525.Az

"Sosial şəbəkələr və onlayn media qanunla tənzimlənməlidir"


 

MİLLƏT VƏKİLİ SAHİB ALIYEV BU MƏSƏLƏDƏ ALMANİYANIN QANUNVERİCİLİK TƏCRÜBƏSİNDƏN YARARLANMAĞI MƏQSƏDƏUYĞUN SAYIR

"Sosial şəbəkələr və onlayn media qanunla tənzimlənməlidir"<b style="color:red"></b>

- Sahib müəllim, siz yaz sessiyasının açılışında onlayn media və sosial şəbəkələr haqda qanunun zəruriliyindən danışdınız. Bunu zəruri edən nədir? "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun media-cəmiyyət münasibətlərinin tənzimlənməsi baxımından yetərli deyilmi?

- Xeyr, yetərli deyil. Baxın, birdəfəlik tirajı cəmisi 100 nüsxəni ötən, ildə azı on iki dəfə çıxan çap məhsulu dövri nəşrlər sayılır və bu qanunun səhv etmirəmsə, kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi adlı 10-cu maddəsi onlara da şamil edilir. Yəni cəmi 100 nüsxə çıxan bir nəşrdə sən dövlət sirrini açdığına, dövlət quruluşunu zorakılıqla devirməyə və ya dəyişdirməyə çağırışa, rasizmi, ksenofobiyanı təbliğə və bir sıra digər məsələlərə görə məsuliyyətə cəlb edilirsən. Gəlin açıq deyək, indi bizdə əksər qəzetlərin oxucularının sayı bir çox bloqerlərin yaydıqlarını və yazdıqlarını izləyənlərin sayından dəfələrlə azdır. Hətta elə adamlar var ki, onlar bloqer kimi çıxış etmədikləri halda belə onların yazıb və yaydıqlarını izləyənlərin sayı yenə bir sıra klassik nəşrlərinkindən xeyli çoxdur. Amma bu adamın nə "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunda kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi haqda maddədən xəbəri var, nə də (olsa da, belə) ona əməl etmək heç ağlının ucundan belə keçmir. Və yaxud həmin qanunda vurğulanır ki, əgər ortada məhkəmə qərarı və yaxud şəxsin özünün buna yazılı razılığı yoxdursa, onun haqqında gizli audio və videoyazılar, kino və foto çəkilişi yayıla bilməz. İndi mən sizdən soruşuram, nə qədər sosial şəbəkə istifadəçisinin bundan xəbəri var və xəbəri olanın neçə faizi ona əməl edir?

- Cinayət Məcəlləsində bu qəbildən olan hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmur ki?

- Tutulur, təbii ki və nəinki öz adı altında, saxta ad altında eyni hərəkəti edənlər də məsuliyyət daşıyırlar. 2016-cı ildə Cinayət Məcəlləsinə yeni 148-1-ci maddə əlavə edildi. Həmin maddədə bildirilir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtana, təhqirə yol verdikdə min manatdan iki min manatadək cərimə, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək islah işləri, ya da bir ilədək həbslə cəzalandırılır. Orasını da deyim ki, bu əməlləri törədən şəxs desə ki, mənim belə bir maddədən xəbərim yoxdur, bu, onu cinayət məsuliyyətindən azad etmir. Amma əgər siz sosial şəbəkəyə diqqət yetirsəniz görəcəksiniz ki, hər gün yüzlərlə deyil, minlərlə belə hal baş verir və buna görə də kimsə məsuliyyətə cəlb olunmur. Mən qətiyyən onun tərəfdarı deyiləm ki, hər gün bununla bağlı yüzlərlə cinayət işi açılsın və bizim vətəndaşlarımız gedib məkhəmə önündə cavab versinlər. Bu maddənin Cinayət Məcəlləsində yer almasında da məqsəd bu deyil. Məqsəd belə halların qarşısının alınması, onların sayının minimuma endirilməsidir. Amma biz indi bunun əksini görürük. Görürük ki, bu cür halların sayı nəinki azalır, əksinə, getdikcə artır və bunun da 3 səbəbi var.

- Nədir səbəblər?

- Birinci səbəb odur ki, qanunda bəzi boşluqların olması nəticəsində bu cür hallara yol verənlər məsuliyyətə cəlb edilmir, edilmədikləri üçün də onları yamsılayanların sayı artır. İkinci səbəb budur ki, bütövlükdə internet istifadəçilərinin, o sıradan da sosial şəbəkəyə qoşulanların sayı durmadam artır. Baxın, internet araşdırması üzrə ixtisaslaşan "We Are Social" agentliyi və "Hootsuite" platforması var. Onların birgə yaydıqları "Global Digital 2019"dan bəlli olur ki, internet istifadəçiləri orta hesabla oyaq vaxtlarının üçdən birindən çoxunu - 6 saat 42 dəqiqəsini onlayn rejimdə olurlar, internetdə keçirilən vaxtın üçdən ikisi isə, yəni təqribən 4 saatı sosial şəbəkələrin payına düşür. Bilirsiniz, maraqlı olan nədir? Bu göstərici inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir, nəinki inkişaf etmiş ölkərdə. Yəni inkişaf etmiş ölkələrdə, daha yetkin cəmiyyətlərdə internetdə keçirilən vaxt bütövlükdə 4 saatı keçmir. Digərlərində isə hətta 10 saatın üzərindədir. İnkişaf etmiş ölkələrdə sosial şəbəkəyə ayrılan vaxt saat yarımı keçmr, Yaponiyada isə heç 50 dəqiqəyə də çatmır. Bu da onu göstərir ki, inkişaf etmiş cəmiyyətlərdə internetdə keçirilən vaxt daha çox rasional məqsədlərə xidmət edir, nəinki digərlərində.

Təəssüf ki, biz də bu digərlərinin sırasındayıq. Və bir sıra hallarda sosial şəbəkədə keçirilən zaman təkcə vaxt itkisi deyil, həm də cəmiyyət və digər vətəndaşlar üçün təhlükəli, xoşagəlməz halların yaranmasına sərf edilir. Azərbaycana gəldikdə onu da deməliyik ki, bizdə bu cür halların total şəkil almasını planlaşdıran, reallaşdırmağa çalışan və buna da xeyli muzdlu cəlb edən çevrələr var. Azərbaycanı sevməyənlər, erməni lobbisiylə birgə işləyənlər, bir sıra hallarda isə erməni lobbisi adı altında fəaliyyət göstərərək, öz məkrli maraqlarını təmin etməyə çalışanlar ölkəmizdə siyasi və iqtisadi böhran yaratmağın mümkünsüzlüyünü görüb mənəvi böhran yaratmağa, cəmiyyəti bu cür silkələməyə, xaosa sürükləməyə çalışırlar. Öz ordusuna legionerlər cəlb edən, Afrikada və bir sıra başqa yerlərdə ən çirkin işləri, ən ağır cinayətləri bu legionerlərin əliylə gördürənlər indi də legionerliyin yeni bir növünü kəşf ediblər. Pozğun mənəviyyatlı adamlardan söyüş legionerləri hazırlayıb onların əliylə mənəvi terror törətdirirlər. Vidadi İsgəndərli, Orduxan və bu qəbildən olan digər tiplər əslində, bağı yenə də həmin çevrələrə gedib çıxan terror düşərgələrində hazırlıq keçən və özlərin islamçı kimi təqdim edənlərdən heç nəylə fərqlənmirlər. Fərq, sadəcə ondadır ki, həmən o "islamçı" adlandırılan terroçuların hamısı da olmasa, bir hissəsi idealist və sadəlövhdürlər. Onlar terror törədərkən özlərini də qurban etməkdən çəkinmir və əvəzində cənnətə düşəcəklərini düşünürlər. Azərbaycana qarşı qısqırdılan mənəviyyat terrorçuları isə cənnəti elə həmin Avropa sayır, verilən muzd qarşılığına bu cür hərəkətlərə yol verir, hər cür əxlaq sərhəddini keçərək söyüş söyür, təhqir edir, böhtan atırlar.

Səhv etmirəmsə, Rusiyada artıq iki ildir sosial şəbəkəylə bağlı qanun üzərində işlənilir və orada nəzərdə tutulur ki, hər kəs sosial şəbəkəyə ancaq öz pasportunu təqdim etməklə qoşula bilər və bir adamın ancaq bir profil açması mümkündür. Eyni zamanda, 14 yaşınadək yeniyetmələrin də sosial şəbəkəyə çıxışları qadağan olunur.

- Siz də belə bir qanunun olmasını təklif edirsiniz, yoxsa necə?

- Bu sahədə biz çalışıb insan hüquqlarının qorunması, demokrtaiya, söz azadlığı baxımından hansı ölkənin təcrübəsi daha mükəmməldirsə, fikrimcə, ondan da faydalanmalıyıq. Məncə, biz model olaraq Almaniyada keçən ilin yayından qüvvəyə minən və qısaca NetzDG adlanan sosial şəbəkələrlə bağlı görülən tədbirlər adlı qanun layihəsindən faydalana bilərik. Qanunda Feysbuk, Instaqram, Tvitter və Yutub qarşısında tələb qoyulur ki, hakimiyyət təmsilçilərinin təhqir edilməsindən tutmuş, kütləvi informasiya vasitələrində yayılması qadağan olunan bütün yazı və materialları operativ şəkildə silsinlər. Əks halda onlar 50 milyon avro cərimə ödəməlidirlər.

- Yaxşı tutaq ki, belə bir qanun qəbul edildi. Onlar da saxta, yaxud da, qanunla qadağan edilən məsələlərin yer aldığı informasiyanı və materialı silmək məcburiyyətində qaldılar. Amma bu informasiya, yaxud material silinənədək axı onu milyonlarla adam oxuyub görəcək. Bəs onda nə etməli?

- Bəli, görəcəklər, amma bu, sosial şəbəkəni məsuliyyətdən azad etsə də, həmin informasiya və materialı orada yayan şəxsləri heç də azad etmir. Yaydıqları informasiya və material silindikdə belə onlar qanun qarşısında cavab verirlər. Bilirsiniz, mən, sadəcə bu yolla mənfi meyllərin qarşısının tam alınacağı düşüncəsində deyiləm. Bizdə geniş maarifləndirməyə ehtiyac var. Fikrimcə, sosial şəbəkələr hər bir akkaunt daşıyıcısına onun səhifəsinin yuxarısında böyük hərflərlə xəbərdarlıq etməlidirlər ki, onlar hər bir informasiyanı və yaxud da materialı yayarkən qanunun tələblərinə uyğun davranmalıdırlar. Kimsə durub deyə bilər ki, bu tələb jurnalistlər qarşında qoyulmalıdır, mən ki jurnalist deyiləm. Amma biz indi elə bir dönəmdə yaşayırıq ki, 15-20 il bundan öncə Azərbaycanda jurnalistlərin sayı bir neçə mini keçmədiyi halda indi bu cür çıxış edənlərin, belə demək mümkünsə, zorən jurnalistlərin sayı on minlərlə, hətta yüz minlərlə ölçülür. İnternet hazırda, az qala, bütün istifadəçilərinin istehlakçı və alıcı, həm də istehsalçı və satıcı rolunda çıxış etdiyi bir bazardır.

Açığını deyək ki, bu, hazırlığı, yetkinliyi, savadı, intellekti az olan istifadəçilər üçün yetərincə təhlükəli bir bazardır. Çünki bu bazardakıların ən azı üçdən ikisi, bayaq dediyim kimi, sadəcə istehlakçı yox, həm də istehsalçısı kim də çıxış edirlər. İndi təsəvvür edin, birdən-birə, tutaq ki, şirniyyat istehlakçılarının əksəriyyəti həm də başladı onun istehsalçısına çevrilməyə, onda nə baş verəcək? Çoxunda istehsalçı üçün gərəkən peşə hazırlıqları və bundan doğan məsuliyyət olmadığıdan təbii ki, bazara saysız-hesabsız keyfiyyətsiz, bir sıra hallarda isə ölüm təhlükəsi yaradan məhsullar çıxacaq. İnformasiya da belədir. Saxta informasiyanın, insanın ləyaqətini alçaldan, onun şəxsi həyatına müdaxilə xarakteri daşıyan, kütləvi qarşıdurmaya, cəmiyyətdə xaosun yaradılmasına, irqi, dini ayrı-seçkiliyə, ksenofob yanaşmaya xidmət edən, bir sözlə, antihumanist xarakterli çağırışların yaratdığı təhlükə, heç də zəhərli ərzaq məhsulunkundan az deyil, bəzən isə hətta çoxdur. Bu mənada internet istifadəçiləri öz üzərlərində işləməli, bir çox təkcə informsiya istehlakçısı yox, eyni zamanda, istehsalçı kimi də çıxış etdiklərindən bunun nə dərəcədə qanun çərçivəsində olduğunu, istehsal etdikləri, yaxud da paylaşdıqları məhsulun zərərli, cəmiyyət üçün təhlükəli olub-olmadığını anlamalıdırlar.

Kamil HƏMZƏOĞLU

 





06.02.2019    çap et  çap et