525.Az

OYU-də Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı oldu - Fotolar


 

OYU-də Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı oldu - <b style="color:red">Fotolar </b>

Odlar Yurdu Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı olub.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman, Milli Məclisin deputatı, Azərbaycan Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərov, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, millət vəkilləri Sona Əliyeva, Dilarə Cəbrayılova və digər qonaqlar iştirak edib.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman mərkəzin rəmzi açılışını bildirən lenti kəsiblər.

Daha sonra çıxış edən Ə.Vəliyev bildirib ki, qədim tarixi, zəngin mədəniyyəti olan türk xalqları bəşəri sivilizasiyanın inkişafında, dünya ictimai-siyasi modelinin, ədəbi-bədii fikrinin formalaşmasında əhəmiyyətli rol oynayıb, tarixin siyasi və mədəni səhnəsində özlərinin öncül yerlərini daim qoruyub saxlayıblar: “Qeyd etməliyəm ki, çoxminillik tarixi olan türk xalqlarının mənəvi dəyərlərinin öyrənilməsi Sovetlər Birliyinin hakimiyyəti dövründə ideoloji basqılara məruz qalıb və bu birlik daxilində yaşayan türk xalqları basqıların təsiri nəticəsində öz həqiqi tarixlərini öyrənməkdən, milli dəyərlərə sahib çıxmaqdan məhrum ediliblər”.

O əminliyini bildirib ki, bu mərkəz türk dünyası xalqlarının tarixi köklərinə dair tədqiqatların öyrənilməsi, inkişaf etdirilməsi və dünyaya tanıdılması istiqamətində olduqca mühüm işlər görəcək.

M.Ağırman Türk Dünyası Araşdırmaları Mərkəzinin yaradılmasının ölkələrimiz arasında təşəkkül tapmış yüksək mədəni və humanitar əlaqələrin təzahürü olduğunu və bunun əlaqələrimizin daha da inkişafına xidmət edəcəyini bildirib.

O vurğulayıb ki, birgə səylər nəticəsində Azərbaycan və türk xalqları arasında olan dostluq əlaqələri, eyni zamanda ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq sahələri daha da möhkəmlənib inkişaf edəcək və bu dostluq münasibətləri ölkələrə təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri, tələbələrə müxtəlif ölkələrin universitet və elmi-tədqiqat mərkəzlərində təhsil almaq və təcrübə keçmək imkanı verəcək.

Tədbirdə eyni zamanda qeyd olunub ki, Ankara Universiteti TÖMER nümayəndəliyi Azərbaycanda Odlar Yurdu Universitetinə verilib.

S.Əliyevanın rərbərliyi fəaliyyət göstərəcək TÖMER Mərkəzində Türkiyənin müxtəlif universitetlərində bakalavr, magistratura və doktorantura pilləsi üzrə türk dilində təhsil almağa qərar verən gənclər üçün Türkçe Yeterlik Sınavı (TYS-TÖMER) imtahanı təşkil olunacaq.











 





17.12.2018    çap et  çap et