525.Az

"Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ölkədə uğurla həyata keçirilir"


 

"Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ölkədə uğurla həyata keçirilir"<b style="color:red"></b>

Beş ildən artıqdır ki, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası ölkədə uğurla həyata keçirilir.  Mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir.

Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır.  İnkişaf və yeniləşmə yetərincədir. Məktəbəhazırlıq qruplarının yaradılması, tam orta təhsilin təmayülləşməsi, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri, "İl çərçivəsi"ndə qarşıda duran vəzifələr, ötən dərs ilinin təhsildə keyfiyyət ili elan edilməsi, 2018-2019-cu dərs ilinin ümumi təhsil sahəsində prioritet fəaliyyət istiqamətləri, eləcə də pedaqoji mühazirələrin keçirilməsi dediklərimizə bir nümunədir. Bu gün Təhsil Nazirliyi sistemində kadrların seçilməsi, yerləşdirilməsi, onların əməyinin stimullaşdırılması zərurətdən gələn mexanizmlərlə tənzimlənir. Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi yolu ilə əməkhaqqı artımı 142 mindən çox müəllimi əhatə edir. Miq yolu ilə yeni təyinatlar şəffaflığa təminat olmaqla məktəblərimizə yeni nəfəs və ruh gətirib.

İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Səxavət Tağlarla (Tağıyev) söhbətimizdə də məhz ümumi təhsilimizin bugünkü mənzərəsinə bir nəzər salmağa çalışdıq.

Qeyd edək ki, Səxavət Tağlar (Tağıyev) 1958-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1980-ci idə Xankəndi Pedaqoji İnstitutun pedaqoji fakultəsini, 1984-cü ildə isə SSRİ Jurnalistlər Birliyinin Jurnalist Sənətkarlığı Institutunu bitirib. 1980-87-ci illər doğulub boya-başa çatdığı kənddə müəllim, direktor müavini və 1988-ci ildən isə İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin direktorudur. İşlədiyi müddətdə məktəbin qabaqcıl iş təcrübəsi dəfələrlə Təhsil Nazirliyi və Təhsil Şöbəsi tərindən öyrənilərək yayılmışdır. 2007-ci ildə səmərli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim fəxri adını layiq görülüb. O, eyni zamanda, ədəbi yaradıcılıqla da məşğuldur. AYB-nin Aran Bölməsi üzrə məsul katib, "Vətənpərvərlik işinə görə" medallı, Beynəlxalq Rəsul Rza mükafatlı yazıçı-publisisdir. "Qarabağ düşüncələri", "Gecikmiş məktub", "Bir nəslin dörd fəsli", " Ana fəryadı", " Şərqin bülbülü" ədəbi-bədii əsərlərin və eyni zamanda, ümumi təhsilin bütün aspektlər üzrə fəaliyyət planlarını əks etdirən "Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi" adlı metodik vəsaitin müəllifidir.

- Səxavət müəllim, direktoru olduğunuz orta məktəbdə hansı mühüm yeniliklər edilib, islahatlar aparılıb.

- Üçüncü ildir ki, məktəbimizdə məktəbə hazırlıq qrupu fəaliyyət göstərir. Qrupda dərs deyən sinif müəllimləri kursdan keçmiş və imtahan verərək sertifikatlar almışlar. Cəlb olunmuş 5 yaşlılar Təhsil Nazirliyi tərəfindən dərslik və digər təlim komplektləri ilə təmin olunublar. Hazırlıq qruplarından I sinfə gələn uşaqlarımız təlimə hazırlıqları ilə fərqlənirlər. İslahatların nəticəsidir ki, məktəbimizdə kadr problemi yoxdur. Miq yolu ilə müxtəlif ixtisaslar üzrə 7 nəfər müəllim qəbul etmişik. Onlar da hazırlıqlı və yüksək savada malik pedaqoqlardır. Qeyd edim ki, həmin müəllimlər Azərbaycanın müxtəlif ərazilərindən - Bakıdan, Göyçaydan, Yevlaxdan və elə doğma İmişlimizin başqa yaşayış məkanlarından olsalar da, özlərini qərib hiss etmirlər, kollektivə və kəndə tam uyğunlaşıblar. Nə deyim, islahat-yeniləşmə başlayan gündən onun mövqeyindəyəm, bu barədə düşüncə və təkiflərimi deməkdən çəkinməmişəm. Məktəbimizə yeni islahatların gətirdiyi faydalardan da qürur duyuram.

- Bir qədər də ümumi təhsilin inkişafı istiqamətində görülən işlər barədə danışardınız...

- Yerində olan sualdır. "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin priopitet fəaliyyət istiqamətləri barədə" təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrində cari dərs ilinin pedaqoji mühazirələri də məhz bu mövzuya - "Müasir dövrdə ümumi təhsilin aktual problemləri"nə həsr olunub. Müəllimlər, məktəb rəhbərləri bu mövzuda pedaqoji mühazirələr işləyirlər. Ən yaxşı mühazirələr mətbuata verilməklə ictimaiyyətə çatdırılacaq. Təbii ki, respublika turunda yer almış mühazirələri nəzərdə tuturam.

Məktəblərin maddi-texniki bazası, kadr potensialı və ərazi-yaşayış məkanları müxtəlif olduğu kimi, problemləri də müxtəlifdir. Ümumən, problemləri isə belə görürəm: Təhsildən yayınma halları, erkən nigah və nişanlanma, istilik və içməli su təchizatının qeyri qənaətbəxş olması, valideyn-məktəb əlaqəsindəki rabitəsizlik, proqram materiallarının ağırlığı, məktəb rəhbərlərinin uzun illər bir məktəbə "sancılması" prinsipi, cəmiyyətdən gələn digər neqativ hallar və sair.

- Ümumi təhsildə "İl çərcivəsi"nin prioritet fəaliyyət istiqamətləri nədir və bu istiqamətdə nə kimi işlər görülüb?

- Dərs ilinin ümumi təhsil sahəsində prioritet fəaliyyət istiqamətləri dövlətin təhsil siyasətinin əsas hədəflərinin yerinə yetirilməsinə xidmət edir. Əmrlə bağlı Təhsil Nazirliyinin aidiyyatı şöbələrinin, Təhsil Şöbəsinin rəhbərliyinin əməli köməklikləri, pedaqoji mətbuatda və TN-ın internet saytında istiqamətyönümlü yazılar olduqca faydalıdır. Bütün bunlara istinadan məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın fəaliyyətini "Hər bir uşaq istedadlıdır" devizi ilə qururuq. İstedadlı şagirdlər müxtəlif fənlər və xüsusi qabiliyyət tələb edən sahələr üzrə öz bilik və bacarıqlarını daha da artırırlar. Keçirdiyimiz "Mütaliə aylığı", "Unutsaq unudularıq" tədbirləri, Azərbaycançılıq ideologiyasına və müstəqilliyimizə həsr olunmuş müzakirələr, şagird təqdimatları, müsabiqə, esse, inşa və bədii qiraət işləri, X-XI siniflərdə dövlətimiz, ordu quruculuğu və Prezident İlham Əliyevin uğurlu fəaliyyətini əks etdirən söhbətlər ümumi təhsil sahəsində dərs ilinin prioritet fəaliyyət istiqamətlərinin qarşıya qoyduğu vəzifələrdi.

"İl çərçivəsi"nə uyğun olaraq ayrı-ayrı fənlərin tədrisi vəziyyətini öyrənib PŞ-da müzakirələr etmək üçün qrafik tərtib etmişik. Pedaqoji Şuranın fəaliyyət planına istinadən yaradılmış müvafiq komissiyalar bu işin öhdəsindən bacarıqla gəlirlər. Noyabr ayında tarix-coğrafiya, dekabr ayında Azərbaycan dili və ədəbiyyat, yanvar ayında isə kimya-biologiya fənlərinin tədrisi vəziyyəti öyrənilərək ixtisas müəllimlərinə əməli köməklik göstərilmiş və tövsiyələr verilib. Qeyd edim ki, sözügedən əmrin 2.1 maddəsini əldə rəhbər tutaraq şagirdləri davamlı zəif nəticə göstərən müəllimlərin məsuliyyət məsələsi və hətta onlarla bağlanan ƏM-nə xitam veriləcəyi barədə məlumatlar hər bir müəllimə izah olunub.

- Niyə görə təhsil sferasında görülən işləri tez sosiallaşır, müzakirələrə səbəb olur?

- Bilirsiniz, təhsil alanların hərəsi bir ailənin nümayəndəsidir. Məktəbdə baş verən, müşahidə olunan bütün hadisə və söz-söhbətlər sürətlə ailələrə gedir. Ailələrdə isə informasiyanı qəbul etmək, başa düşmək tendesiyası müxtəlifdir. O informasiya, o xəbər ki, həqiqəti əks etdirir, doğrudur, deməli, işin xeyrinədir. Aşkarlığın təmin olunmasına, şəffaflığa kömək göstərəcəkdir. Önəmli odur ki, Təhsil Nazirliyi heç vaxt indiki kimi vətəndaşlara açıq olmayıb. Elə buna görə də hazırda sosial mediada 100144 nəfər izləyicisi var. Sualınız məni bir qədər əvvəllərə apardı. Vaxt var idi ki, sosiallıq sevilmirdi, açıq-saçıq müzakirələr və həqiqəti söyləmək qəbahət sayılırdı. İndi tam əksinədir. Hər kəs fikrini deyir, ictimai rəyə qoşula bilir. Prezidentin tapşırığı ilə bütün nazirlər yerlərdə olur, vətəndaşlarla görüşür, onların dərd-sərini öyrənirlər. Bu baxımdan təhsil naziri Ceyhun Bayramovun bölgələrdə olması, vətəndaşlarla görüşməsi olduqca faydalıdır. Belə görüşlər məmnunluqla qarşılanır.

Vilayət ƏLİYEV
İmişli rayon Təhsil şöbəsinin əməkdaşı

 





29.01.2019    çap et  çap et