525.Az

Millət vəkili həmsədrləri fəallığa çağırdı


 

MƏLAHƏT İBRAHİMQIZI: "MÜNAQİŞƏNİN SÜLH YOLU İLƏ HƏLLİNƏ ƏMƏLİ KÖMƏK ETMƏK ONLARIN BORCU VƏ MİSSİYASIDIR"

Millət vəkili həmsədrləri fəallığa çağırdı<b style="color:red"></b>

"Ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib və bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib. Ötən illər ərzində də reallaşdırılan siyasət Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə əlaqədar bölgədə yeni reallığın yaranmasına səbəb olub. Məlumdur ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xarici siyasətinin əsas prioriteti olmaqla bərabər, ölkəmizin ərazi bütövlüyünün bərpa və sərhəd toxunulmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir. Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə ilk növbədə problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub".

Bunu "525"ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, bu şərtlərin formalaşdırılması isə mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub.

Onun sözlərinə görə, ilk növbədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikinci isə regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. "Azərbaycanın inkişafı və beynəlxalq əməkdaşlığını daha da inkişaf etdirməsinin fonunda işğalçı Ermənistan öz ənənəvi tərəfdaşlarını itirməsi, küncə sıxılması, sosial və iqtisadi kataklizmlər yaşaması ilə diqqəti cəlb edir. Bir sözlə, görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb" - deyən millət vəkili bununla belə, həmsədrləri, həmsədr dövlətləri, ATƏT-in Minsk qrupunu münaqişənin həllində fəallığa və öz üzərlərinə düşən missiyanı nəhayət, yerinə yetirməyə çağırıb. Qeyd edib ki, onlar artıq vədlərdən, bəyanatlardan, sözlərdən, könkret işə, əməli fəaliyyətə keçməlidirlər.

"Bu, onların missiyası, borcudur. Onlar nəhayət, 31 ildən artıq davam edən Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə müsbət və ədalətli həllinə əməli kömək etməlidirlər. İşğalçı ilə işğala məruz qalanı illərdir eyniləşdirmək siyasətlərindən əl çəkməlidirlər. İşğalçıya, təcavüzkara öz yerini tanıtmalı, ona qarşı bütün təsir və təzyiq mexanimlərini işə salmalıdırlar" -deyə, millət vəkili sonra bildirib.

K.HƏMZƏOĞLU

 





24.01.2019    çap et  çap et