525.Az

Elçin Əhmədov: "Prezident Qarabağ məsələsində Azərbaycanın dəyişməz mövqeyini bir daha təsdiqlədi"


 

"DANIŞIQLAR ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA APARILIR VƏ PROSES ÜÇÜN YALNIZ BU FORMAT MƏQBULDUR"

Elçin Əhmədov: "Prezident Qarabağ məsələsində Azərbaycanın dəyişməz mövqeyini bir daha təsdiqlədi"<b style="color:red"></b>

"Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir".
 
Bu fikirləri "525"ə Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı proqram xarakterli nitqinə münasibət bildirərkən deyib. O qeyd edib ki, prezident 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib: "Xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirən dövlət başçısı Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb".

E.Əhmədovun sözlərinə görə, prezident Azərbaycanın müsəlman aləmində çox böyük hörmət, nüfuz qazandığını, İslam həmrəyliyi ilə bağlı atdığımız addımların İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayaraq bildirib ki, bu sahədə verdiyimiz töhfə çox təsirlidir: "Ölkəmizin apardığı siyasət, yəni həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyini daha da möhkəmləndirir. Keçən il Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin heç də təsadüfi olmadığını və Naxçıvan şəhərinin bu şərəfli adı çox böyük uğurla daşıdığını bildirən dövlət başçısı qeyd edib ki, 2019-cu ildə də müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaq".

Azərbaycan Qərb dövlətləri arasında münasibətlərə gəldikdə isə siyasi elmlər doktoru bildirib ki, müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlığın Prioritetləri sənədində bir çox məsələlər öz əksini tapıb: "Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər çox müsbət xarakter alır və bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Bunun çox mühüm əhəmiyyətinin olduğunu deyən ölkə rəhbəri qeyd edib ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri var və Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur".

E.Əhmədov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə geniş bəhs edən dövlət başçısı bu məsələdə ölkəmizin mövqeyinin dəyişməz olaraq qaldığını bir daha təsdiqləyib: "Prezident bildirib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Həmçinin, ölkə rəhbəri növbəti danışıqlar prosesinin başlandığını bildirərək qeyd edib ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi və hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır. Azərbaycanın dərhal belə cəhdləri rədd etdiyini vurğulayan dövlət başçısı bildirib ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və onlar öz fikirlərini bildirib, nəticə etibarilə danışıqlar prosesi bərpa edilib. Prezident İlham Əliyev xarici işlər nazirlərinin artıq bir neçə dəfə görüşdüyünü bildirərək qeyd edib ki, danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır və danışıqlar prosesi üçün yalnız bu format məqbuldur".

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədr müavini xatırladıb ki, 2018-ci ildə Ermənistanda böyük dəyişikliklər baş verib, 20 il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süquta uğrayıb: "Müşavirədə bu məsələyə də toxunan prezident baş vermiş hadisəni kriminal rejimin məntiqi acı sonu kimi qiymətləndirib. Prezident İlham Əliyev bu məsələdə Ermənistanın işğalçılıq siyasətinin mühüm rol oynadığını diqqətə çatdıraraq bildirib ki, məhz bu siyasətə görə Ermənistan Azərbaycan tərəfindən bütün regional layihələrdən təcrid edilib. Ermənistanda bu illər ərzində kriminal, qaniçən xunta rejiminin hökm sürdüyünü, ancaq bəzi beynəlxalq təşkilatların buna göz yumduğunu bildirən dövlət başçısı son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy verildiyini təəssüflə diqqətə çatdırıb: "Son parlament seçkiləri göstərib ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi". Bu məsələnin müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalı olduğunu qeyd edən Prezident İlham Əliyev onu da bildirib ki, kriminal rejimə 20 il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar: "Bizim tələbimiz bundan ibarətdir. Əgər bu olmasa, demək, heç nə dəyişilmir. Əgər bu olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy etiraf etsinlər ki, onlar 20 il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var".

Müşavirədə Prezident İlham Əliyevin ötən il hərbi sahədə əldə etdiyimiz uğurlardan da danışdığını deyən E.Əhmədov bildirib ki, ordu quruculuğunda həyata keçirilən islahatlar ciddi nəticələr verməkdədir: "Dövlət başçısının qeyd etdiyi kimi, son illər ordumuzun döyüş qabiliyyəti artıb, uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib və bu əməliyyat nəticəsində 11 min hektar torpaq ordumuzun nəzarətinə keçib: "Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək".

Professorun fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun öz milli maraqlarını qoruyaraq aktiv şəkildə dövlətlərarası əlaqələrə qoşulur: "Bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb, bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib".

Ceyhun ABASOV

 





15.01.2019    çap et  çap et