525.Az

Azərbaycan mədəniyyəti Küveytdə təqdim olunub


 

Azərbaycan mədəniyyəti Küveytdə təqdim olunub<b style="color:red"></b>

Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilən 25-ci Mədəniyyət Festivalı çərçivəsində xarici ölkə səfirliklərinin iştirakı ilə beynəlxalq kulinariya festivalı təşkil edilib. Festivala Azərbaycanın Küveytdəki səfirliyi də qatılıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmiz üçün ayrılan guşədə milli yemək və şirniyyatlarımız, eyni zamanda, ölkəmizin mədəniyyəti və turizm imkanlarını əks etdirən kitab, buklet, broşür, habelə suvenirlər, milli geyimlər nümayiş etdirilib. Azərbaycanın ən məşhur yerlərini, füsunkar təbiətini özündə əks etdirən fotostendlərlə yanaşı, səfirliyin təşəbbüsü ilə elektron turizm üzrə ekspert, küveytli bloqer tərəfindən hazırlanan Azərbaycanın interaktiv turizm xəritəsi də nümayiş etdirilib.

Ziyarətçilərə səfirliyin əməkdaşları, həmçinin, "Vətənsevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri tərəfindən milli mətbəximizin nümunələri təqdim olunub, ölkəmizin gəzməli-görməli yerləri haqqında məlumat verilib.

Festival zamanı Əl-Əhmədi bölgəsinin qubernatoru və Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şurasının baş katibi də iştirakçı səfirliklərin stendləri ilə tanış olub.

 





24.01.2019    çap et  çap et