525.Az

“Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans


 

“Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Media və təhsil dialoqu” mövzusunda altıncı təlim-konfrans keçirilib.

Konfransda ADPU-nun prorektorları, Təhsil Nazirliyinin əməkdaşları,  media kapitanları, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak edib.

Təlim-konfransdan əvvəl akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olunan tələbələrlə görüş keçirilib və dərs prosesi izlənilib.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev konfransı açaraq, belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, ADPU 2018-2019-cu tədris ili üçün tələbə qəbulunda yüksək nəticələr əldə edib. Bunu rəqəmlər də birmənalı şəkildə təsdiqləyir. Belə ki, son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha çox bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Yüksək bal toplayan tələbələr müəllim olmağa üstünlük verirlər. 5 il öncə 500 və daha çox bal toplayan 922 nəfər abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha çox bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.

Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov ADPU-da həyata keçirilən yeniliklər barədə məlumat verərək qeyd edib ki, son illər yüksək bal toplayan tələbələrin müəllimlik ixtisasına marağı xeyli artıb: “Bu il ADPU-ya 8 fakültə, 22 ixtisas üzrə 2160 tələbə - 935 nəfər tələbə dövlət sifarişi əsasında, 1225 nəfər tələbə isə ödənişli əsaslarla qəbul olunub. ADPU-da plan yerlərinə qəbul olunanların 97 faiz qeydiyyatdan keçib. Məmnunluq hissi ilə deyə bilərik ki, son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının əsas mərkəzi hesab edilən  ADPU-nu seçənlərin sayı artıb”.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov vurğulayıb ki, 2018-2019-cu tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 17 ixtisas, 18 ixtisaslaşma üzrə 286 nəfər -106 nəfəri dövlət sifarişi əsasında, 180 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul 86,6% olub: “Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat, həm də magistratura səviyyələrində yüksək göstəricilərdir. Bu yüksək göstəricilər isə son illər ölkədə və universitetdə həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü tədbirlər nəticəsində pedaqoji təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir”.

Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov sözügedən mövzuda təlim-konfransın artıq 6-cı dəfə keçirildiyini diqqətə çatdırıb. Məqsəd Təhsil Nazirliyi tərəfindən media və təhsil dialoqu çərçivəsində müzakirələrin davam etdirilməsidir: “Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi,  ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır”.

Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin “Universitet veb-saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, universitetin standartlara cavab verən  veb-saytının olması vacib şərtlərdəndir: “Veb-sayt vasitəsilə tələbələr universitet, ixtisaslar, proqramların siyahısı, tədris prosesi haqda dolğun məlumat almaq imkanı qazanır. Səhifədə yer alan məlumatın məzmunu rahat və tələbəyə yaxın olan dildə verilməlidir”.

Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri” mövzunda təqdimat edib. Menecer bildirib ki, universitetlərin veb-saytları hazırlanarkən məlumatların qorunması üçün bəzi təhlükəsizlik tədbirlərinin görülməsi başlıca şərtlərdəndir. O, ali təhsil müəssisələrinin veb saytlarının monitorinqinin nəticələrini açıqlayıb, həmin internet səhifələrinin təkmilləşdirilməsində yeni alətlərdən istifadə olunması qaydaları barədə məlumat verib.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki,  ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri çox fəaldırlar: “Hətta bəzən həddindən artıq fəaldırlar. Onlar KİV-lə əlaqələri çox yaxşı səviyyədə qurublar. Fikrimcə, mətbuat xidməti olmaq üçün insanda xüsusi keyfiyyət olmalı, yeni texnologiyalarla ayaqlaşmağı bacarmalıdır. Ən başlıcası isə işinə, təmsil etdiyi universitetə sevgi olmalıdır”.

“Yeni Müsavat”qəzetinin baş redaktoru Rauf Arifoğlu isə vurğulayıb ki, universitetlərin veb saytlarında mövcud olan xırda çatışmazlıqlara digər saytlarda da rast gəlmək mümkündür.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı,  “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz ali təhsil müəssisələrinin media və təhsil əlaqələrindən, mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılmasının əhəmiyyətindən danışıb, media-təhsil dialoqu barədə fikirlər səsləndiriblər.

Konfransda, həmçinin, yeni məzmun, forma və tərtibatda çap olunan “Azərbaycan məktəbi” jurnalı konfrans iştirakçılarına təqdim edilib.  Bildirilib ki, 1924-cü ildən nəşr olunan jurnal beynəlxalq standartlara cavab verən elmi məqalələrin dərcinə nail olmağı qarşısına məqsəd qoyub.

S.QARAYEVA

 





16.12.2018    çap et  çap et