525.Az

Dünya İqtisadi Forumu: Azərbaycan ən etibarlı tərəfdaş kimi


 

Dünya İqtisadi Forumu: <b style="color:red">Azərbaycan ən etibarlı tərəfdaş kimi </b>

İsveçrənin kiçik Davos şəhəri yenidən böyük problemlərin, çağrışların müzakirəsi ilə bütün dünyanın diqqət mərkəzindədir. Belə ki, yanvarın 22-də öz işinə başlayan ənənəvi Dünya İqtisadi Forumu Davosu dünya liderlərinin, nəhəng şirkətlərin rəhbərlərini, tanınmış elm adamlarını, ekspert və siyasətçiləri bir araya gətirib.

49-cu dəfə təşkil olunan forumun mövzusu da maraqlıdır: "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması"dır.

Azərbaycan builki forumda da yüksək səviyyədə təmsil olunur. Prezident İlham Əliyev tərbirdə iştirak etmək üçün yanvarın 21-dən İsveçrəyə işgüzar səfər edib. Dövlət başçısı burada bir sıra mühüm görüşlər keçirib, qarşılıqlı olaraq yeni əməkdaşlıq imkanlarını müzakirə edib. Belə ki, Azərbaycan prezidenti Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, "Visa" şirkətinin prezidenti Rayan Maklnerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, "CISCO" şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott, "SAP SE" şirkətinin baş icraçı direktoru Bill Makdermot, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva, Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov, Fransanın "Total" şirkətinin baş icraçı direktoru Patrik Puyanne, "Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel, "The Boston Consulting Group" şirkətinin prezidenti və baş direktoru Riç Lesser, "Equinor" (keçmiş "Statoil") şirkətinin baş icraçı direktoru Eldar Saetre və digər nüfuzlu şirkətlərin rəhbər heyəti ilə görüşlər keçirib.

Dövlət başçısı həmçinin, Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiyada iştirak edib. İlham Əliyevin sessiyada ona ünvanlanmış suallara cavabları böyük maraqla qarşılanıb. Ümumiyyətlə, Azərbaycan prezidenti Davos Forumunda daha çox diqqətçəkən, maraq doğuran liderlərdən biridir. Bu, özünü həm dövlət başçısının çoxsaylı görüşlərində, eyni zamanda, beynəlxalq medianın münasibətində göstərir. Bu da təbiidir. Çünki Azərbaycanın son illərdəki surətli iqtisadi inkişafı, neftin ucuzlaşmasından sonra böhranlı vəziyyətin yaranmamsı üçün görülmüş tədbirlər, qeyri-neft sektorunun, beynəlxalq nəqliyyat infrastrukturunun inkişafı istiqamətində atılan addımlar dünyanın da diqqətini cəlb etməkdədir. Bütün bunlar isə ölkəmizə sərmayə yatırmaq istəyən iri şirkətlərin sayını artırır.

İlham Əliyev sessiyada bildirib ki, müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir və Azərbaycan beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görür. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın nəqliyyat infrastrukturu yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək: "Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır".

Dövlət başçısı Azərbaycanın sərmayələrə açıq olduğunu deyib və şirkətləri podratçı olmağa dəvət edib.

Mövzu ilə bağlı fikirlərini "525"ə açıqlayan iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, hər il bu vaxt keçirilən forum dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərinin bir araya gəlməsi, o cümlədən, müxtəlif beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin, iri və məşhur şirkət və bank nümayəndələrinin, siyasi elita təmsilçilərinin bir məkana toplaşmağı baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, bu, dünya iqtisadiyyatının real mənzərəsinə baxış keçirtmək və qiymətləndirmək, bir sıra prosesləri dəyərləndirmək, bazarlarda mövcud durumu dilə gətirmək, müvafiq təhlillər aparmaq, yaxın və orta perspektiv üçün proqnozlar verməyə imkan açır.

"Hər bir ölkənin iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir. Və heç bir ölkə təcrid edilmiş vəziyyətdə inkişaf edə bilməz. Odur ki, ölkələrdə həyata keçirilən iqtisadi və maliyyə siyasəti nəzarətdə saxlanılmalı, təhlil olunmalıdır. Bu, xüsusən də, böyük ölkələrə aiddir. Dünyanın iqtisadi cəhətdən aparıcı ölkələri həm daxillərində, həm də öz aralarında qeyri-düzgün siyasət yürütsələr, bu, mütləq qlobal böhrana və bütün ölkələr üçün mənfi təsirlərə gətirib çıxara bilər. Odur ki, təkrar edirəm ki, belə görüşlər və tədbirlər olduqca vacibdir. Burada irili-xırdalı, böyük səlahiyyətli və məhdud imkanlı, zəif təsirli bütün tərəflər bir araya gəlir. Bu mənada, deyərdim ki, Davos toplantısının analoqu yoxdur", ekspert əlavə edib.

Azərbaycanın hər il bu forumda iştirakının ona hansı dividentlər gətirməsini də şərh edən P.Heydərov deyib ki, Azərbaycan kiçik ölkədir, dünya iqtisadiyyatında çox cüzi paya sahibdir:

"Ancaq olduqca mühüm bir regionda yerləşir, böyük siyasi və iqtisadi nüfuza sahibdir. Dövlət başçımızın yürütdüyü siyasət nəticəsində ölkəmiz öz əhəmiyyətini demək olar ki, bütün aparacı iqtisadi ölkələrə və dövlətlərə kifayət qədər güclü şəkildə sübut edib. Ölkəmiz bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibidir. Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə paytaxtdır, mərkəzdir. Belə ki, bu sferada zəngin infrastruktura sahibdir. Neft ölkəsidir, eyni zamanda, qeyri-enerji sektorunun inkişaf etdirilməsi və buradan yüksək məbləğdə qazanc əldə etmək üçün böyük potensiala malikdir. Odur ki, ölkəmizə böyük investisiya marağı vardır. Prezident İlham Əliyevin bu forumda iştirakı həmin maraqların düzgün qiymətləndirilməsinə, seçilməsinə və istiqamətləndirilməsinə imkan verir. Eyni zamanda, dövlət başçısı beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin, iri və məşhur şirkət və bank nümayəndələri, siyasi elita təmsilçiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanda görülən işlər, mövcud iqtisadi durumu nəzərə çatdırır, əməkdaşlıq imkanları, istiqamətləri və perspektivləri müzakirə və müəyyən edilir".

Millət vəkili Elman Nəsirov isə deyib ki, Azərbaycan prezidenti cənab İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində forumun rəhbərliyi də daxil olmaqla bir sıra vacib görüşlər keçirib, xarici mətbuata müsahibələr verib.

Deputatın sözlərinə görə, hər zaman İlham Əliyev qeyd edir ki, Azərbaycan üçün daxili risklər yoxdur: "Azərbaycan güclü dövlətdir və ölkəmizdə səfərbər olunmuş cəmiyyət, xalq-iqtidar birliyi var. Məhz bunun sayəsində Azərbaycanda siyasi sabitlik hökm sürür. Bu səbəbdən də Azərbaycan təhlükəsiz ölkədir, öz inkişaf yolu ilə gedir və taleyi öz əlindədir. Bunlar bizim qazandığımız çox ciddi uğurlardır. Bizim üçün risklər daha çox xaricdən gələ biləcək risklərdir. Çünki həm dünyada, Avropada, həm də qonşu regionlarda çox qorxulu proseslər yaşanmaqdadır. Beləcə yeni risk mənbələri əmələ gəlir. Onlar bizim sərhədlərimizdən elə də uzaqda deyil. Belə vəziyyətdə Azərbaycan dövləti məhz güclü dövlət olduğundan xarici risklərdən özünü qorumaq imkanına, potensialına malikdir. Biz bunun öhdəsindən gəlirik. İlk növbədə Azərbaycanın düşünülmüş, məqsədyönlü, sistemli siyasəti sayəsində biz özümüzü həmin o risklərdən qoruya bilmişik və bundan sonra da qoruyacayıq. İlk növbədə hakimiyyətin mənbəyi olan xalq öz hakimiyyətinin arxasındadır və onu dəstəkləyir.

Xalq çox gözəl dərk edir ki, dövlətin başçısı heç bir beynəlxalq güc mərkəzinin, beynəlxalq siyasi dairənin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir siyasəti həyata keçirir. Bu səbəbdən də biz heç bir siyasi macəralara, avantüralara qoşulmuruq və müstəqil siyasət həyata keçiririk. Azərbaycandakı bu sabitliyin möhkəmləndirilməsində həmin faktorların həlledici rolu vardır".

Millət vəkili Azər Badamov isə düşünür ki, Davos Forumu iqtisadi məsələlərin müzakirəsi platforması olsa da, burada həm də siyasi məsələlər barədə fikir mübadiləsi aparılır. Çünki dünyanın bir çox ölkələrindən siyasətçilər gəlir: "Bu il keçirilən Foruma da üç minə yaxın siyasətçi, iqtisadiyyatçı, dövlət adamları toplaşıb. Təbii ki, belə bir Forumda ölkəmizin iştirakı ilk növbədə Azərbaycanın bugünkü iqtisadi inkişafı ilə bağlıdır. Yəni Azərbaycan öz inkişaf dövrünü yaşayan bir ölkədir". Millət vəkilinin sözlərinə görə, dövlət başçısının bu forumda iştirakı yeni əməkdaşlıq imkanlarının yaranması, ölkəmizə investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir. Bunu Azərbaycan prezidentinin keçirdiyi çoxsaylı mühüm görüşlər də sübut edir.

A.Badamov xatırladıb ki, forumun rəqabətqabiliyyətli hesabatlarında Azərbaycan həmişə öncül yerlərdə göstərilir və bu göstəricilər ilbəil artır: "Bu da Azərbaycanın nüfuzuna müsbət mənada təsir edir. İlk növbədə bu forum iqtisadi cəhətdən, yəni Azərbaycanın iqtisadi potensialını təbliğ etmək və göstərmək baxımından əvəzolunmaz bir tədbirdir. Burada Azərbaycan yeni investisiyaları cəlb etmək istiqamətində müəyyən qədər işlər aparır. Həm də bu, siyasi platformadır. Əgər hər bir ölkənin apardığı siyasət güclü deyilsə, o ölkənin iqtisadiyyatı da heç vaxt inkişaf etməz. Ona görə də biz bu fürsətdən istifadə edərək orada öz problemlərimizi qlobal formada təqdim edə bilirik. Yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycana qarşı ədalətsiz yanaşmalarla bağlı öz fikirlərimizi bildirə bilirik. Təbii ki, bu da dünyanı bir daha bu münaqişə ilə bağlı məlumatlandırmaq və Azərbaycanın haqq səsini ucaltmaq üçün bir platforma kimi qeyd etmək olar. Beləliklə, həm siyasi, həm də iqtisadi baxımdan Davos İqtisadi Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir".

PƏRVANƏ

 





24.01.2019    çap et  çap et