525.Az

UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müsbət nəticəsi


 

"QAYNAR XƏTT"Ə VƏ "QƏRARGAH"LARA SEMESTR İMTAHANLARI ZAMANI YARANAN PROBLEMLƏRLƏ BAĞLI MÜRACİƏT EDƏNLƏRİN SAYI XEYLİ AZALIB

UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müsbət nəticəsi<b style="color:red"></b>

Yanvarın 3-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) start götürən 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası davam edir.

Qış imtahan sessiyasında iqtisadiyyat və idarəetmə ixtisasları, həmçinin, texniki-texnoloji ixtisaslar üzrə yazılı imtahanlar təşkil olunur. Yazılı imtahanlar "Standartlaşdırmanın əsasları", "İstehlak mallarının ekspertizasının nəzəri əsasları", "İnformasiya texnologiyalarına giriş", "İdarəetmə sistemləri", "Mikrobiologiya, sanitariya və gigiyena", "İqtisadiyyata giriş", "Makroiqtisadiyyat" fənləri üzrə keçirilir.

UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi, Türk Dünyası İşlətmə Fakültəsi, UNEC Biznes Məktəbi (MBA) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bütün fənlər üzrə, Magistratura Mərkəzi və Texnologiya və Dizayn fakültəsi üzrə isə ixtisas fənləri və qabiliyyət imtahanları ənənəvi olaraq yazılı formada təşkil olunur.

Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. Şəffaflığı və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in "Qaynar xətt"i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in "Qaynar xətt" xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.

Hər sessiya dövründə olduğu kimi, bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərir.

İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"larda daxil olan bütün müraciətləri dinlənilir, problemlər operativ araşdırılır, cavablandırılır.

Əvvəlki illərlə müqayisədə bu il UNEC-in "Qaynar xətt"inə və "Qərargah"lara semestr imtahanları zamanı yaranan problemlərlə bağlı müraciət edənlərin sayı xeyli azalıb.

Eyni zamanda, imtahan sessiyası dövründə hər həftənin şənbə günü keçirilən "Açıq qapı" günlərində rektorun qəbuluna qeydiyyata düşmək üçün "Qaynar xətt" xidmətinə müraciət edənlərin də sayında azalma müşahidə olunur.

UNEC-in "Qaynar xətt"indən verilən məlumata görə, gündəlik xidmətə müraciətlər əsasən qayıb limiti və imtahan nəticələrinin artırılması ilə bağlı olur. "Açıq qapı" günlərində rektorun qəbuluna qeydiyyata düşmək üçün "Qaynar xətt" xidmətinə müraciət edənlərin də sayı ötən illərlə müqayisədə xeyli azalıb.

Bütün bunları UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndirmək olar.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, ötən illərlə müqayisədə bu il semestr imtahanları zamanı yaranan problemlərlə bağlı müraciət edənlərin sayı xeyli azalıb. Buna səbəb isə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımi işlərin görülməsidir: "Yanvar ayının 3-dən etibarən 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasına start verilib. Sessiya imtahanlarının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün lazımi imkanlar yaradılıb. Biliyi, savadı olan, imtahanlara yaxşı hazırlaşan hər bir tələbənin biliyi düzgün qiymətləndirilir. UNEC-də əsas fəaliyyət tələbə biliyinin obyektiv qiymətləndirilməsinə yönəlib. Həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır. Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə UNEC-də imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir".

"XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyevin dediyinə görə, rektor, professor Ədalət Muradov UNEC-də imtahan sessiyalarının obyektiv və şəffaf keçirilməsi üçün əlindən gələni əsirgəmir: "Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək imtahan sessiyası boyu ictimaiyyət nümayəndələrinin, təhsil ekspertlərinin, jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunurlar. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən valideynlər də sərbəst şəkildə imtahanları izləyə bilirlər. Hər il olduğu kimi, bu il də yayimtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə bütün müvafiq tədbirlər görülüb. Müşahidələrimiz göstərir ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür. Mən bunu müsbət hal kimi dəyərləndirirəm".

Tələbələr arasında keçirdiyimiz sorğu zamanı onlar da imtahanların təşkili və keçirilməsi səviyyəsindən razı qaldıqlarını bildiriblər. Tələbələrin sözlərinə görə, yüksək səviyyədə və şəffaf təşkil olunan imtahanlarda tələbələrə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb. İmtahanların həm test, həm də yazılı formada keçirilməsi isə tələbələri tam qane edir.

S.QARAYEVA

 





15.01.2019    çap et  çap et