525.Az

Elçin Əhmədov: “Davos görüşləri Azərbaycanın artan nüfuzunu təsdiqləyir”


 

Elçin Əhmədov: “Davos görüşləri Azərbaycanın artan nüfuzunu təsdiqləyir”<b style="color:red"></b>

“49-cu Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin keçirdiyi görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiqləyir”.

Bu sözləri “525”a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib. O qeyd edib ki, prezident İlham Əliyev artıq 13-cü dəfədir Dünya İqtisadi Forumunda iştirak edir: “Azərbaycan prezidenti forum çərçivəsində bir sıra dövlət rəsmiləri və nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bununla yanaşı, dövlətimizin başçısı Çinin CGTN (China Global Television Network) və Rusiyanın “Rossiya 1” televiziya kanalına müsahibələr verib”.

E.Əhmədov bildirib ki, forum çərçivəsində keçirilən “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada çıxış edən prezident İlham Əliyev müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verib: “Azərbaycan həqiqətlərini diqqətə çatdıran prezident qeyd edib ki, demokratik dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial, iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həlli ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə sıx bağlıdır. Bu mənada, dövlət başçısı Azərbaycanın həyata keçirdiyi strategiyanın qazandığımızdan daha az xərcləməkdən ibarət olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, daxili borcun çox aşağı olduğunu bildirən prezident vurğulayıb ki, bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir və bunu 10 faizə endirmək üçün strategiyamız var. Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bütün infrastruktur layihələrinin, yəni ölkələri bir-birinə birləşdirən layihələrin borcsuz həyata keçirildiyini bildirib”.

Professorun sözlərinə görə, prezident İlham Əliyev Çinin CGTN televiziya kanalına geniş müsahibəsində iqtisadiyyatınızın yüksək səviyyəyə qaldırılmasına imkan verən amillərdən bəhs edib: “Neft və qazı iqtisadiyyatımızın aparıcı qüvvəsi kimi qiymətləndirən dövlət başçısı böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox mühüm tərəqqiyə nail olduğumuzu diqqətə çatdırıb. Azərbaycanın dəmir yollarının, 6 beynəlxalq hava limanının, eləcə də 15 milyon tondan 25 milyon tona qədər yük daşımağa imkan verəcək yeni Ələt Ticarət Limanının olduğunu bildirən dövlət başçısı bütün növ gəmiləri istehsal etməyə və Xəzər dənizində yük daşımalarını artırmağa, eyni zamanda, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrimizi yaratmağa imkan verəcək yeni Gəmiqayırma zavodunun və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışıb. Prezident İlham Əliyev 20 ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsinin prioritet məsələ olduğunu bildirərək qeyd edib ki, müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın 20 faizi işğal altına düşdü.

Dövlət başçısı diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və 25 il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə, ərazi bütövlüyümüzün bərpa edilməsinin və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq və bu səbəbdən də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Torpaqlarımızın işğalını davam etdirən ölkənin bütün bunları qiymətləndirməli olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi. Dövlət başçısının vurğuladığı kimi, bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olar”.

“Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi və hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Azərbaycanın dərhal belə cəhdləri rədd etdiyini vurğulayan prezident İlham Əliyev xarici işlər nazirlərinin artıq bir neçə dəfə görüşdüyünü bildirərək deyib ki, danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır və danışıqlar prosesi üçün yalnız bu format məqbuldur. Bu baxımdan, Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüş Düşənbə və Sankt-Peterburqda MDB zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər. Azərbaycan prezidenti dünyada aparıcı beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamə qəbul etdiyini, lakin münaqişənin həllini tapmadığını, qətnamələrin icra olunmadığını diqqətə çatdıraraq bildirib ki, buna görə də biz beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq”, - deyə E.Əhmədov bildirib.

Siyasi elmlər doktorunun sözlərinə görə, sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunduğunu, yeni münaqişə mənbələrinin, yeni risk mənbələrinin yarandığını qeyd edən dövlət başçısı bildirib ki, əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır: “Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qonşularımızla münasibətlərin prioritet olduğunu bildirən dövlət başçısı, həmçinin, qeyd edib ki, dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın nailiyyətlərindən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Habelə Azərbaycanın böyük etimad qazanan ölkə olduğunu diqqətə çatdıran ölkə rəhbəri qeyd edib ki, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır və biz müsbət tərəfdaş, dost olmaq istəyirik. Bütün bunlarla yanaşı, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu vurğulayan prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, bizim ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmadığımızı, bu səbəbdən artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanındığımızı və daxili sabitlik, iqtisadi inkişafın bizə bu gücü verdiyini bəyan edib”.

Ceyhun ABASOV

 





24.01.2019    çap et  çap et