525.Az

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başa çatdı


 

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başa çatdı<b style="color:red"></b>

Amerikalı alim: "Kütləvi işsizlik olacaq"

Bakıda-Milli Məclisdə (MM)  Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işini başa çatdırıb.

Konfransın sonuncu iş günündə "Güclü gələcək: sabahın iş yerləri" mövzusunda üçüncü sessiyada Oksford Universitetinin professoru Daniel Susskind əsas mövzuya dair məruzə ilə çıxış edib. O bildirib ki, 2020-ci ilədək dünyada qarşıya çıxacaq ən böyük problem kütləvi işsizlik olacaq: "Ona görə, elə kadrlar hazırlanmalıdır ki, onlar müasir dövrün texnologiyası ilə işləməyi bacararaq rəqabət apara bilsinlər. Eyni zamanda, texnoloji sistemləri özləri də hazırlaya bilsinlər. Təəssüf ki, bütün ölkələrdə belə insanların hazırlanması üçün kifayət qədər imkanlar yoxdur".                                                   

Xoloud Alxaldi: "Dünyada işsizliyin həddi 63 faizdir..."

Beynəlxalq Əmək Təşkilatının (BƏT)  Şərqi Avropa və Mərkəzi Asiya üzrə bürosunun direktor müavini Xoloud Alxaldi bu gün dünyada işsizliyin həddinin 63 faiz olduğunu deyib. O bildirib ki, bəzi regionlarda və ölkələrdə gənclər arasında işsizlik daha yüksəkdir, onlar üçün iş yerlərinin yaradılması ilə bağlı qlobal hərəkat yaradılıb: "2030-cu ilədək qlobal hərəkat gündəliyinə müvafiq olaraq parlament üzvləri, elm xadimləri, QHT-lərin iştirakı ilə gənclər üçün tədbirlərin həyata keçirilməsi, o cümlədən, iş yerlərinin yaradılması ilə bağlı alyans təsis olunub. Layiqli iş yerləri ilə bağlı bir sıra mexanizmlər hazırlanıb".

Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində sıradan çıxacaq

"Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib ki, dünyada texnologiyaların sürətli inkişafı nəticəsində bir sıra peşələr və iş növləri sıradan çıxacaq, milyonlarla insan iş yerlərini itirməli olacaq: "Elm və texnologiyaların inkişafı növbəti 15 il ərzində daha da aktual olacaq. Robotlar artıq son illər ərzində populyarlaşıb və gələcəkdə daha da populyarlaşacaq. Növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq. Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində sıradan çıxacaq. Ona görə də inklüziv dayanıqlı iqtisadi inkişaf üzrə "Hamıya iş yerləri" şüarı altında işlər görülməlidir. Ümumilikdə tendensiya belədir ki, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olanlar üçün iş yerləri aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə, işlərini itirəcək. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər". R.Rüstəmov Azərbaycanda insan kapitalının gələcəkdə gözlənilən dəyişikliklərə uyğunlaşmağa hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda ölkəmizin peykləri gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. 2011-ci ildə "Azərkosmos" ASC yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində biz "Azərkosmos" komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq.

Alyaa Alijassim: "Beynəlxalq meyllər nəzərdən keçirilir"

Panel müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərindən olan deputat Alyaa Alijassim ölkəsinin bu sahədəki təcrübəsindən, gördüyü işlərdən danışıb. Bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri gənclərin özlərini inkişaf etdirməsi üçün lazımi şəraiti yaradır: "Müvafiq hakimiyyət dairələri qanunvericilik aktlarının gənclərə təsirini qiymətləndirir. Qanunvericilikdə edilə biləcək dəyişikliklərlə bağlı beynəlxalq meyllər nəzərdən keçirilir".  

Ombudsman, "zəhərlənmiş sümük", Şvartsenegger və Stallone... 

Macarıstanın gələcək nəsillər üçün sabiq komissarı Sandor Fülöp Ombudsman təsisatının tarixi barədə danışıb. O deyib ki, ombudsmanın bütün dünyada 100-dən çox modeli var. Komissar parlament və ombudsman təsisatlarının səylərini birləşdirərək fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. S.Fülop ombudsmanlara inzibati səlahiyyətlərin verilməsinin əleyhinə çıxıb və  qeyd edib ki, bu, gələcəkdə "zəhərlənmiş sümük" effekti verə bilər: "Yəni ombudsmalara inzibati səlahiyyətlər verildiyi təqdirdə, onlar artıq inzibati, icraedici administrasiyanın bir elementinə çevriləcəklər. Ümumiyyətlə, dünyada 70-ə yaxın Ombusman modeli var və o modellərdən ən məqbulları seçilməlidir. Məsələn, ekologiya ombudsmanları ola bilər..." O, çıxışında həmçinin, məşhur Hollivud ulduzları Arnold Alois Şvartseneggerlə Silvestr Stallonenin birgə çəkildikləri məşhur filmin bir səhnəsini, fraqmentini xatırladıb: "Şvartseneggerlə Stallone səhrada bir şirlə üzbəüz qalırlar. Arnold bir az əzgin, yorulmuş vəziyyətdə olur, Silvestr isə əzələlərini oynadır, məşq edir. Arnold deyir ki, sən toxsan, şir səni yeyə bilər? Silvestr də qayıdıb deyir ki, çalışıram ki, səndən tez qaçam, şirdən yox... İndi bunu deməkdə məqsədim hansı cəmiyyət, hansı dövlət daha çox məqsədlərə nail olsa, daha çox xilas olmuş, daha çox qabağa getmiş olacaq, inkişafdan geri qalan isə daha tez əziləcək..."

MM-də "keçi südü" söhbəti...

İspaniyalı xanım parlamentari  isə çıxışında  qeyd edib ki, bu gün dünyada keçi südü və pendirinə ciddi ehtiyac var. "Ona görə keçi südü və keçi pendirinin satılması daha da müsairləşdirilməlidir. Yəni, bu işlə məşğul olanlara köməklik göstərilməsi üçün internet vasitəsi ilə sifarişlər etmək olar. Yəni onlara daha peşəkar səviyyədə belə imkanlar da yaradılmalıdır..." - deyə, ispaniyalı parlamentari əlavə edib.

Sevinc Fətəliyeva: "Heç bir ölkə, icma, cəmiyyət terrorçuluqdan, ekstremizmdən sığortalanmayıb"

Millət vəkili Sevinc Fətəliyeva öz növbəsində  qeyd edib ki, savadlı, enerjili, yaradıcı gənclər hər bir ölkənin gələcəkdəki gücünü, uğurunu təmin edir: "Gənclərin ehtiyaclarının qarşılanması üçün hökumət və parlament birlikdə işləməli, uğurlu gələcək naminə onlara yaxşı təhsil, layiqli əmək təmin etməlidir". O, həmçinin, dünyada mövcud olan təhdidlər haqqında danışıb və qeyd edib ki, heç bir ölkə, icma, cəmiyyət terrorçuluqdan, ekstremizmdən sığortalanmayıb. Ermənistan-Azərbaycan  münaqişəsi barədə danışan deputat deyib ki, Azərbaycan ərazisinin 20 faizi iyirmi ildən çoxdur işğal altındadır: "Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".

Şahin İsmayılov: "Münaqişələrə son qoymaq lazımdır"

Konfransın bağlanış sessiyasında yekun sənədin təqdimatı olub. Təqdimat zamanı deputat Şahin İsmayilov deyib ki, münaqişələrə son qoymaq lazımdır, çünki münaqişə zonalarında təhsillə məşğul olmaq imkanı məhdud olur: "Gələcək nəsillər naminə hüquq və maraqların qorunması və təşviq edilməsi hər kəsin məqsədinə çevrilməlidir". Millət vəkili alternativ enerjidən istifadə etmək üçün yaxşı qanunların qəbul edilməsinin vacibliyinə toxunub. Konfrans çərçivəsində davamlı inkişaf məqsədlərinə çatmaq üçün müzakirələrin aparıldığını deyən deputat bu istiqamətdə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, biomüxtəlifliyin qorunması, tullantıların idarə olunması, təkrar emalı kimi məsələləri qeyd edib.

Mourine Osoru İlham Əliyevə minnətdarlıq etdi

PAİ-nin Gənclər Forumunun sədri Mourine Osoru Bakının bu konfransa ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. O bildirib ki, təhsil hamı üçün əlçatan, pulsuz olmalıdır. Mourine Osoru, həmçinin, təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bununla da PAİ-nin Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı başa çatıb.

Kamil HƏMZƏOĞLU

 





18.12.2018    çap et  çap et