525.Az

“Foto və Söz”ün təqdimatı keçirildi


 

“Foto və Söz”ün təqdimatı keçirildi <b style="color:red"></b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında yazıçı-jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin “Foto və Söz” kitabının təqdimat mərasimi olub.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli təqdimatı keçirilən kitab haqqında məlumat verib, onun fotojurnalistika sənətinin öyrənilməsində əhəmiyyətindən danışıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək sürətlə dəyişən və inkişaf edən həyatımızda fotonun önəmini vurğulayıb, fotoqrafiya sahəsinə diqqətin artırılmasının vacibliyindən söz açıb. Müəllifi yeni kitabı münasibətilə təbrik edən R.Məcid “Foto və Söz” kitabının yalnız peşəkar fotoqraflar və jurnalistika fakültələrinin tələbələri üçün deyil, eləcə də həvəskar fotoqraflar, həmçinin, geniş oxucu auditoriyası üçün maraqlı olacağına inandığını deyib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Zöhrə Əliyeva, Əməkdar jurnalist Azər Həsrət, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu, AZpress.AZ xəbər saytının baş redaktoru Rasim Sadıxov və başqaları çıxış edərək nəşrlə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, “CBS” nəşriyyatında çapdan çıxan kitab Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin elmi şurasının qərarı ilə metodik vəsait kimi tövsiyə edilib. Ümumilikdə 18 fəsil, 228 səhifədən ibarət kitab gələcəyin jurnalistləri, foto həvəskarları, peşəkar fotoqraflar, həmçinin, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin məsləhətçiləri BDU-nun professoru Cahangir Məmmədli və Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğludur.

Qeyd edilib ki, kitabda fotoqrafiyanın tarixi, inkişaf mərhələləri, dünyada fotoaparat istehsalı, fotonun həm də əmtəə kimi rolu, Azərbaycanda fotoqrafiyanın inkişafında rol oynamış şəxslər, jurnalistika janrında fotoqrafiyanın rolu və yeri, redaksiyalarda fotoya münasibət və digər məsələlər yer alıb. Müəllif öz təcrübəsi əsasında və təqdim etdiyi özəl fotoların timsalında gələcək fotojurnalistlərə tövsiyələr verir, həmçinin, ev tapşırıqları təqdim edir. Ən əsası isə foto ilə sözün uzlaşdırılması məsələsi misallar əsasında, müəllifin öz yaradıcılığı nümunəsində təqdim edilir.

Sonda çıxış edən müəllif tədbirin iştirakçılarına təşəkkürünü bildirib. Fotoqrafiyanın sənət kimi qəbul olunmadığını, fərdlər şəklində inkişaf etdiyini deyən müəllif kitabın ideya müəllifinin Əflatun Amaşov olduğunu vurğulayıb. Kitabın çapında zəhməti olan hər kəsə təşəkkürünü bildirən Ş.Nəzərli gələcəkdə bu sahəyə dövlət səviyyəsində diqqət ayrılacağına inandığını vurğulayıb.

Şahanə MÜŞFİQ

 





16.12.2018    çap et  çap et