525.Az

Prezident: "Azərbaycan dünyada böyük etimad qazanan ölkədir"


 

"İQTİSADİ CƏHƏTDƏN GÜCLÜ AZƏRBAYCAN ÖZ MİLLİ MARAQLARINA ƏSASLANAN MÜSTƏQİL XARİCİ SİYASƏT YÜRÜDÜR"

Prezident: "Azərbaycan dünyada böyük etimad qazanan ölkədir"<b style="color:red"></b>

Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində səfərdə olan Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş müsahibəsi diqqəti çəkən bir sıra əhəmiyyətli məqamları ilə yadda qalıb.

Dövlət başçısının Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq arenada, o cümlədən, regional müstəvidə rolu və mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlətlərarası əməkdaşlıq əlaqələrində ortaya qoyduğu siyasi iradə, təşəbbüs göstərdiyi irimiqyaslı layihələr və digər məsələlərə dair çinli jurnalistin suallarına əhatəli cavabları, sürətlə qloballaşan dünyanın yeni çağırışlarına ölkəmizin hazırlığı, qarşıda duran əsas vəzifələr, gözləntilərlə bağlı səsləndirdiyi fikirlər, verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir.

Əvvəlcə Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı danışan prezident qeyd edib ki, neft və qaz ölkə iqtisadiyyatının aparıcı qüvvəsidir: "Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Lakin eyni zamanda, son illərdə biz əsasən, infrastruktura sərmayə yatırmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təqribən 250 milyard dollar həcmində. Dünya Bankının "Doing Business" reytinqində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq".

Daha sonra Azərbaycanın həyata keçirdiyi layihələrin, infrastruktur tədbirlərinin əhəmiyyətindən danışan İlham Əliyev bütün bunların həm əhalinin rifah halının daha da yaxşılaşması, həm də investorlar üçün ölkəmizin cəlbediciliyinin artmasına xidmət etdiyini nitqində ifadə edib: "İnfrastruktur layihələri investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacaq. Buna görə biz əsasən elektrik enerjisinin istehsalına sərmayə yatırdıq və elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildik və bundan çoxlu qazanc götürmüşük... Eyni zamanda, nəqliyyat infrastrukturumuza sərmayə yatırdıq ki, bu da bizə çoxlu yükləri cəlb etməyə və bir hab yaratmağa imkan verəcək. Bizim dəmir yollarımız, altı beynəlxalq hava limanımız var, bizə 15 milyon tondan 25 milyon tona qədər yük daşımağa imkan verəcək yeni Ələt Ticarət Limanımız var. Bütün növ gəmiləri istehsal etməyə və Xəzər dənizində yük daşımalarını artırmağa, eyni zamanda, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrimizi yaratmağa imkan verəcək yeni Gəmiqayırma zavodumuz var. 2017-ci ildə biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu dəmir yolu Azərbaycan və Avropa, eləcə də Avropa və Asiya arasında çatışmayan bir bağlantı idi. Hazırda bu dəmir yolu fəaliyyət göstərir və biz yüklərin artımını görürük. İnfrastruktur bizə çoxlu yükləri cəlb etməyə və bir çox ölkələr arasında yeni vacib bağlantı yaratmağa kömək edir".

Dövlət başçısı qeyd edib ki, infrastruktur layihələrinə vəsait dövlət büdcəsindən yatırılıb: "Biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcəyi şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq".

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan prezident bildirib ki, iqtisadi güc işğal altında qalan torpaqların azad edilməsi üçün ən effektiv yollardan biridir: "Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı".

"Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin, biz xarici borcumuzun azalması üzərində çox işləmişik. Bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir. Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik", - deyə ölkə rəhbəri əlavə edib.

Prezident vurğulayıb ki, Azərbaycan həmişə gördüyü işə sadiq olub, tərəfdaşlıq əlaqələrində qarşılıqlı etimada əsaslanan birmənalı mövqe ortaya qoyub: "Düşünürəm ki, ölkələrlə, qonşularımızla, tərəfdaşlarımızla qarşılıqlı əlaqə baxımından uğurlu siyasətin, bəzən tarazlaşdırılmış siyasətin səbəblərindən biri odur ki, biz həmişə işimizə sadiq olmuşuq. Bəzən bizim tərəfdaşlar, qonşularımız bizimlə razılaşmaya bilər. Bəzən bizim işlərimiz onların xoşuna gəlməyə bilər. Lakin onlar həmişə bilirlər ki, biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir… Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik".

Prezidentin Davos səfəri, səsləndirdiyi fikirlər, verdiyi mühüm mesajlarla bağlı "525"ə fikirlərini bildirən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu gün beynəlxalq aləmdə qitələri birləşdirən, regiona və dünyaya sülh və təhlükəsizlik vəd edən layihələrin təşəbbüskarı kimi tanınan Azərbaycan yeni, tamamilə fərqli inkişaf modeli yaradıb: "Həyata keçirilən mühüm islahatlar, çevik idarəetmə mexanizminin yaradılması istiqamətində görülən işlər bu inkişaf modelinin əsas elementlərini təşkil edir. Azərbaycan Avropa ölkələri, eyni zamanda, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməkdədir. Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə işgüzar səfərini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Hesab edirəm ki, forum hər il istər iştirakçı ölkələr, istərsə də Azərbaycan üçün kifayət qədər məhsuldar keçir".

V.Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində ilk olaraq Azərbaycan prezidentinin Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşü qurumla ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir: "Görüşdə dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, forum dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətlidir. Təbii ki, Azərbaycan da öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurur. Dünya İqtisadi Forumu da bu amili hər zaman diqqətdə saxlayır. Elə görüş zamanı forumun prezidenti Borge Brende də qeyd edib ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında rolu böyükdür. Dünya İqtisadi Forumu isə bu rolu yüksək qiymətləndirir. Hesab edirəm ki, Azərbaycana beynəlxalq səviyyədə verilən bu dəyər bir daha ölkə rəhbərliyi tərəfindən uğurlu daxili və xarici siyasətin həyata keçirildiyini sübut edir".

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, forumda ənənəvi olaraq Azərbaycan prezidentinin dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşlərində aparılan müzakirələr yeni əməkdaşlıqlar üçün imkanlar açır: "Bu gün Azərbaycan xarici şirkətlər üçün investisiya yatırılması baxımından kifayət qədər cəlbedici ölkədir. Təsadüfi deyil ki Azərbaycanda bir çox xarici dövlətləri təmsil edən yüzlərlə şirkət fəaliyyət göstərir, bu özəl qurumlar münbit şəraitdən faydalanaraq uzunmüddətli və perspektivli layihələrdə iştirak edir. Şübhəsiz ki, ölkə prezidentinin forum çərçivəsində BP, "Microsoft", "Total", "LUKoil" və digər şirkətlərin rəhbər şəxsləri, Dünya Bankının baş icraçı direktoru ilə görüşü də mövcud əlaqələrin möhkəmlənməsi, yeni imkanların müzakirəsi baxımından önəmlidir".

V.Rəhimzadə həmçinin vurğulayıb ki, prezidentin Davosda "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada iştirakı və ölkəmizin sürətli inkişafı ilə bağlı səsləndirdiyi faktlar bir daha forum iştirakçılarında Azərbaycanla bağlı daha dəqiq, dolğun məlumatların formalaşmasına öz müsbət təsirini göstərir.

Ceyhun ABASOV

 





24.01.2019    çap et  çap et