525.Az

"Sosial mediada dezinformasiya baş alıb gedir"


 

"DİNİ QURUMLAR VƏ SOSİAL MEDİA" MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Sosial mediada dezinformasiya baş alıb gedir"<b style="color:red"></b>

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda "Dini qurumlar və sosial media" mövzusunda konfrans keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının rəhbərliyi, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, sosial media beynəlxalq təşkilatlar səviyyəsində hər zaman müzakirə mövzusu olub. Bu vasitə dünyada insanlar arasında ünsiyyət yaradılması baxımından digər media nümunələrini üstələyir. Çünki burada hər kəs fərdi şəkildə öz fikrini ifadə edə bilir. Onun sözlərinə görə, sosial medianın müsbət tərəfləri ilə yanaşı, müəyyən problemləri də var: "Bəzi ölkələrdə sosial medianın fəaliyyəti üzərində dövlət səviyyəsində qanunvericiliklə nəzarətin yaradılması istiqamətində addımlar atılıb. Bəziləri bunu azadlığa maneə kimi qələmə verirlər".

Dövlət Komitəsinin sədri əlavə edib ki, Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir: "Çünki bu sahədə bəzən dezinformasiya baş alıb gedir. Eyni zamanda, insani dəyərlərə, əxlaqa zidd məsələlərlə əlaqədar məlumatlar geniş şəkildə yayılır, təşviq və təbliğ olunur. Ona görə də bu mövzu Azərbaycanda da daim diqqət mərkəzindədir".

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov  qeyd edib ki, bəzi qüvvələr sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa və İslami dəyərlərin hakim olduğu İslam dövlətinə çevirməyə çalışırlar: "Odur ki, problemimiz radikal dini cərayanlarla bağlıdır".  Onun sözlərinə görə, ölkədə sabitliyin pozulması üçün əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir: "Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır. Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır".

Ə.Amaşov qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan mətbuat orqanları, əsasən də sosial şəbəkələr vasitəsilə yayılır. Şura sədri bildirib ki, hazırda Azərbaycan "Mətbuat Şurası haqqında" qanun layihəsi üzərində işlənir və qanunda vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır: "Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır, bu birmənalı qaydadır".

Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli bildirib ki, bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir. Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır.

V.Səfərli bildirib ki, əgər jurnalist mediada hər hansı məlumat yayırsa, buna görə məsuliyyət daşıyır: "Amma sosial şəbəkədə bu, belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də bunu sübut edir, hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu Vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan quvvələr də var". O qeyd edib ki, ilahiyyatçıların bəziləri xaricdə təhsil alıb: "Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il Prezidentin sərəncamı ilə İlahiyyat İnstitutu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsində mühum rol oynayacaq".

V.Səfərli əlavə edib ki, bu sahədə təbliğata böyük ehtiyac var: "Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Bu il dini maarifləndirmə mövzusunda qəzetlərdə 300 səhifədən çox material dərc edilib. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlərimiz həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidir".

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə vurğulayıb ki, əgər dinlər arasında mehriban münasibət yoxdursa, bu, bəşəriyyətə xeyir gətirmir. Əksinə, bəlalar gətirir. Təsadüfi deyil ki, bu məsələ hər zaman medianın gündəmində olub.

Millət vəkili sosial şəbəkələrin sosial media kimi qələmə verilməsinin doğru olmadığını deyib: "Sosial şəbəkələrin sosial media adlandırılmasını qəbul etmirəm. Media peşəkar jurnalistlərin çalışdığı məkandır, sosial şəbəkədə isə müxtəlif əqidələrə xidmət edənlər var. Sosial şəbəkədə kim necə istəyir öz fikirlərini ifadə edir və müəyyən məsələlərdə sərhədlər keçilir. Bəzən təhqirlər və aşağılanma hallarına da rast gəlirik. Sosial şəbəkənin müəyyən təsir gücü var. Hətta mövqeyi olmayanlara da sosial şəbəkədə paylaşılan fikirlər təsir edir. Sosial mediada isə artıq müxtəlif mənsəblər at oynada bilmirlər. Çünki jurnalistlərimiz lazım olan mövzunu seçməyə başladır. Bəzən jurnalistlər sosial şəbəkədə gedən müzakirələri mətbuata gətirir. Burada biz jurnalistlərin də peşəkarlığı önəmlidir. Mövzunun mediaya hansı aspektdən gətirilməsi isə jurnalistin peşəkarlığından asıldır".

S.QARAYEVA

 





18.12.2018    çap et  çap et