525.Az

50 ilin işıqlı adamı...


 

TANINMIŞ JURNALİST, TƏDQİQATÇI-ALİM AKİF AŞIRLI HAQQINDA QEYDLƏR

50 ilin işıqlı adamı...<b style="color:red"></b>

Bəzən insan onu əhatə edən mühitə, doğmalara o qədər bağlı olur ki, gözü başqa heç nəyi görmür və görmək istəmir. Bəzən də əksinə, adam insanlara, dünyaya, başqalarının gördüyü işlərə o qədər aludə olur ki, özü, doğmaları, yaxınları yadına düşmür.

Eloğlum, qələm dostum, həmkarım, tanınmış jurnalist, tarixçi, tədqiqatçı-alim Akif Aşırlı deyəndə ki, fevralın 15-də 50 yaşı olacaq, düzü, inanmadım! Qaynar təbiətli, şən əhval-ruhiyyəli, üzügülər, dinamik, gənc və sevimli eloğlumu birdən-birə yaşa dolmuş, hətta 50 yaşını qeyd edəcək İnsan kimi görməyə inana bilmədim. Öz-özümə fikirləşdim ki, ay Allah, illərə bax, buna nə olub, bu axı gənc idi, nə tez yaşa doldu? Amma ürəyimdə təbii olaraq həm də bir qürur və sevinc hissi keçirdim.

Gör arxada qoyduğumuz illər bu gənc oğlanı - mənim qələm və məslək dostumu necə bir şan-şöhrət sahibi edib? Bu İnsan 50 yaşa elə-belə gəlməyib axı... Onun bu illər ərzində “Ağlama, Damcılı bulağı”, “Türkün Xocalı soyqırımı”, “Nəriman Nərimanovun Kremldə qətli”, “Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu”, “Azərbaycan mətbuatı tarixi (1875-1920)”, “31 mart soyqırımı Azərbaycan mətbuatında (1918-1920-ci illər”, “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış”, “Türk ocağı Azərbaycanda”, “Həsən bəy Zərdabinin mücahid oğlu” kitabları işıq üzü görüb. O, “Bağanıs-Ayrım soyqırımı” və “İstiqlal yolları”nda kitablarının həmmüəllifidir. AMEA-nın Tarix İnstitutunda elmi iş müdafiə edərək tarix üzrə fəlsəfə doktoru olub. 2005-ci ildə Akademik Yusif Məmmədəliyev adına mükafata, 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına və Mətbuat Şurasının Ali Media Mükafatına layiq görülüb. Çox dəyərli, nüfuzlu qəzetimiz olan “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, BDU-nun jurnalistika fakültəsində Dövlət İmtahan Komissiyasının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi tanınıb. Azərbaycan jurnalistikasının, eləcə də Türkiyə-Azərbaycan mədəni, elmi, siyasi əlaqələrinin inkişafına töhfə verən tanınmış simalarından biri kimi ad qazanıb. Hələ bəlkə mənim bilmədiyim daha başqa uğurlarını demədim? Mən ona qoca Aveyin gözü ilə baxdım. Bir zamanlar Avey dağının, Qızıl qayanın döşündə, gündöyər, səfalı oylaqlarda gəzib-dolaşan, hər sirrini, hər sözünü bu qoca dağla bölüşən balaca Akif indi Avey kimi uca bir zirvə olub. O, quzularını dağın otarğısına ötürüb, çantasını kənara itələyib, köksünü Aveyin yumru daşına söykəyib, əlinin başına dayaq edərək, dərslərini hazırlayanda, Aveyə demişdi. Demişdi ki, vaxt olacaq, mən də belə kitablar yazacam, Avey! Soruşsalar, bu qoca dağ şahidlik edər bu oğlanın hünərinə! Sonra, Damcılının axar-baxarlı əncir, nar bağlarından heyvəsini doldurub anasına pay da aparardı bu oğlan. Hələ dağın qulançarını, quzuqulağnı, bənövşəsini demirəm. Anasının sevincdən gözləri gülər, ürəyi dağa dönərdi. “Oğul qazancı”nı nimçələrə doldurub qohum-qonşuya, qoca anasına aparar, öyünər, fəxrlə deyərdi: “Akif dağdan yığıb gətirib!”

Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirib. 1988-1990-cı illərdə keçmiş Sovet ordusunda hərbi xidmətdə olub. 1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə “Təfəkkür” Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. Orta məktəb illərindən başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə “7 gün” qəzetində başlayıb və bir müddət “Müxalifət” qəzetində çalışıb. 1996-cı ildə “Şərq” qəzetini təsis edib. Həmin vaxtdan etibarən “Şərq”in baş redaktorudur. 1993-cü ildə ABŞ-ın rəsmi dövlət agentliyi USAİD-in dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib.

Akifin bir müsahibəsini oxudum. Orda öz gəncliyini belə ifadə edir: “Ancaq gəncliyimiz çox qaynar oldu, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak üçün tarix bizə fürsət verdi. Gəncliyim Milli Azadlıq hərəkatına təsadüf edib. Çap olunan qəzetlərdə, jurnallarda çıxış etmişəm. Uzun illər “7 gün” və “Müxalifət” qəzetlərində çalışmışam. Daha sonra isə “Şərq” qəzetini yaratmışam. O həyatı yaşadığım üçün peşmanlıq çəkmirəm. Bəzən adam fikirləşir ki, zamanında bunu etsəm, yaxşı olardı. 30 yaşında etdiyini indi edə bilmirsən, bir az çətin gəlir. Ona görə də keçmişə baxanda elə pessimist deyiləm. Ötən illər ərzində xeyli sayda kitablarım, məqalələrim, araşdırmalarım çıxıb”... Həyatda ən böyük mükafatı öz əməlindən, öz hünərindən, bir də qadir Allahdan gözləyən və ömrünün hər dönəmində taledən yüksək dəyərlər, şanslar, uğurlar görən Akif Aşırlı deyir: “Övladlarım orta məktəbdə oxuyanda mənə ad günüm münasibətilə açıqcalar yazırdılar, o açıqcaları dəyərli bir hədiyyə olaraq saxlayıram. Övladlarımın yazdığı açıqcalar mənim üçün çox dəyərli hədiyyədir”. Akif gözəl ziyalı olmaqla yanaşı, həm də gözəl atadır. Onun nur topası kimi üç övladı var, ikisi ali məktəbdə təhsil alır. Akif qazandığı uğurlara görə öz iradəsinə güvəndiyini və əzmlə, inadkarlıqla çalışdığı illərə borclu olduğunu deyir:  “Eyni zamanda, peşəkar jurnalist olmaq üçün öz üzərində çox çalışmaq lazımdır, mütaliə etmək lazımdır. Hər bir qələm insanı yazdıqlarının arxasında durmağı bacarmalıdır. Hansı mövzular ki, cəmiyyətin üçün maraqlıdır, o mövzuları ciddi şəkildə işləmək lazımdır... Cəmiyyət görəndə ki, onun sabit fikirləri var, öz fikirlərini doğru ifadə etməyi bacarır, öz fikirlərinin arxasındadır, həmin jurnalistin qələminə hörmət yaranır”.

Akifin həyatında gözlənilməz ağrılar, həyatın acı zərbələri də olub. Amma bu, onu sındırmayıb. Akif daha çox əzmlə, inadkarlıqla yoluna davam edib.

1992-ci ilin oktyabrın 29-da qəflətən eşitdik ki, kəndə bədnam ermənilər qratlardan atəş açıb, dağıntı və tələfat olub. Həlak olanlar arasında Akifin atası Əbdüləzim kişi də var idi. Bu, bir elin dərdi olmaqla yanaşı, həm də bir oğulun çiyninə düşən dağ boyda dərd idi. Akif öz kiçik ailəsinin yox, indi böyük bir ailənin ağsaqqalı, böyüyü oldu. Bu dərdin də öhdəsindən fədakarlıqla gəldi. O, indi bir ailənin deyil, bir kəndin, bir rayonun, bir xalqın oğlu, himayəçisi, fədakarı, ziyalısıdır və bu işi də şərəflə yerinə yetirir.

İndi bütün həyatımızı qapsayan, demək olar ki, “ağıllı-dəli” hamımızın şüurunu, diqqətini özünə çəkən feysbuk səhifəsində bu yaxınlarda bir yazı gördüm və tezcə onu götürüb yaddaşa qoydum ki, mənə lazım olacaq. Bir tələbə yazırdı ki: “Akif Rüstəmov bizə demişdi ki, bu gün “Şərq” qəzetinin baş redaktoru, tanınmış qələm sahibi Akif Aşırlını bizə dərs keçməyə dəvət edəcək. Sağ olsun, Akif müəllim də müəllimimizin xahişini yerə salmadı, bizimlə görüşə gəldi. Elə ilk dəqiqələrdən tanınmış jurnalistin bizimlə səmimi söhbəti, mehriban davranışı görüşümüzün səmərəli keçməsinə şərait yaratdı. 60 nəfər Jurnalistika fakültəsinin birinci kurs tələbəsinin Azərbaycan mətbuatının kapitanlarından biri ilə görüşməyinin nə demək olduğunu təsəvvür etmək yəqin ki, elə də çətin deyil.

Hamımız yaxşı başa düşürdük ki, belə bir fürsət bir daha əlimizə düşməyə bilər, ən azından yaxın gələcəkdə. Odur ki, sanki hər saniyəmizə qənaət edərək Akif müəllimə onun qələm təcrübəsi, mətbuatımızın tarixi, hazırkı jurnalistika və digər istiqamətlərdə suallar verir, müzakirələr edirdik. O da bizim jurnalistikaya olan marağımızdan, həvəsimizdən daha böyük stimul alaraq suallarımızı usanmadan ətraflı şəkildə cavablandırdı. Əlbəttə, Akif müəllim bizə maraqlı olduğu kimi, biz də gələcəyin media nümayəndələri kimi onun diqqətində idik. Çünki qonağımız da öz növbəsində tələbələrə jurnalistikaya olan maraqlarının haradan qaynaqlandığı, indiyə kimi hansısa mətbu orqanlarda çıxış edib-etməməyimiz barədə suallar verirdi. Şübhəsiz, təcrübəli bir qələm sahibi kimi Akif Aşırlı yaxşı jurnalist olmağın sirlərini də bizimlə bölüşdü. O bildirdi ki, “dördüncü hakimiyyət”in layiqli bir nümayəndəsi olmaq heç də asan deyil. Bunun üçün çox çalışmaq lazımdır: “Jurnalistika elə bir sahədir ki, onun sərhədi yoxdur. Sonsuza qədər irəliləyə bilərsən. Amma bunun üçün gərək iti, qüvvətli qələmin, çoxlu söz ehtiyatın olsun. Buna görə də müntəzəm mütaliə ilə məşğul olmaq vacibdir. O cümlədən, bir neçə xarici dildə, sərbəst danışıb-yazmaq lazımdır. Unutmayın ki, müasir dövrdə ingilis dili beynəlxalq jurnalistikaya gedən yolda bir növ pasport rolunu oynayır. Bir də jurnalistin müşahidə qabiliyyəti çox güclü olmalıdır. Çalışın, bunları özünüzdə aşılayın”. Eyni zamanda, qonağımız bizə baş redaktoru olduğu “Şərq” qəzeti haqda da məlumat verdi. Məlum oldu ki, adıçəkilən ictimai-siyasi qəzet öz orijinal profili və daha çox xəbər tipli yazılara üstünlük verməsi ilə 23 ildir ki, oxucularla görüşə gəlir. Yəni hələ azad sözün, mətbuatın qarşısında qırmızı işıq kimi dayanan senzuranın 1998-ci ilə qədərki dövrünə qədər qəzet nəşr olunub və o vaxtdan bu vaxta kimi müstəqil fəaliyyət göstərir. Yazımın əvvəlində təsadüfi olaraq demədim ki, Akif Aşırlı bizə dərs keçməyə gəlmişdi. Düzdür, o, bizə konkret bir mövzu ətrafında mühazirə oxumadı. Amma daha vacib olanını etdi: biz - jurnalistika sahəsində hələ ilk addımlarımızı atan gənclərin yoluna bacardığı qədər işıq saçdı, dedi ki, sağa-sola dönmək yox, necə başlamışıqsa, elə də düz istiqamətdə irəliləmək lazımdır. İnanmıram ki, o gün hansısa tələbə zamanın tez  keçməsini arzulayaydı. Amma vaxt arzu-istəyi nəzərə almır ki... 90 dəqiqənin sonunda hamımız Akif müəllimə yaxınlaşıb onunla xatirə şəkilləri çəkdirdik. Ən böyük xatirəmiz isə ondan aldığımız dəyərli məsləhətlər, maraqlı fikirlər oldu”.

Əzizim, Akif! O qədər təvazökar, o qədər sadə İnsansan ki, özünü təbliğ etdirməyi də bacarmırsan. Səndən dönə-dönə xahiş etdim ki, kitablarını mənə göndər, səndən yazı yazacam. Eləmədin, canın sağ olsun. Səndən oxuduqlarım bu yazını yazmağa bəs edəcək. Amma gələcəkdə özüm bu kitabların hamısını əldə edəcəm və sənin üçün hansısa yubileyində müfəssəl və geniş yazacam. Yaradıcılığını dedim, sənin şair kimi fəaliyyətini demədim. Qazaxlı olasan, şeir yazmayasan? Bu, çox inanılmaz bir şey olar. Çünki sən anadan olduğun torpaqda uşaqlar saz üstə doğulur, söz üstə böyüyürlər! Demək olar ki, hamısı yarışairdir, ən azı şeir xiridarıdır! Gələn dəfə bir şair olaraq yaradıcılığını incələyəcəm. Hökmən yazacam! Çünki Sən təkcə mənim yox, bütün qələm əhlinin, ziyalıların vəfalı, sadiq dostusan!

Zərəngiz DƏMİRÇİ QAYALI

 





04.02.2019    çap et  çap et