Yataqxana, bufet, kitabxana, idman zalı kimi yerlər tələbələrin təkliflərinə əsasan çatışmayan avadanlıqlar təchiz olunması üçün təqdimat yazdıq. Müxtəlif mərkəzlərdə mədəni-kütləvi tədbirlərin təşkil olunması ilə bağlı təkliflərimi verdim və bu tədbirlər həyata keçirildi. ADU -nun yataqxanasına gedib, tələbələrlə görüşüb onlarla fikirlərini öyrəndik. Yataqxanadakı mövcud çatışmazlıqla bağlı təqdimat yazdım. Tərbiyyə işləri üzrə prorektor vəzifəsini icra etmək göründüyündən daha çətin imiş. Bütün gün boyu tələbələrlə işlədim, onların iradlarını və təkliflərini öyrəndim, onlar üçün çalışdım. Müxtəlif tədbirlərə, korpuslara getmək yorucu olsa da, xoş idi. Gələcəkdə bu vəzifəni icra etmək istərdim. Çətinlikləri və məsuliyyəti çox olsa da, bu vəzifə icra etmək kifayət qədər maraqlıdır”. 

XƏLİFƏ DEKANDAN REKTOR KAMAL ABDULLAYA TƏŞƏKKÜR  

Bir günlük “xəlifə” beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı vəzifəsini icra edən universitetin Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Məsim Rəfili deyir ki, ona verilən səlahiyyətdən yararlanıb, müəyyən istiqamətdə bir sıra tədbirlərdə iştirak edib: “Auditoriyalara daxil olub tələbələrin problemləri ilə maraqlandım, onların həlli istiqamətində təkliflər hazırladım. Həmçinin, dekanın bir gün ərzində edə biləcəyi işləri görməyə çalışdım”. M.Rəfili onlara yaradılan bu şəraitə görə, rektor Kamal Abdullaya öz təşəkkürünü bildirir: “Biz tələbələrə yaratdığı bu şəraitə görə, rektorumuz, akademik Kamal Abdullaya təşəkkürümü bildirirəm. Həqiqətən çox möhtəşəm bir təcrübədir. Bu, tək mənim üçün yox, “xəlifə” seçilən bütün tələbələr üçün əvəzedilməz duyğudur. Bir günlük də olsa bu vəzifəni tutanda həm tələbənin, həm də rəhbər vəzifə sahibinin baxış bucağına mütənasib hərəkət edə bilirsən. Artıq götür-qoy edirsən ki, tələbə bunu istəyir və ortaq yol tapmağa çalışırsan. Bu mənada, qeyd etdiyim kimi, bu, çox xoş işdir mənim üçün, çünki mən həm də elm sahəsində ixtisaslaşmaq istəyirəm. Buna görə də, düşünürəm ki, bu layihə mənim gələcək karyerama da çox böyük töhfə verəcək və eyni zamanda, əvəzedilməz bir gün olaraq daim mənim yaddaşımda qalacaq”.  

“BİR GÜNLÜK XƏLİFƏ” LAYİHƏSİ TƏLƏBƏLƏRƏ PEŞƏ MƏSULİYYƏTİNİ DƏRK ETMƏYƏ YARDIM EDƏCƏK 

“Bir günlük xəlifə”nin mətbuat katibi Seyidxanım Abasovanın sözlərinə görə, bu layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişaf etdirilməsinə, onların peşə məsuliyyətini dərk etməsinə yardım etməkdir: “Bu gün universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla, 32 rəhbər vəzifəni tələbələrin açıq səsvermə yolu ilə seçildiyi “xəlifə”lər idarə etdi. Həmin “xəlifə”lər universitetdə bir gün ərzində tədris prosesi, inzibati və digər işlərlə bağlı qərarlar qəbul edə, həmçinin, yeniliklər həyata keçirə bilmə hüququna malik olublar. “Xəlifə”lərin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malikdir. Onu da qeyd edim ki, xəlifələr 13 dekabrdan sonra “kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələri davam etdirəcəklər”.  S.Abasova deyir ki, ADU-nun mətbuat katibi olmaq sozün  həqiqi mənasında çox çətin bir işdir: “ADU-nun mətbuat katibi həmin universitetin imicini müəyyən edir. Bu vəzifə sahibi universitetlə media arasında bir körpü rolunu oynayır. Deyilən hər bir sözün və eyni zamanda, görülən hər bir işin yükünü öz çiyinlərində daşıyır. 13 dekabr “Xəlifə günü” ərzində görülən hər bir işi, keçirilən hər bir tədbiri son dərəcə yaxından izləyib mediaya çatdırmaq bu vəzifənin ən böyük məsuliyyəti və çətinliyidir. Bütün bunları nəzərə alaraq demək olar ki, bu vəzifənin universitet həyatındakı rolu, önəmi, məsuliyyəti və ağırlığı göz önündədir”.     

PLATFORMAYA DAXİL EDİLƏN MƏSƏLƏLƏR  

Filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edən sözügüdən fakültənin 3-cü kurs tələbəsi Əfsanə Bağırova 7 namizəd arasından xəlifə postuna sahib çıxıb. 64  balla seçilib. O deyir ki, rəqibinin balı 10 səs ondan az idi. Ona görə də üstünlüyü ələ alıb və seçilib. O, birgünlük idarətmə formasını tələbələrin istəkləri üzərinə hazırladığını deyir: “Həmin gün üçün platformamı müəyyənləşdirmək üçün tələbələrlə görüşdüm. Onların fikrini öyrəndim. Tələbələr təhsil haqlarının ödənilməsi üçün verilən müddətin uzadılmasını, akademik göstəriciləri yüksək olan tələbələrin mükafatlandırılması, otaqlarının hər birinin proyektorla təchiz olunması, əsas korpusda oxu zalının təşkil olunması, imtahan cavablarının tyutorlar tərəfindən tələbələrə çatdırılması, seçmə fənlərə ikinci dilin təklif edilməsi kimi təkliflər irəli sürdülər. Bu təkliflər xəlifə rektora təqdim edildi. O da bu təklifləri ADU-nun rektoru, akademik Kamal Abdullaya təqdim edəcək. Dekan vəzifəsini icra etmək çətin və məsuliyyətli bir işdir. Çalışdım ki, bu işin öhdəsindən layiqincə gəlim”.  

Ə.Bağırovanın sözlərinə görə. onlar iclas da keçiriblər. İclasda rektor, prorektor və seçilən 32 xəlifə iştirak edib. İclasda müəyyən qərarlar qəbul edilib: “Mənim qərarlarım məntiqə və tələbələrin istəklərinə əsaslanır. Ona görə də, rektorluq tərəfindən qəbul ediləcəyinə inanıram”.  

TƏLƏBƏLƏR “BİR GÜNLÜK XƏLİFƏ”YƏ BÖYÜK MARAQ GÖSTƏRİB 

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli deyir ki, “Bir günlük xəlifə” layihəsinə iki ay öncədən hazırlıq işləri görülüb: “Oktyabrın 2-dən noyabrın 2-dək layihədə iştirak etmək üçün 251 nəfər ərizə verib, 138 nəfər 2-ci mərhələ üçün seçilib. 27-30 noyabr 2-ci mərhələ seçkiləri 31 vəzifə üzrə 99 namizəd iştirak edib.  Təhsil fakültəsi üzrə 70/7 BMİ 36/13 SABAH 1/1 Magistratura 2/1 Doktorantura 1/1 FJ 15/4 TM 13/4 Rektorluq üçün 20 nəfər 2-ci tura buraxılıb. 9 nəfər seçkidə iştirak edib, Salman Quliyev 80 səslə qalib gəlib. Allahverdiyev Samir isə 71 səslə 2-ci olub. Rektor seçkilərində 218 nəfər seçici qismində iştirak edib. 4 gün ərzində 880 nəfər seçici seçkilərdə iştirak edib. Təhsil, Tərcümə, BMİ, FJ üzrə 50, SABAH və Magistratura üzrə 20 nəfər. Seçilən namizədlərdən 4 nəfər I kurs, 14 nəfər II kurs, 7 nəfər III kurs, 4 nəfər IV kurs, 1 nəfər magistr, I kurs 1 nəfər isə doktorantdır. Bu il də 31 vəzifə üzrə ümumilikdə 251 tələbə öz namizədliyini irəli sürmüşdü ki, bu da olduqca böyük rəqəmdir. Elə bu da layihəyə olan maraqdan xəbər verir: “Tələbələr həmin posta seçilməsələr belə, namizəd tələbələrin hamısı özlərində məsuliyyət hiss edir. Əslində, bu da böyük işdir. Ən azından, tələbə həmin işin  ağırlığını, məsuliyyətini hiss edir”.

A.Cəfərli bildirib ki, ötən il olduğu kimi, bu il də tələbələr “Bir günlük xəlifə” layihəsinə çox böyük maraq göstərib: “Onlar bu günü böyük səbirsizliklə gözləyirdilər. Hər kəs də həvəslə, məsuliyyətlə layihədə iştirak etdi. Layihə tələbələrə ictimai həyatda fəal iştirak etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratdı”.

Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra etdilər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırdı ki, bu  kabinet  növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək.

S.QARAYEVA

 





16.12.2018    çap et  çap et