525.Az

Unudulmaz iki ad günü - Əli Tohidi-100


 

Unudulmaz iki ad günü - <b style="color:red">Əli Tohidi-100</b>

Dekabrın 19-da atam Əli Rüstəmov-Tohidinin 100 illiyini onsuz qeyd etdik. 1918-ci ildə, Ərdəbilin Meşkin mahalı, Noqdı kəndində anadan olmuş və 1946-cı ildə fəal iştirak etdiyi Milli-demokratik hərəkat qan içində boğulduqdan sonra Sovet Azərbaycanına mühacirət etmiş atam çox keşməkeşli, hadisələrlə zəngin, böyük və hər baxımdan şərəfli ömür yaşamışdı.
 
Cənubi Azərbaycanın ən dindar - Ərdəbil mühitində, müctəhid - ali mənsəbli ruhani ailəsində doğulsa da, Meşkin xanlarına məxsus, savadlı və imkanlı dayıları onun uşaqlıqdan iti ağlı və zirəkliyini görərək təhsili ilə ciddi məşğul olaraq dünyəvi biliklərə yiyələnməsinə imkan yaratmışlar. 90-cı illərdə, sərhədlər açılanda ilk dəfə atamın doğulduğu kəndi görəndə özümü sanki Cəlil Məmmədquluzadənin Danabaş kəndində hiss etmişdim və ən böyük sarsıntım yeganə daş binası məscid olan bu kənddə atam kimi işıqlı, açıq fikirli, az qala ateist dünyagörüşlü bir adamın necə yetişdiyi sualına cavab tapmamağım olmuşdu. Bu ilk səfərim Aşura günlərinə təsadüf etmişdi, 6 saatdan artıq davam edən şəbih mərasimində yüzlərlə insanın Kərbəla müsibəti ilə bağlı tökdüyü göz yaşları, kiçik əmimin babadan qalma evinin hələ də Hüseyniyyə olması və başqa müşahidələrim atamın bəlkə də məhz bu mühitdən qopmaq üçün ictimai həyata can atdığını və siyasi fəaliyyətə qoşulduğunu düşünməyimə əsas vermişdi. Əvvəlcə İran Xalq partiyası (Tudə), daha sonra Azərbaycan Demokrat Firqəsinin üzvü olmuş, siyasi fəhmi, öz dövrü üçün savadı, mübariz və cəsarətli xarakteri sayəsində tezliklə ADF Meşkin mahal komitəsinin sədri, fədai başçısı kimi milli hərəkatın vilayətlərdəki rəhbər işçilərindən birinə çevrilmişdi. 1946-cı ildə siyasi mühacirətə məcbur olub bu taya keçdikdən sonra şah hökuməti tərəfindən haqqında ölüm fərmanı verilmiş hərəkat iştirakçıları siyahısında onun da adı var idi. Bununla belə, uzun illər mühacir silahdaşları kimi geri qayıdacağına və mübarizələrini gizli şəkildə olsa belə davam etdirəcəklərinə inanmış, Sovet rəhbərliyinin bu məqsədlə gördüyü tədbirlərə cəlb olunmuşdu. Bakıya gətirilib Ali partiya məktəbinin Xüsusi - “İran demokratları” kursunda 5 il təhsil alaraq ilk siyasi rəhbərlər qrupuna daxil edilmişdi.

Burada bir haşiyə çıxım ki, həmin vaxt atama nə məqsədləsə bir “yerli familiya” da götürməyi tövsiyə etmişdilər. Atam da öz babası və böyük qardaşının adı ilə Rüstəmov soyadını öz Tohidi familiyasına əlavə etmişdi. Beləliklə, Rüstəmov-Tohidi soyadımız meydana gəlmişdi. Sovet dövründə mənə bu soyadının “Tohidi”, müstəqillik illərində isə “Rüstəmova” hissəsindən imtina etməyi dönə-dönə təklif etsələr də, mən heç bir “dəlillərlə” razılaşmayaraq buna getməmişəm, atamdan aldığım və nəzərimcə o tay-bu tay Azərbaycanı təcəssüm etdirən bu soyadımı həmişə ləyaqətlə daşımağa çalışmışam.

1940-cı illərin sonlarında baş verən hadisələrin gedişi, xüsusən Pişəvərinin müəmmalı ölümü Ali Partiya Məktəbinin xüsusi kursunun müdavimlərinin bütün bu “vətənə qayıtmaq” planlarına və arzularına birdəfəlik son qoymuşdu. Lakin siyasi mühacirlər nəslinin yeni həyata, fərqli siyasi quruluşa və ideologiyaya uyğunlaşa bilməyən bir çox nümayədələrinin faciəli aqibəti atamdan yan keçmişdi. Əqidə etibarilə solçu - marksist olduğundan Sovet sistemini bütün ziddiyyət və üstünlükləri ilə qəbul etmiş, ikinci ali təhsil alaraq Azərbaycan Dövlət Universiterinin tarix fakültəsini bitirmiş və bütün qalan ömrünü - 50 ildən artıq - müəllimliyə həsr etmişdi.

1979-cu il İran inqilabından sonra yaranan Vətənə qayıtmaq və siyasi işə başlamaq imkanı atamı son dərəcə həvəsləndirmişdi. Belə ki, sol qüvvələrin də fəal iştirak etdiyi İran İnqilabının ilk illərində ölkədə siyasi partiyalar, o cümlədən, İran Xalq Partiyası (Tudə) öz fəaliyyətini bərpa etmiş və öz təcrübəli üzvlərini səfərbər etməyə başlamışdı. Bakıda, Moskvada, Orta Asiyada, xüsusən Avropada yaşayan tudəçilər və bir çox Azərbaycan demokratları müvafiq siyahılar üzrə dəstə-dəstə İranın müxtəlif şəhərlərinə gəlirdilər. O illər mən aspiranturada oxuduğumdan çox vaxt Moskvada olurdum və bura səfərlərinin birində atam məni “Moskva” restoranına apararaq məxfi bir söhbəti olduğunu bildirdi, yaxın günlərdə İrana gedəcəyindən və qarşıdakı planlarından söz açdı. Düzü, yalnız inqilabi-siyasi hərəkatların tədqiqatçısı deyil, həm də inqilabi ruhun daşıyıcısı olduğuma baxmayaraq, mən onun bu qərarından narahat oldum. İranda 1979-cu il inqilabının qələbəsinin Bakıdakı “demokratlar” arasında doğurduğu sözlə ifadə edilməyəcək əhvali-ruhiyyəni, sevincdən hönkür-hönkür tökülən göz yaşlarını yalnız evdə deyil, Şərqşünaslıq institutunun demokrat-alim nəslinin nümunəsində görmüşdüm. Amma “şərəfli ölümə” can atan qaynar qanlı atamın bu yolda tək özünü deyil, o taydakı bütün qohumlarını, o cümlədən, ata qayğısı görmədən, böyük əziyyətlə boya-başa çatmış iki oğlunu da qurban verə biləcəyi ehtimalına görə onun bu addımına münasibətim heç də birmənalı deyildi. Bununla belə, onu qərarından döndərmək üçün heç nə demədim. Bunu nə ona, nə özümə yaraşdırdım. Amma atama bu gün-sabah gözlədiyi çağırış nədənsə gəlmədi... Əksinə, 1980-1981-ci illər İrandan artıq əvvəlcə narahatlıq doğuran məlumatlar, daha sonra isə acı xəbərlər gəlməyə başladı. İranda irtica hücuma keçdi, İnqilabın rəhbərliyini ələ keçirmiş ruhaniyyət bir çox siyasi partiyalar kimi, tudəçilərə qarşı da həbslərə və edamlara başladı. Mənim əlimdən tutaraq İran tarixi şöbəsində “bu, Əli Tohidinin qızıdır, yaxşı başı var” deyə elmi rəhbərim Tağı Şahinlə tanış edən tarixçi-alim Əliəsgər Hatəmi (fars olduğu halda milli hərəkata qoşulmuş İran zabiti idi), ilk elmi məqaləmin rəyçisi filosof Agahi, Firidun İbrahiminin qardaşı, yaxşı tanıdığım Ənuşirəvan İbrahimi və bir çox tudəçilər rejim tərəfindən güllələndilər, ya edam olundular. Cənubi Azərbaycanın tanınmış yazıçısı, vaxtilə Təbrizdə buraxılan “Azərbaycan” qəzetinin redaktoru olmuş Həmzə Fəthi Xoşginabi o zaman Təbrizdə yenidən qəzet buraxırdı, amma vaxtında ölkədən çıxa bilmişdi. Xoşginabi atamın lap yaxın dostu idi, Moskvada yaşayırdı və mən qısamüddətli səfərlərim zamanı onlarda qalırdım və uzun-uzadı söhbətlər edirdik. Belə söhbətlərin birində Həmzə əmi atama deməmək şərti ilə mənə etiraf etdi ki, İranda yaranan vəziyyətin hara getdiyini qabaqcadan görərək “Əlinin adını növbəti siyahıdan” o sildiribmiş və özü də müalicə bəhanəsiylə geri qayıdıbmış. Az sonra isə ölkədə kütləvi həbslər başlamışdı.

Beləliklə, Xoşginabinin simasında tale atamı labüd ölümdən qurtararaq ona daha 20 il yaşamaq şansı vermişdi.

Onun bu taydakı fəaliyyəti xüsusi söhbətdir. Belə ki, üzvü olduğu partiyada siyasi fəaliyyətini davam etdirməklə yanaşı, əsasən öz mühitlərinə qapanıb qalan o taylı silahdaşlarından fərqli olaraq, atam bu tayın geniş ziyalı cəmiyyətinə daxil olmuşdu. Açıq və mərd təbiəti, dostluq və yoldaşlıq etmək istedadı, siyasətdən tutmuş tarix, ədəbiyyat və xüsusilə şeirə olan marağı, ərəb və fars dillərində danışmaqla gözəl nitq və natiqlik qabiliyyəti, alicənablığı və son dərəcə əliaçıqlığı və nəhayət, sözün əsl mənasında əhli-məclis olması onun ünsiyyət dairəsini xeyli genişləndirmişdi. Mən, ağlım kəsəndən həmişə evdə “qərib” atamın dostlarını görmüşəm, onlara ağız dolusu “əmi” demişəm, dövrün ən tanınmış yazıçı, şair, teatr xadimləri, alim və müəllimləri daima evimizin qonaqları olub, atam da məişətdə olduqca sərt xarakterinə baxmayaraq, çox vaxt kişi məclisləri olan bu qonaqlıqlarda mənə süfrəyə qulluq etməklə yanaşı bir kənarda oturub bu böyük şəxsiyyətlərin söz-söhbətinə qulaq asmağa icazə verib. Bu gün atamın kitabxanasında onun yazıçı, şair, alim, sənətkar dostlarının imzası ilə bağışladıqları kitablardan ibarət ayrıca bir şkaf var. Və mən Azərbaycanın bu görkəmli adamlarının atama münasibətində onun şəxsi keyfiyyətləri ilə yanaşı, daha geniş mənada həm də cənubdan olmasına, özü də siyasi, inqilabi xadim kimi dərin və səmimi hörməti daim müşahidə etmişəm. Bu şəxsiyyətlərin arasında xeyli “köhnə iranlılar” da var idi ki, onların dostluğuna xüsusilə dərin və doğma xarakter verirdi.

Atamın dostları, tanışları haqqında çox maraqlı xatirələrim var. Və özümün də ədəbiyyata, tarixə, teatra olan marağım hələ yeniyetmə vaxtından atamın vasitəsilə məhz bu canlı ünsiyyətdən irəli gəlib. 6-cı sinifdən başlayaraq atam məni Dram Teatrının əvvəlcə bazar günləri gündüz, daha sonra axşam tamaşalarına, premyeralara aparıb. Çox vaxt tamaşadan sonra səhnə arxasına keçib, yaxından tanıdığı görkəmli artistləri şəxsən təbrik edər və bununla məni hədsiz fərəhləndirdi. C.Cabbarlının “Oktay Eloğlu” tamaşasından sonra indicə səhnədə böyük emosionallıqla Oktayın faciəsini yaşamış nəhəng dramatik aktyorumuz Həsənağa Salayevin heç qrimini silməmiş atamı görərkən gülərüzlə “ay xoş gördük, Əli müəllim” deyə onu qucaqlaması və məndən də” hə, qəşəng bala, tamaşa xoşuna gəldimi?” soruşmasından tamam çaşırmışdım. Yaratdığı obrazın əhval-ruhiyyəsinin beləcə, dərhal dəyişməsindən keçirdiyim sarsıntını görən atam “bu, aktyordur, onun sənətkar kimi böyüklüyü də bundadır” deyə məni xeyli sakitləşdirə bilməmişdi. İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasından sonra yolda müəllifin Cənub mövzusuna münasibətiylə bağlı aramızda yaranan mübahisədə heç birimiz güzəştə getmədiyindən evə gələndən sonra atam İlyas müəllimin özünə zəng edərək məsələni danışmışdı və o dövr ən sevimli yazıçım olan İlyas müəllim də məni telefona çağıraraq onun mövqeyini məhz mənim düzgün anladığımı söyləyib məni tərifləmişdi.

O vaxtlar yazdığım bir əsərdə Tvardovskinin bir kiçik şeir parçasını tərcümə etmək lazım gəldiyini eşidən atam dərhal Xəlil Rzaya zəng vurmuşdu. Və o böyük şair, böyük olduğu qədər də sadə insan həmin 8 sətirlik şeiri telefonfa ona diktə etməyi xahiş etmişdi və 10-15 dəqiqədən sonra, mən hələ heyrətdən özünə gəlməmiş, zəng edərək şeirin tərcüməsini 2 variantda mənə oxumuş və üstəlik bəyənib-bəyənmədiyimi soruşmuşdu!!!

O dövrün canlı ictimai, ədəbi, mədəni mühitini yaşamayıb, o böyük insanlarla təmasda olmayıb və indi onu bəyənməyənlərə nə deyəsən...

Mənim bu qəbildən nə qədər xatirələrim var. Bu xatirələrin bir hissəsi də atamın yuvarlaq təvəllüd günləri - 50, 60, 70, 75, 80 illik yubiley məclisləri ilə bağlıdır. Ailəmizdə ad günlərini təbrikə gəlmiş qonaqlarla birgə keçirmək ənənəsi vardı. Atamın 70 illiyi 1988-ci ilin təlatümlü dekabrında qeyd edilirdi. Şair Qabilin tamadalıq etdiyi bu məclisdə Meydan hərəkatından söz açması yazıçı Bayram Bayramovun xoşuna gəlməmişdi, “bura o söhbətlərin yeri deyil” - deyə Qabil müəllimə irad tutmuşdu. Qabil də “Əli müəllim siyasi xadimdir, onun məclisində hər söhbəti etmək olar” deyə cavab verəndə, bir qədər təkəbbürlü, ötkəm xasiyyətli Bayram müəllim ayağa qalxaraq tanınmış kimyaçı alim Paşa müəllimə müraciətlə “dur gedək” deyə qapıya tərəf getmişdi. Məclisdəki qonaqlar - Balaş Azəroğlu, Mədinə xanım Gülgün, Hökumə xanım Billuri, Qasım Qasımzadə, Salam Qədirzadə, Teymur Məmmədov və başqa qonaqlar bu xoşagəlməz hadisədən narahat olmuşdular. Mədinə xanım ərklə Bayram müəllimi tənbeh etsə də, Qasım müəllim onu sakitləşdirməyə çalışsa da, Bayram müəllim tərsliyinə salmışdı. Qabil və xüsusilə atam özü də pərt olmuşdu, amma bir söz demirdi. Yalnız mən Bayram müəllimin qarşısını kəsərək onu qucaqlayandan, haqqında ürək sözlərimi dilə gətirəndən, israrla getməməsini xahiş edəndən sonra Bayram müəllim geri qayıtmışdı. Və mən ekspromt olaraq bu meydan hərəkatının başlanması və vüsət almasında atamın yazıçı və şair dostlarının əsərlərinin rolunu qeyd etmiş, təbii ki, Bayram müəllimin əsərləri üzərində xüsusi dayanmışdım və beləliklə, bütün inciklik aradan qalxmışdı, Bayram müəllim sona qədər məclisdə oturmuş, Paşa müəllim də təbəssümlə mənə bir “bərəkallah” demişdi. Sonralar, hər qonaqlıqda Bayram müəllim özünəməxsus ötkəmliklə “ay qız, dədənin ad günündə dediklərini bir də təkrar etsən, dilin quruyar?...” deyə mənə müraciət edərdi və mən də “təkrar niyə, mənim həmişə deməyə yeni sözüm var” - deyib onun əsərləri, özü və atamla dostluğu haqda fikir söyləyərdim.

Allah bu yüksək şəxsiyyətli ziyalılarımızım hamısına rəhmət eləsin... Xoşbəxt günlər yaşayırmışıq...

Atamın 100 illik təvəllüd dönümünü geniş qeyd etmək və yalnız onun özünü deyil, dostlarının da xatirəsini anmaq fikri mənim və atamın bu taydakı tək-tək qohumlarından olan Mərdanın təşəbbüsü ilə yarandı. 50-yə yaxın qonağın iştirak etdiyi, məclisə ilk növbədə onun bu gün yaşamaqda davam edən cənublu həmməsləklərini, daha sonra “demokratlar” nəslinin övladlarını, bu taydakı dostlarını və onların övladlarını dəvət etməyə qərar verdim. Atam böyük müəllimim, professor Şirməmməd Hüseynovla da yaxından tanış idi və iki gün qabaq 94 yaşını qeyd etdiyimiz və əməlli-başlı yorduğumuz Şirməmməd müəllimin bu məclisə gələcəyinə ümid etmirdim. Amma Ülkər xanımdan bu məclis haqda eşidən Şirməmməd müəllim dərhal atamın anım məclisinə gəlmək istədiyini bildirdi, gəldi və hamıya böyük şərəf verdi. Cümhuriyyətimizin 100 illiyi ilə bir tarixə təsadüf etmiş bu Anım Məclisinin Cənubi Azərbaycanda milli hərəkat, azadlıq, dövlətçilik dəyərləri ruhunda keçən çox səmimi ruhu, atamın dünyasını dəyişmiş mübarizə yoldaşları və ziyalı dostlarının xatırlanması hamını, o cümlədən, Şirməmməd müəllimin özünü də riqqətə gətirdi. Onun bir neçə dəfə ayağa qalxaraq deyilən sözlərə münasibət bildirməsi, söylədiyi dərin fikirlər böyük təsir buraxır, hamı onu diqqətlə dinləyir və telefona yazır, beləliklə, tarixi anlar yaşadıqlarının daha çox fərqinə varırdılar.

 





28.01.2019    çap et  çap et