525.Az

32 qəzetə maliyyə yardımı ayrıldı


 

KİV-ə DÖVLƏT DƏSTƏYİ FONDUNUN MÜŞAHİDƏ ŞURASININ İCLASI KEÇİRİLİB

32 qəzetə maliyyə yardımı ayrıldı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən V.Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 32 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin ikinci yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. İcraçı direktor qeyd edib ki, müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 32 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən Ramiz Əskər, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 32 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2019-cu ilin birinci rübü üzrə maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

 





04.01.2019    çap et  çap et