525.Az

Kod adı: "Ağsulu"


 

İGİD KƏŞFİYYATÇININ DÖYÜŞ YOLU

Kod adı: <b style="color:red">"Ağsulu" </b>

Qladiator son sözünü döyüş meydanında deyir...

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Horadiz əməliyyatından 5 gün sonra əlahiddə kəşfiyyat bölüyümüzə öz avtomobiliylə gələn döyüşçü haqda danışmağa ehtiyac duyuram. Həm dünya təcrübəsində, həm də bütün Qarabağ savaşı dövründə kəşfiyyat könüllülük prinsipiylə təşkil olunduğu üçün bu oğlanın da öz seçimiylə bizə göndərildiyini qəbul etməliydik.

Bölüyün maşını da onun sürücüsüylə bərabər kəşfiyyatın özünəməxsus tələblərinə cavab verməliydi. Bu səbəbdən komandanlığın gecə yarısı bitən müşavirəsindən qayıdıb çadırlarımızın yanında ilk dəfə onun maşınını görəndə sürücüylə maraqlanmışdım. Onun elə maşındaca yatdığını eşidəndə üzünü görmədiyim həmin döyüşçünün bu hərəkəti xoşuma gəlmişdi. Həmin gündən başlayaraq gecəsi və gündüzü bir-birinə qarışmış cəbhə həyatının istənilən anında maşına yaxınlaşıb motor örtüyünə yavaşca vuran kimi içəridə onun dərhal oyanıb mühərriki işə saldığını görərdim. Qapını açıb əyləşənə qədər onun üstünə çəkdiyi güllü yorğanı qatlayıb bir kənara qoymaqla əmrə tam hazır olduğunu bildirərdi. Onun əsl kəşfiyyatçıya xas bu keyfiyyətini qaradinməz və bir az da utancaq xasiyyəti tamamlayırdı. İlk vaxtlar dinməz-danışmazlığını yorğunluq və yuxusuzluqla bağlasam da, sonradan onun xaraktercə belə olduğunu başa düşüb, buna vərdiş etdim.

Onunla tanışlığın ilk günü Əbdürrəhmanlı kəndinin qarşısında dayanıb əmr gözləyirdik. Maşında ehtiyat üçün götürdüyümüz ərzağa gözünün ucuyla da baxmayan bu qarabuğdayı, yaraşıqlı oğlana nə qədər təklif etsəm də, xeyri olmadı. Hamı kimi, onun da hücumqabağı həyəcan keçirdiyi üçün özünü belə apardığını düşünürdüm. Lakin kəndin içərisində artilleriya atəşinə tuş gələndə bunun belə olmadığını başa düşdüm. Maşından düşüb yaxınlıqdakı həyətdə daldalanmağı tapşıranda onun ətrafda baş verənlərdən qorxmadığını hiss etdim. Kifayət qədər döyüş təcrübəsinə malik bu oğlanların ən kritik anlarda belə soyuqqanlı olduqlarını bilirdim. Onları bəlkə də elə bu səbəbdən seçib götürmüşdüm. Baş verənlər bizim üçün vərdiş etdiyimiz adi bir iş, sıradan bir hadisə sayılırdı. Ona görə də kənardan gəlmiş, döyüş təcrübəsi olmayan bir sürücünün qaydalarımıza tam uyğun şəkildə özünü aparması hamımızı sevindirirdi. Ona "sür bölüyə, əmri gözlə" komandasını verib dəstə üzvlərinin ardınca getdim. Yolu keçəndən sonra arxaya baxdım. Dar yolda maşını necə ustalıqla döndərdiyini görmək olduqca xoş idi. Ətrafdakı qarışıqlıq, dönərkən palçığa batan, yolu kəsib tıxac yaradan digər nəqliyyat vasitələrinin içərisindən bizim maşının kəşfiyyat bölüyünə yaraşan ustalıqla çıxıb uzaqlaşması hələ də xatirimdədi.

Rüstəmov İkram Novruzəli oğlu Ağsu rayonunun Çaparlı kəndindən könüllü olaraq cəbhəyə gəlmişdi. Onların "Ağsu-Göyçay batalyonu" kimi tanınan taboru Füzuli cəbhəsində döyüşlərə qatılandan dərhal sonra nəqliyyat vasitəsinə olan ehtiyacımızı nəzərə alıb onu kəşfiyyat bölüyümüzə vermişdilər. Bölükdə həmin rayondan yeganə döyüşçü olduğu üçün adları kodlaşdırarkən onu "Ağsulu" deyə yazmışdım. Hamı onu elə bu adla tanımışdı.

Onunla bir dəfə arxa cəbhəmiz - Daşburun qəsəbəsinə tərəf gedirdik. Qarşıda gedən yük maşınının kuzovunda bir neçə orta yaşlı kişini görəndə məndən xahiş etdi: "Komandir, icazə ver onlarla görüşüm, kəndçilərimdir".

Bu, onun yeganə xahişi oldu. İkramın həlak olduğu günü - 1994-cü il yanvarın 26-sını unutmaq olmur. Bütün cəbhə boyu ağır döyüşlər gedən həmin gün hücum edən taborlarımız düşmən mühasirəsinə düşəndə bölüyümüzü köməyə göndərdilər.

Necə deyərlər, qaynar qazanın içinə düşmüşdük. Maşınımız təpələrin arasında düşmənin çarpaz atəşi altına düşəndə dərhal enib ətrafa səpələndik. Uşaqlardan bir neçəsi yaralansa da, özümüzü düşmən tərəfdəki təpənin arxasına çatdıra bilmişdik. Durumun ağırlığına baxmayaraq, biz verilən əmri yerinə yetirməyə başlamışdıq. Elə oradaca özlərinə mövqe quran pulemyotçularımız taborun döyüşçülərini qoruyub onların atəş altından çıxmalarını təmin edirdilər. Bütün bu gərginliyin içində özünü çox təmkinli aparan "Ağsulu" yanımdan çəkilməmişdi. Hər dəfə ona tərəf baxanda baxışlarının tuşlandığı yerə diqqət yetirməyə məcbur olurdum. Ortalıqda qalmış maşın bizim üçün bir dəmir parçası ola bilərdi. Amma İkramın üzünə baxanda öz yoldaşını, istəkli silahdaşını döyüş yerində buraxan cəngavər baxışlarını sezməmək olmurdu. Döyüşün ağır keçən dəqiqələrində, o, iki dəfə özünü toplayıb maşını çıxartmağa icazə istəmişdi. Hər dəfə etirazımdan sonra onun necə üzüldüyünü görüb sıxılırdım. Kəşfiyyatın yazılmış və yazılmamış qanunları var. Bunlara ciddi şəkildə riayət edir, heç vaxt yaralımızı və şəhidimizi döyüş yerində buraxmadığımıza görə öyünərdik. Bu səbəbdən kəşfiyyat bölüyünün adıyla hallanan həmin maşının orada qalması hamımıza toxunurdu. Etirazıma baxmayaraq, bizi maşınla getməyə məcbur edən komandiri söyməklə işin bitmədiyini yaxşı anlayırdıq. Yaralı yoldaşlarımızın sırasına bir neçəsi əlavə olunsa da, tapşırığın öhdəsindən gəlmişdik. Döyüşün sonuna yaxın hamını xilas edib - hərəni bir yolla ərazidən çıxarda bildik. Sonda 6 nəfər qalmışdıq, çıxmağı planlaşdırırdıq. Pulemyotla hansı nöqtəyə qədər qorumanın həyata keçiriləcəyini, sonrakı mərhələdə onların çıxması üçün kimin nə edəcəyini qərarlaşdırıb ərazini tərk etməyə hazırlaşırdıq. Elə bu vaxt Ağsulu yenə maşını çıxartmaq üçün icazə istədi. Artıq onun baxışlarına dözməsəm də, icazə verməyə tələsmirdim. Şəraiti dəyərləndirib ona icazə verməyim bir az çəkdi. Sonda razılığımı alarkən onun necə sevindiyini gördüm və bunu hələ də ifadə etməkdə çətinlik çəkirəm. O, heç nə demədən dərhal irəli atıldı. Pulemyotçumuzun qoruduğu Ağsulu maşına qədər qaçıb ora çatmışdı. Nəzərimiz həmin nöqtəyə dikildiyindən onun necə maşına mindiyini, mühərriki işə saldığını, sükanı döndərdiyini görürdük. O, maşını fırladıb yola çıxanda sevinməyə də başlamışdıq. Amma marıqda dayanıb gözləyən düşmən tankı öz atəşiylə maşını yandıranda, sanki bizi suya salıb çıxartmışdılar. Bu atəşlə 3 qız uşağı atasız, cavan bir gəlin dul, ahıl valideynlər övladsız qaldı.

Həyat yoldaşı Nəzakət xanımın dərs dediyi Ağsu rayonunun Çaparlı kənd məktəbi həmin vaxtdan şəhid İkram Rüstəmovun adını daşıyır. Məsəl var, yetim yekələr, pislik yenə Əzrayıla qalar. Qızlar böyüdü, ailə qurub hərəsi bir evə gəlin köçdü.

Məktəbin qarşısındakı İkramın büstünün yanından keçən uşaqlar igid kəşfiyyatçının adını daşıyan məktəbdə oxuduqları üçün yəqin ki, fəxr edirlər. Bəlkə də çoxlarının qəlbində Vətən dara düşəndə onun kimi olmaq istəyi var. Amma bir də gənc yaşında dul qalmış Nəzakət xanım var. O, hər dəfə ömür-gün yoldaşının büstüylə qarşılaşanda nələr çəkdiyini heç kim bilmir. Bütün şəhid məzarları, abidələr və bu tip xatirə yazılarının mahiyyəti də elə qadınların gözüyaşlı, körpələrin yetim böyüməməsi üçündür.

İlham AĞALAR
Keçmiş kəşfiyyat komandiri

 





22.01.2019    çap et  çap et