525.Az

Cavad xanın xatirəsi onun adını daşıyan dağ zirvəsində də yad edildi


 

CAVAD XANIN ŞƏHİD OLDUĞU GÜNÜN QEYD EDİLMƏSİ İLƏ BAĞLI YENİ TƏŞƏBBÜSLƏRLƏ ÇIXIŞ EDƏN ZİYALILARI ŞƏHƏR RƏHBƏRİ DƏ QƏBUL EDİB

Cavad xanın xatirəsi onun adını daşıyan dağ zirvəsində də yad edildi<b style="color:red"></b>

Gəncədə yeni ilin ilk ayında Vətən torpağının azadlığı uğrunda mübarizə salnaməmizin ən örnək simvollarından birinə çevrilən cəsur Cavad xanın xatirəsini yad etmək ənənə halını alıb.

Bu dəfə həmin tarixdən düz 215 il keçdiyindən ziyalılar, eləcə də gənclərdən ibarət bir qrup təşəbbüskar Gəncədən cənub istiqamətində 45 kilometr məsafədə yerləşən və xalq arasında "Cavad xan zirvəsi" kimi tanınan dağ nöqtəsinə çıxmağı da düşünüblər. Qəhrəman hökmdarın şəhərin mərkəzi hissəsindəki məqbərəsini ziyarət etdikdən sonra qrup xüsusi avtomobillərlə zirvəyə ən yaxın olan məntəqəyə yollanıb, oradan isə piyada qalxaraq, dəniz səviyyəsindən 2109 metr yüksəklikdə yerləşən "Cavad xan zirvəsi"ni bir daha "fəth edib".

Qrupun tərkibində Gəncənin və respublikamızın bir sıra tanınan isimləri, eləcə də "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbəri, Gəncənin sonuncu feodal hökmdarının kötücəsi, görkəmli ictmai xadim İsmayıl xan Ziyadxanovun nəvəsi  Valid Ziyadlı da olub.

"Çox qürurdoğurucu haldır ki, xalqımız Cavad xan kimi qəhrəmanlıq və əyilməzlik nümunəsi olan şəxsiyyətlərə sayğı ənənələrini nəsildən-nəsilə keçirir. Bu gün bu zirvədə şövqlə Azərbaycan Bayrağını dalğalandıraraq, himnimizi oxuyan gənclərin gözlərindəki ifadələr bunu bir daha sübut edir" - deyə, 81 yaşlı Valid Ziyadlı bildirir.

Qrupun daha bir qocaman üzvü, Cavad xanın xatirəsini onun adını daşıyan zirvədə anmağı özünə mənəvi borc bilən 80 yaşlı gəncəli professor Zaur Həsənov bu uca dağ nöqtəsində gənclərə bir daha qəhrəmanlıq ənənələrimizi göz bəbəyi kimi qorumağı  tövsiyə edib.

"Babalarımızın qəhrəmanlığı, eləcə də onların öz davranışlarında daim milli və əxlaqi dəyərlərimiz yüksək tutmasının xalqımıza xas olan başlıca xüsusiyyət olduğunu unutmamalıyıq" - deyə, o bildirib.

Qorxmaz qəhrəmanın ekran obrazını yaramış xalq artisti Nurəddin Mehdixanlının da Cavad xan zirvəsidə ürəyi doludur:

"Azərbaycanın tarixində cəsarət və mərdlik simvolu olan Cavad xanın taleyinin kino təcəssümündə iştirak etməyimi ömrümün ən uca məqamlarından hesab edirəm. Bu zirvəyə qalxmaq arzumun gerçəkləşdiyi üçün də xoşbəxtəm" - deyə, xalq artisti bildirib.

"Cavad xanın taleyi ürəyi Vətən eşqi ilə yanan hər bir azərbaycanlının qəlbindən keçən müstəqillik simvollarından biri olub. Məni də bu taleyə həsr olunan əsərlər yazmağa məhz bu ideallar səsləyib. Xüsusən 1990-cı ilin yanvarından sonra Gəncə teatrında tamaşaya qoyulan "Cavad xan" pyesinin sonunda səhnədəki hadisələrlə həmin günlərin faciələri arasında paralellik duyan tamaşaçıların ayaq üstə "Azərbaycana azadlıq!" deyə neçə dəqiqələrlə davam edən alqışları hər an qəlbimdədir" - bu isə yazıçı Nüşabə Əsəd Məmmədovanın söylədikləridir.

Cavad xanın anım gününün yaddaqalan anlarla keçirməyin fəal təşəbbüskarlarından biri, Moskvada yaşayan gəncəli hüquqşünas Müzadil Həsənov bildirir ki, general P.Sisianovun başçılığı ilə çar qoşunlarının Gəncə qalasını tutması tarixi köhnə rus təqvimi ilə yanvarın 3-dən 4-nə keçən gecə baş verib və indiki təqvilmlə bu, məhz ayın 15-nə düşür.

"Bu il Cavad xanın şəhidliyinin bir növ əlamətdar rəqəmli ildönümü olduğunu nəzərə alaraq, məhz həmin gün onun adını daşıyan zirvəyə qalxmaq qərarına gəldik, burada onun illər öncə dikəltdiyimiz metal barelyefi və xatirə daşı üzərinə güllər qoyduq" deyə, M.Həsənov bildirir.

Cavad xanın xatirə tədbirlərindən sonra "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbəri Valid Ziyadlı və Fondunun üzvləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olublar.

Görüşdə qeyd olunub ki, Azərbaycan xalqının igidlik və mərdlik rəmz olan Cavad xanın xatirəsinin əziz tutulması, bu ada hörmətlə yanaşılması böyük əhəmiyyət kəsb edir. Qonaqlar bu ilin 4 yanvar tarixində Cavad xanın anım mərasiminin yüksək səviyyədə təşkili üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova öz minnətdarlıqlarını bildiriblər. Günü-gündən dəyişən və gözəlləşən Gəncənin öz tarixiliyini qoruyaraq daha da müasirləşəcəyinə əminlik ifadə olunub.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Bir daha xatırladaq ki, 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan Şahverdi xan oğlu Ziadoğlu-Qacar rus imperiyasının generalı Pavel Sisianovun başdan-ayağa silahlanan ordusunun mühasirəsində bir aydan artıq qaldıqdan sonra Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğlu Hüseynqulu ilə birlikdə 215 il bundan qabaq həlak olub. Ölümündən sonra Gəncənin Şah Abbas Məscidinin yaxınlığındakı ailə məzarlığında dəfn edilmiş Cavad xanın cəsədinin qalıqları 1962-ci ildə bu ərazidə aparılan rekonstruksiya işləri zamanı çıxarılaraq, şəhərin Səbzikar qəbiristanlığına aparılıb və orada görkəmli ictimai xadim Əsgər ağa Goraninin (1857-1910) sərdabəsində saxlanılıb. Yalnız 1990-cı ilin mart ayının 27-də xanın nəşi təntənəli surətdə yenidən öz yerinə qaytarılıb və üzərində əvvəlcə mərmər qəbirüstü abidə, 2005-ci ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyəsi ilə türbə ucaldılıb.

Zakir MURADOV
Gəncə

 





22.01.2019    çap et  çap et