525.Az

"Səhnə"nin növbəti görüşü


 

"Səhnə"nin növbəti görüşü <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Katibliyi və Dramaturgiya bölməsinin təşəbbüsü ilə fəaliyyət göstərən "Səhnə" yaradıcılıq qurumunun növbəti toplantısı dekabrın 16-da Gənc Tamaşaçılar Teatrında olub.

Bu dəfə gənclər tanınmış yazıçı, dramaturq, AYB-nin Dramaturgiya bölməsinin rəhbəri Firuz Mustafa və Əməkdar artist Nicat Kazımovla görüşüblər.

Tədbiri giriş sözü ilə açan qurumun məsul katibi rejissor Nicat Qərib qurumun məqsədi haqqında məlumat verib. Deyib ki, qurumun əsas məqsədi istedadlı gənc dramaturqların üzə çıxarılmasına qayğı göstərmək və onların formalaşmasını təmin etməkdir. Yeni yaradıcılıq qurumunun üzvləri qarşısında tanınmış söz və sənət adamlarının çıxış, mühazirə və ustad dərslərinin keçirilməsi, habelə müzakirə, diskussiya və debatların təşkili nəzərdə tutulub.

"Səhnə" yaradıcılıq qurumunun tədbirlərində dramaturgiyaya  marağı olan şəxslər, o cümlədən, ssenarist və rejissorlar iştirak edə bilərlər. Qurum gələcəkdə öz "praktik-vizual" tədbirlərinin bir qismini teatrlarda və kinostudiyalarda reallaşdırmaq niyyətindədir. Bu görüşün də Gənc Tamaşaçılar Teatrında keçirilməsinin bu məqsədin bir parçası olduğunu söyləyən N.Qərib gələcəkdə fəaliyyətlərinin daha da genişlənəcəyinə inandığını vurğulayıb.

Daha sonra qurumun rəhbəri dramaturq Firuz Mustafa və Əməkdar artist Nicat Kazımov tamaşa üçün səhnələşdiriləcək əsər seçimindən danışıblar. Hər dramaturji əsərin səhnələşdirilə bilməyəcəyini deyən rejissor N.Kazımov öncə əsərin səhnə üçün uyğunluğunun, mövzu və ideyasının aktuallığının vacibliyini qeyd edib. O deyib ki, elə əsərlər var ki, onlar film üçün, elə əsərlər də var ki, tamaşa üçün yaxşıdır. Burada hadisələr, obraz zənginliyi, hadisələrin baş verdiyi məkanlar da nəzərə alınan əsas amillərdir.

Gənc dramaturqlara tövsiyələrini verən F.Mustafa deyib ki, bir əsəri teatr üçün nəzərdə tutan müəllif mütləq səhnənin tələbalarını nəzərə almalıdır. O, pyesdə işlətdiyi detallarda son dərəcə diqqətli olmalıdır ki, sabah əsər səhnələşdirilərkən həmin detalı səhnədə göstərmək mümkün olacaq, yoxsa yox. 

İllər ərzində müxtəlif teatrlarda, xüsusən də son illərdə Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi tamaşalardan danışan N.Kazımov öz tövsiyələrini də gənc dramaturqlardan əsirgəməyib.

Son illərdə dramaturqların azlığından, dramaturji əsərlərin az yazılmağından gileylənən görüş iştirakçıları klassik əsərlərlə müasir əsərləri də müqayisə edib, çatışan və çatışmayan tərəflərini müzakirə ediblər.

Şahanə MÜŞFİQ

 





18.12.2018    çap et  çap et