525.Az

Keçmişdən gələcəyə həyəcan çağırışı


 

Keçmişdən gələcəyə həyəcan çağırışı<b style="color:red"></b>

filologiya elmlər doktoru,
professor

ARİF ƏLİYEVİN “SON ÇAĞRI” ROMAN-REPORTAJI (BAKI, “ALTUN KİTAB” NƏŞRİYYATI, 2013) HAQQINDA DÜŞÜNCƏLƏR

İstənilən cəmiyyətdə elə adamlar olur ki, onların nəyi və necə demələri ətrafdakılara həmişə maraqlı gəlir. İşıqlı təfəkkür sahibi olan bu insanlar fakt və hadisələrə qeyri-standart yanaşmaları ilə insanların stereotipləşmiş düşüncələrinə təsir göstərir, bəzən donuq beyinləri də qidalandıraraq onlara yeni impuls verirlər. Uzun illərdir ki, Azərbaycanın yeni mətbuatını yaratmaq üçün külüng çalan, müstəqil medianı yeni platformaya çıxarmağa çalışan, bu yolda hər cür əzab-əziyyətlərə qatlaşan Arif Əliyev məhz belə istedad sahiblərindəndir. Onun, xüsusən son dövrlərdəki aktual çıxış və müsahibələri, olaylara fərqli yanaşma tərzi ilə seçilən müəllif yazıları media ictimaiyyətində ciddi maraq doğurur.

Amma bəzən yaşadığımız dövrün çalxalanan hadisələri, bu prosesdə ortaya çıxan yeni ideya, davranış və tendensiyalar, eyni zamanda hər bir fərdə xas olan ruhi-mənəvi təbəddülatlar qəzet səhifələrinə sığmır. Sadəcə, bu yerdə  publisistikanın yüyrək atı kara gəlmir. O zaman “bizi dindirən əsrin” ortaya çıxardığı suallara cavab vermək üçün ədəbiyyata, hadisə və düşüncələri bədii təxəyyülün süzgəcindən keçirməyə ehtiyac yaranır. Arif Əliyevin “Son çağrı” kitabını oxuyandan sonra əsərin niyə ortaya çıxmasının bir səbəbini də bunda gördüm.

lll

Müəllif əsərini roman-reportaj adlandırıb. İkinci adda, sanki zahirən bir paradoksallıq var: Bədii ədəbiyyatın ən qocaman, ağır və ləngərli janrı olan romanla, çağdaş publisistikanın ən çevik, oynaq və yaşlanmaq bilməyən reportaj janrını necə birləşdirmək olar? Həm də axı bunlardan birincisi bədii təxəyyülə, ikincisi isə sənədlərə əsaslanır. Bəs onda yağla suyu necə qarışdırmaq olar? Hər iki sahənin ən incə qatlarına bələd olan A.Əliyev bunun sadə formulunu bizə təqdim edir: Yaşadığımız günlərin hadisələri, o cümlədən, əsərdə təsvir olunan ən xırda detallar reportajın ekspressiv sürəti  ilə oxucuya çatdırılır, amma o yerdəki bu hadisələrin fəlsəfi izahı, ümumiləşdirmələr, obrazı səciyyələndirmək ehtiyacı yaranır, onda müəllif romanın imkanlarını meydana çəkir. Bax, burada istedadlı qələm sahibi olan müəllif  bədii ədəbiyyatın möhtəşəm qranit lövhələri üzərinə publisistikanın parlaq mozaika daşlarını elə məharətlə düzür ki, heç oxucunun ruhu da incimir.      Roman-reportajın zahirən çox sadə süjet xətti var. Uşaq vaxtı tez böyüməyə can atan Asif tez-tez xəstələnir, qeyri-adi hallar keçirir. Bu vəziyyətdə o, sanki evdən yoxa çıxır, onu axtaranda qoyulduğu yerdə deyil, evin başqa yerlərindən tapırlar. Sən demə, bu yoxaçıxma donmuş enerji kimi qalır və əsərin qəhrəmanı Asif böyüdükdə müxtəlif həyat situasiyalarında keçmişdə qalmış (sıxılmış enerji) uşaqlığı ilə üz-üzə gəlir. Deməli, Asifin içərisində daim bir uşaqlıq “məni” yaşayır və onu atdığı addımlar üçün daim hesabat verməyə məcbur edir. Bu kontekstdə müəllif insan taleyi, zaman və mənəviyyatla bağlı bir sıra fəlsəfi suallara cavab axtarır: Zaman nədir? Sonsuzluğa varan düz xəttmi, hüdudları olmayan okeanmı? Onu necə adlamaq ya geriyə qaytarmaq mümkündürmü? Niyə biz uşaqlıqda tez böyümək, böyük olanda isə uşaqlığımıza qayıtmaq istəyirik? Biz niyə yaşayırıq, yolumuzu niyə azırıq, hansı hədləri keçmək bizim üçün qorxuludur, həyatın amansızlığı şəraitində öz “mən”imizə xəyanət etmədən yaşaya bilərikmi? Hərəsi bir batman gələn bu suallara, müəllif müxtəlif bədii detalların köçməyi ilə cavab verməyə çalışır.

Göründüyü kimi,  əsər maraqlı tarixçə və bu tarixçənin ortaya çıxartdığı suallar üzərində qurulub. Həm də bu tarixçədə keçmiş bugünə, bəlkə, daha çox gələcəyə qarışıb; gerçəklik – əlçatmaz görünən, son nəticədə isə ondan da güclü reallığa çevrilən arzuya; məntiq – hadisələrin ağlasığmaz axınına, az qala mistikaya; məhəbbət – ikraha, bəzən hətta nifrətə. Həyatda da belədir, onun dadı-duzu büsbütün bu həlməşiyin qatqıları arasındakı nisbətdən asılıdır. Bəs bu necə yaratmalıyıq?

“Son çağrı”nı oxunaqlı edən ən cazibədar xüsusiyyətlərdən biri əsərdə real obrazların olmasıdır. Həm də maraqlı cəhət odur ki,  bu obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov, Elçin Şıxlı və s.) bağlı oxucuya bəlli olmayan səhnələr, tarixi hadisələr xırda detallarına qədər dəqiqliklə əks etdirilir. Maraqlı və dinamik süjetin qəhrəmanları olan bu obrazlar da oxucu ilə birlikdə yuxarıda səslənən suallara cavab axtarılır.

Bu roman-reportaj Arif Əliyevin ilk bədii qələm təcrübəsidir. Lakin əsərin strukturu kompozisiya elementlərinin məharətlə birləşdirilməsi, sənədli və bədii lövhələrin növbələşdirilməsi, dialoqların ustalıqla qurulması, psixoloji məqamların incəliklə təsviri, bədii təxəyyülün müəllifin fərdi üslubundan qaynaqlanan gücü və bütövlükdə əsərin arxitektonikası onu deməyə əsas verir ki, A.Əliyev, sanki ömrü boyu elə bədii əsər yazıb. Əslində burada təəccüblü bir şey də yoxdur, müəllifin ümumi intellektual səviyyəsi, düşüncə və təfəkkür tərzi, geniş mütaliəsi, bədii-estetik duyumu, intuisiyası və yazı tərzi  mübahisə üçün əl yeri qoymur.           

lll

Əsərin parlaq dili-üslubu və məzmunu çatdırmaq üçün müəllifin seçdiyi işarə və simvollar haqqında ayrıca danışmaq lazım gəlir. Çünki burada söhbət bir publisistin ədəbi aləmə gətirdiyi yeniliklərdən gedir. Adi halda biz çox vaxt dünyanı, ətrafımızda baş verən prosesləri söz və görüntü ilə qavrayırıq. Amma bədii ədəbiyyatda  görüntü simvolları heç də həmişə dayanıqlı olmadığından yenə ədəbi söz üstünlüyü ələ alır. “Son çağrı” roman-reportajında bu söz yaddaşa hopmuş görüntü işarələrinin verdiyi informasiyanı müəyyən çərçivəyə salaraq məna sərhədlərini dəqiqləşdirir. Müəllif sanki ağlasığmaz görünən, bədii qavrayış mexanizminin hələm-hələm alışmadığı epizodları söz işarələri ilə qıcıqlandırıb oyadır, sonra da canlandıraraq bədii həqiqətə çevirə bilir.

Əlbəttə, bədii forma baxımından insanın öz uşaqlığı ilə zaman-zaman qarşılaşması ağlasığmaz və fantastik görünə bilər. Burada bir mistika var və müəllif bu mistikadan uğurlu bədii üsul kimi istifadə edə bilir. Çünki sözlə mif bir-birindən ayrılmazdır və ikinci həqiqəti ortaya çıxara bilirsə, oxucu onun mövcudluğunu bir forma kimi təbii qəbul edir. A.Əliyevin də bədii təfəkkürünün gücü ondadır ki, hətta ən qeyri-adi epizodları belə oxucuya şərti həqiqət kimi qəbul etdirə bilir. Beləliklə biz hadisələri və bu hadisələrin cərəyan etdiyi gerçək dünyanı “Son çağrı” müəllifinin, bir növ psixoloji testlərdən keçirərək bizə təqdim etdiyi tərzdə tanıyıb, duyub, qavrayırıq.

Əsərdə təsvir olunan hadisələr bugünkü ictimai həyatımız üçün önəmli olan bir çox aktual məsələlər üzərinə işıq salır, iqtisadiyyat, mənəviyyat, kamil insan, problemi və s. problemləri iri plana gətirir. Bu problemlər sırasında dəyişən dünyanın yeni parametrləri, o cümlədən, Qafqazın və Xəzəryanı regionun yeni geosiyasi mənzərəsi və bir də mətbuat azadlığı problemi mənim diqqətimi daha çox cəlb etdi.  Müəllif geosiyasi problem daha çox prezident Ə.Elçibəyin Amerika jurnalistinə müsahibəsi kontekstində işıqlandırır. Biz burada müəllifin siyasətin alt qatlarına necə dərindən nüfuz etməsinin şahidi oluruq.

Media azadlığı problemi isə əsərin bir neçə epizodunda qırmızı xəttlə keçir. Bu problem müəllifin maraqlı obraz kimi təqdim etdiyi və kişi yaddaşında  uzun müddət ilişib qalan Qərbli media ekspert, xanım Flippa ilə mübahisəsində əks olunur. Mübahisənin ertəsi günü xanım konfransda çıxış edir və öz dediklərində təkid edir. Onun yanaşması müəllifdə etirazlar doğursa da reallığın diqtəsini qəbul etməli olur: “...Flippanın irəli sürdüyü tezis bundan ibarət idi ki, maliyyə qaynaqları müstəqil olmayan media özgür ola bilməz, media özgürlüyü olmayan yerdə isə söz azadlığı nəinki illüziyadır, hətta ictimai şüurun sağlamlığına təhlükə mənbəyidir.

Mən başa düşürdüm ki, nəzəri cəhətcə Flippanın qarşısına istənilən qədər əks-arqument çıxarmaq mümkündür, lakin praktik baxımdan o, haqlıdır. Baxın, bizim Azərbaycanda mətbuat azadlığı uğrunda uzun illər göstərdiyimiz səylər nə ilə nəticələndi? Senzura ləğv olundu, gözəl qanunlar qəbul edildi, hamıya qəzet, agentlik, televiziya yaratmaq hüququ verildi və s. Amma başımız bu işlərə qarışıq ikən iqtisadi vəziyyətin ağırlığından istifadə edən məmurlar və həmin təbəqədən olan oliqarxlar altdan-altdan media orqanlarını bir-bir satın aldılar, onların özlərindən asılılığını daha da gücləndirdilər, mətbuatı buyuruq quluna çevirdilər. Nəticədə biz söz azadlığı adı altında hökumətin ictimai rəylə manipulyasiya etmək imkanlarını genişləndirmiş olduq”. Media azadlığı ilə bağlı müəllifin gəldiyi qənaət budur: “Yox, söz azadlığı və mətbuatın asılılığı həqiqətən təhlükəli simbiozdur. Bu dəlinin əlinə çomaq vermək kimi bir şeydir. Çomaq nədir, tüfəng! Top!” Və indi biz özümüzü bu topdan qorumağın yollarını axtarırıq.

Arif  Əliyevin “Son çağrı”  roman-reportajı ciddi mətləblərin gün işığına çıxarıldığı əsərdir. Əsərin təlqin etdiyi qənaətlərdən biri də budur ki, bu dünyada hərənin həyata öz baxışı var: biri özünü qurban deyir, o biri qurban tələb edir; biri əqidə yolunda təhqirlərə dözür, o biri şəxsiyyətini qoruyur; biri haray qopararaq qışqırır, o biri “susmaqla fəryad edir”, biri vuruşur, o biri başını götürüb harasa gedir... Görəsən kim haqlıdır? Bax bunu müəyyənləşdirmək çox çətindir, çünki bu suallar əbədidir, onlar keçmişdən gələcəyə xatırlatmadır, son çagrı kimi, hər zaman bizi səksəndirən həyatımızın həyəcan çağırışları kimi...

 





02.09.2013    çap et  çap et