525.Az

Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir


 

"HƏR BİR ÖLKƏNİN GÜCÜNÜ, İLK NÖVBƏDƏ, ONUN HƏRBİ QÜDRƏTİ MÜƏYYƏN EDİR"

Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir<b style="color:red"></b>

Azərbaycanda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli dövlətin diqqət mərkəzində duran məsələlərdəndir.

Prezident İlham Əliyevin rəhbərliyi altında bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğının növbəti əyani nümunəsi kimi, dünən Bakının Sabunçu rayonunda yeni inşa olunmuş binalardan 394 hərbçi ailəsinə mənzillərin verilməsini qeyd etmək olar.

Mənzillərin təqdim olunması mərasimində iştirak edən dövlət başçısı mənzillərə baxış keçirərək yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bu binalarda ümumi sahəsi 37 min kvadratmetrdən çox olan 394 mənzil hərbi qulluqçular üçün ayrılıb. Onların 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlıdır. Daimi su, qaz, elektrik enerjisi ilə təmin olunan mənzillərə telefon və internet xətti də çəkilib. İstilik və isti su təchizatını təmin etmək məqsədilə hər bir mənzil kombi sistemi ilə təchiz olunub.

Daha sonra mənizlərlə təmin olunan hərbi qulluqçuların ailələri ilə görüşən Prezident İlham Əliyev Azərbaycan dövlətinin bu kateqoriyadan olan şəxslərin, həmçinin, şəhid ailələri, müharibə əlilləri və veteranlarının problemlərinə həmişə qayğı ilə yanaşdığını, göstərilən diqqətin daimi olduğunu bildirib, ötən dövrdə bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib.

Dövlət başçısı görüşdə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl müvafiq fərman imzaladığını xatırladıb, sənədə əsasən, qüsursuz xidməti fərqlənən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillərin verildiyini bildirib.

Prezidentin sözlərinə görə, bugünə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib: "Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir".

Ölkə rəhbəri vurğulayıb ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilib: "Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar".

Prezident qeyd edib ki, müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır: "Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik".

Builki prezident seçkilərindən dərhal sonra imzaladığı birinci fərmana əsasən, şəhid vərəsələrinə dövlət tərəfindən 11 min manat vəsaitin verilməsinə başlanıldığını deyən ölkə başçısı qeyd edib ki, təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq: "Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır".

Daha sonra Azərbaycanda həyata keçirilən ordu quruculuğundan danışan Prezident İlham Əliyev son illər Silahlı Qüvvələrimizin madddi-texniki təminatının daha da yaxşılaşdırıldığını, döyüş qabiliyyətinin artırıldığını qeyd edib, orduda böyük ruh yüksəkliyinin hökm sürdüyünü bildirib: "Ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur".

2016-cı ilin Aprel döyüşləri, bu il həyata keçirilən Günnüt əməliyyatından söz açan dövlət başçısı regionda işğalçılıq siyasəti həyata keçirən Ermənistan dövlətinin ordumuzun gücünü əyani şəkildə öz üzərində hiss etdiyini çıxışında ifadə edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən, müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir".

Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə uğurlu işlər görülür, bu kateqoriyalardan olan vətəndaşlarımızın sosial rifah halı daha da gücləndirilir. E.Həsənli Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin hədiyyə olunmasını, həmçinin, şəhid vərəsələrinə birdəfəlik ödəmələrin verilməsini bu istiqamətdə həyata keçirilən fəaliyyətin mühüm tərkib hissəsi kimi qiymətləndirib. O, SİA-ya bildirib ki, bu, həmin kateqoriyadan olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış uğurlu siyasət kursunun davam etdiyini göstərir: "Prezident əlamətdar hadisələri, ad günlərini həmişə şəhid ailələri, Qarabağ qaziləri ilə birgə keçirir. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın mənzil-məişət problemlərinin həlli, avtomobillərlə təmin olunması, təqaüd ayrılması, onların övladlarının təhsil haqqından azad edilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Həmçinin, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilir. Təhsil müəssisələri, səhiyyə ocaqları və küçələrə qəhrəman şəhidlərimizin adları verilir, vaxtilə yaşadığı evlərə borelyefləri vurulur. Bu, dövlət səviyyəsində şəhidlərə, onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi, diqqət və qayğının əyani təzahürüdür".

E.Həsənli əlavə edib ki, Azərbaycan əhalinin həssas qrupuna göstərdiyi diqqət və qayğıya görə dünya ölkələrinə nümunə ola bilər: "Bu gün ölkəmizdə həm şəhid ailələrinə, həm müharibə əlillərinə, həm məcburi köçkün ailələrinə, eləcə də əhalinin digər həssas qruplarına böyük qayğı ilə yanaşılır. Bu məsələlər birbaşa ölkə prezidentinin nəzarəti altındadır".

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov da bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman ordumuzda xidmət edən hərbçilərə böyük diqqət və qayğı göstərir: "Hərbi qulluqçuların mənzil şəraitinin, sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycan öncül ölkələrdən sayılır".

C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak etməsi buna bariz nümunədir.

Artıq ölkəmizdə qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillərin verilməsi prosesinin geniş vüsət aldığını deyən ehtiyatda olan polkovnik söyləyib ki, görülən işlər nəticəsində əsgər və zabitlərimizin xidmət şəraiti böyük dərəcədə yaxşılaşıb: "Bugünə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Azərbaycan prezidenti həm də hərbçilər üçün idman şəhərciklərinin salınması, təlim mərkəzlərinin yaradılması məsələsinə də böyük diqqət ayırır".

C.Xəlilov bildirib ki, Azərbaycanda bütün qoşun növlərində hərbi qulluqçuların xidməti fəaliyyəti üçün yüksək səviyyədə şərait yaradılıb: "Buna misal olaraq son illərdə bir çox hərbi şəhərciklərimizdə aparılan əsaslı təmir-bərpa işlərini söyləmək olar. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir".

Ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlərin görüldüyünü dilə gətirən polkovnik vurğulayıb ki, bu gün ordumuzun güclü hərbi texnika ilə təchiz olunması nəticəsində Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasına daxil olub.

Ceyhun ABASOV

 





18.12.2018    çap et  çap et