525.Az

Akademik: "Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir"


 

Akademik: "Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir"<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elmi şuranın cari il üçün ilk iclası keçirilib.

Tədbiri açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev institutun struktur bölmələrinin 2019-cu il üçün fəaliyyət planlarının müzakirəsi ilə bağlı çıxış edib. Alim bildirib ki, hər il olduğu kimi, cari ildə də aktual problemlərin aşkar olunması, dərin elmi araşdırmaların aparılması və nəticələrin "Scopus", "Web of Science" kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli jurnallarda çap olunması hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulub.

R.Əliquliyev institutun daxili potensialının daha səmərəli idarə olunmasının vacibliyindən danışıb, yüksək peşəkarlığa malik kadrların yetişdirilməsinin zəruriliyini qeyd edib.

İnstitut əməkdaşlarının qrant layihələrdə

 iştirakından söz açan R.Əliquliyev ölkəmizdəki elm fondlarının alimlərimizin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə geniş imkanlar açdığını və mütəmadi olaraq müsabiqələr elan etdiklərini söyləyib. Alim institut əməkdaşlarına ölkə daxilində və beynəlxalq müstəvidə təqdim olunan layihələrdə daha fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə edib.

Son illər institutda fundamental-nəzəri problemlərin tədqiqinə böyük əhəmiyyət verildiyini deyən akademik qeyd edib ki, dərin elmi problemlərin araşdırılması və Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası dövlətin maraqlarına xidmət etməli və fundamental-nəzəri elmlərin inkişafına öz töhfəsini verməlidir.

Alimin sözlərinə görə, dünyada elmi araşdırmaların aparılması ilə bağlı mövcud təcrübə göstərir ki, elmi-tədqiqat müəssisələrinin qrantlarda iştirakının sayı hər bir qurumun elmmetrik göstəricisi hesab olunur. R.Əliquliyev əməkdaşların qrant layihələrdə fəal iştirakının mühüm elmi nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynayacağını bildirib.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova 2019-cu ildə institutun elmi seminarlarında müzakirəyə çıxarılacaq mövzulardan danışıb. O, cari ildə institutun elmi seminarlarında dissertasiya işlərinin və müxtəlif elmi-tədqiqat mövzuları üzrə elmi-nəzəri nəticələrin müzakirəsinin nəzərdə tutulduğunu deyib. Qeyd edib ki, "İnstitutun elmi tədqiqatlarında Data Mərkəzin resurslarından istifadə", "İngilis-Azərbaycan və Azərbaycan-ingilis qrafikalarının transliterasiya metodlarının işlənilməsi", "Elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi", "Milli terminoloji informasiya mühitinin OLAP texnologiyaları əsasında analizi və qərar qəbul etmədə tətbiqi imkanları", "Bulud texnologiyalarında zərərli proqramların aşkarlanması üsulunun işlənməsi", "Vətəndaşların sosial kredit sisteminin yaradılmasına dair yanaşmalar" cari ildə planlaşdırılan elmi seminar mövzularındandır. Məruzəçi, həmçinin, "Beynəlxalq informasiya təhlükəsizliyi günü"nə həsr edilmiş seminarın keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

R.Əliquliyev elmi mühitdə sosiallaşmasının daha da intellektuallaşdırılması və dərinləşdirilməsinin vacib məsələlərdən olduğunu qeyd edib. Vurğulayıb ki, öyrədici xarakter daşıyan elmi seminarlarda aparılan müzakirələr tədqiqatçılara öz fəaliyyətlərini daha səmərəli qurmaq imkanı yaradır. Alimin sözlərinə görə, yüksək istinad indeksli jurnallarda elmi məqalələri nəşr olunmuş əməkdaşların həmin məqalələrdə təklif etdikləri yeni metod və alqoritmlərin ictimailəşdirilməsini təmin etmək məqsədilə cari ildən etibarən elmi seminarlarda onların məruzələrinin təqdim olunması nəzərdə tutulur.

Tədbirdə, həmçinin, verilmiş tapşırıqların icra vəziyyətinə dair məlumatların avtomatlaşdırılmasını nəzərdə tutan sistemin işlənilməsi təklifi irəli sürülüb.

Çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

S.QARAYEVA

 





24.01.2019    çap et  çap et