525.Az

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən mədəni mühitə töhfələr


 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən mədəni mühitə töhfələr<b style="color:red"></b>

Ötən il ölkəmizdə böyük ictimai maraq doğuran bir çox ənənəvi mədəni-kütləvi tədbirlər və festivallar keçirilib. Onların sırasında ölkəmizdə ilk dəfə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı mütləq qeyd olunmalıdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qeyd edilən festivala maraqlı töhfələri ilə yadda qalıb.

İdarə tərəfindən görülən bütün işlər, əldə olunan nailiyyətlər, o cümlədən, İçərişəhər və Qala qoruqlarının mühafizəsi və restavrasiyasına beynəlxalq səviyyədə verilən belə yüksək qiymət Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması və inkişaf etdirilməsi sahəsində uğurlu dövlət siyasətinin bəhrəsidir. Sözsüz ki, Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən, zəngin tarixi-memarlıq irsinin inciləri olan İçərişəhər və Qalanın qorunması və dünyada təşviqində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolu xüsusi qeyd edilməlidir.

2018-ci il sentyabrın 27-30-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan festival Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunmuşdu. Festival günlərində İçərişəhərin valehedici cazibəsi ilə incəsənətin qovuşması qonaqları qədim Bakıya təkrar səyahətə həvəsləndirirdi. Festival çərçivəsində İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyalar nümayiş olundu, poeziya nümunələri və musiqi səsləndi, teatr tamaşaları təqdim edildi. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə - məsələn, divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında, hətta “QR kod” texnologiyası əsasında hər hansı bir mənzərə üzərində “canlandırılaraq” sakinlərə və qonaqlara təqdim edildi.

Eyni zamanda, arxada qoyduğumuz son illərdə İçərişəhəri Qız qalası Festivalı olmadan artıq təsəvvür etmək mümkün deyil. 2010-cu ildən etibarən mütəmadi olaraq qeyd edilən bu festivalın keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir. Bu il festivalda məxsusi olaraq 17 rəssam dahi Azərbaycan şairi Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə Qız qalası maketlərini bəzəyib.

Həmçinin, hər il böyük maraqla qarşılanan və İçərişəhəri istər vətəndaşlarımıza, istərsə də xarici qonaqlara sevdirən “Novruz - Bahar Qalası” və “Qış qalası” festivalları əyləncəli proqramlar, uşaqlara həsr edilən tədbirlər və yarmarkalarla əsl bayram ab-havası və ailə mühitini yaratmış olur. Məhz ötən il ilk dəfə olaraq Novruz bayramı münasibətilə İçərişəhərin qədim abidələrindən biri olan Qasımbəy hamamında “Keçmişə addım” adlı rəngarəng sərgi təşkil edilib. Ziyarətçilər bir növ 100 il öncəyə səyahət edərək o dövrün məişət üslubu, həyat tərzi ilə yaxından tanış olublar.

Festivallar arasında artıq İçərişəhər üçün ənənə halına gələn “Street Food” festivalını nəzərdən qaçırmaq olmaz. Ötən ilin iyun ayında reallaşan bu festival İçərişəhərin qədim olması qədər, müasir dünyada öz yerini tutduğunu bir daha sübut edib. Musiqi, şən izdiham və əlbəttə ki, ləzzətli təamlarla müşayiət olunan bu festival gənclərin daim diqqət mərkəzindədir.

“İlk dəfə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçən eksklüziv “Nağara Şou” layihəsi ötən ilin ən yaddaqalan işlərindəndir. İyundan oktyabradək davam edən proqram Qız qalası qarşısındakı meydançada əsl canlanma yaradaraq bu zəngin və dinamik musiqini onu ilk dəfə eşidən xarici qonaqlara ərməğan edib.

İçərişəhərin ən unikal, fərqli məkanlarından olan Marionet Teatrı ötən ilin sentyabrda “Arşın mal alan” tamaşasının premyerası ilə yeni mövsümünü başlayıb. Marionet Teatrını sevən tamaşaçılar böyük zövq və məmnuniyyət hissi ilə dahi Ü.Hacıbəylinin yaradıcılığını seyr edib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda həmin tamaşanın bu il Fransanın Şarlevil şəhərində Dünya Marionet Festivalı çərçivəsində nümayiş etdirilməsi barədə razılıq əldə edilib. Sözsüz ki, bu, milli mədəniyyətimizin, musiqimizin dünyada geniş təbliği üçün daha bir böyük imkan yaradacaq.

“Daşın nəğməsi” üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu da İdarənin mütəmadi olaraq iştirak etdiyi tədbirlər sırasındadır. Bu ilin sentyabr ayında keçirilən simpoziumda iştirakçılar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət edərək təbiət, tarix və incəsənətin birləşdiyi məkanda olmaqdan zövq alıblar. İdarənin bu il qatıldığı müxtəlif tədbirlər sırasına “Beynəlxalq Bələdçilər Günü”, Ümumdünya Autizm Ayı, “Leyli və Məcnun” operasının 110 illik yubileyi, “Ümumdünya tütünlə Mübarizə Günü”, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “Milli Musiqi Günü”nün qeyd olunması da daxildir.

 





13.01.2019    çap et  çap et