525.Az

Fransa niyə ermənipərəstlik edir?!


 

Fransa niyə ermənipərəstlik edir?!<b style="color:red"></b>

Yəqin ki, diqqətli oxucular hələ də unutmayıblar ki, mərhum millət vəkili, professor Şamil Qurbanov "Şirak Qudurub" deyəndə, çoxları onu qınadı.

Əfsuslar olsun ki, Şirakdan sonra hakimiyyət başına gələn Sarkozi də dövlət başçısına yaraşmayan qeyri-adi hərəkətləri və sağlam düşüncəyə  zidd qərarları ilə dünyanı təəccübləndirməyə davam etdi. Diktator Qəddafinin çirkli pulları ilə prezident seçilən Sarkozinin ləkəli keçmişi, qeyri-ciddi və yüngül hərəkətləri hər kəsə bəlli idi. Amma Fransanı cırtdan Ermənistanın, fransızları isə ermənilərin quyruğuna bağlamaqla Fransa kimi qüdrətli və kifayət qədər zəngin demokratik ənənələrə malik bir dövləti rüsvay etməsi Sarkozinin o vaxtadək bəlli olduğundan da səviyyəsiz və təsadüfi bir siyasətçi olduğunu  göstərdi.

Əfsuslar olsun ki, yaxın keçmişdə Şirak və Sarkozinin nümayiş etdirmiş olduğu erməni sevdası ilə dolu riyakar siyasəti indi də Fransanın gənc prezidenti Emanuel Makron davam etdiməkdədir. Mətbuatdan da məlum olduğu  kimi, o, ötən ilin oktyabrında Beynəlxalq Frankofoniya  sammitində iştirak adı ilə 3 gün Ermənistanda rəsmi səfərdə  olub. Fransa  ATƏT-in Minsk Qrupunun həmsədri olduğundan ən azı həssasiyyəti qorumaq  naminə əslində, o, Bakıya da gəlməli idi.  Bizdə olan məlumata görə, Fransanın Azərbaycandakı səfirliyi bu səfərə hazırlıqla  bağlı hətta müəyyən tədbirlər də görmüşdü.  Lakin İrəvanda əzizgiramiləri Makronun  qulağını necə doldurdularsa, o, Bakıya  gəlmək qərarından vaz keçdi. Bununla da Fransa rəsmilərinin qatı, həm də ənənəvi ermənipərəst mövqeyi yenidən təsdiqlənmiş oldu. Bunun ardınca rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim olunan Bako Saakyanın Fransaya olan növbəti səfərinin hazırlığına və təşviqinə başladı. Azərbaycan Respublikası  Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyildiyi kimi, "bu səfərlərin həyata keçirilməsi üçün imkan  yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış  sazişlərin dilinə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə  hörmətsizlik nümayiş etdirir". Bəyanatda daha  sonra  deyilir: "Fransa tərəfindən davamlı olaraq yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən  keçirməyə vadar edir".

Təbiidir ki, Fransa hökumətinin bu cür ermənipərəst qərar və addımları təkcə Azərbaycan ictimaiyyəti tərəfindən deyil,  lap elə Fransanın özündə də mütərəqqi düşüncəli insanlar və siyasətçilər tərəfindən birmənalı qarşılanmır.

Görün, Fransa senatı Xarici İşlər Komitəsinin sədr müavini, senator Natali Qule nə deyir: "Hesab edirəm ki, Fransanı beynəlxalq hüquq, norma və prinsiplərə əməl etməyə və Dağlıq Qarabağdan ölkəyə səfərlərin qarşısını almağa çağırmaq lazımdır: "... Mən Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa ilə əməkdağlığı nəzərdən keçirmək qərarı ilə razıyam. Azərbaycan dəfələrlə Fransaya öz  sadiqliyini sübut edib. Qarşılıq vermək vaxtı çatıb". Cənab Makron, bunu biz demirik, fransız senatoru deyir!

Görünür, Fransaya rəhbərlik edən üzdəniraq siyasi liderlərin erməni sevgisi barədə hələ bundan belə də çox eşitməli olacağıq. Elə E.Makronun fevralın 5-də erməni təşkilatları Koordinasiya Şurasının iclasında 24 apreli erməni soyqırımı günü elan etmək barədə vədi də bundan xəbər verir. O, əslində, hələ seçkiqabağı kampaniya dövründəki çıxışlarında bu barədə öhdəlik götürmüşdü. İndi "sarı jiletlilərin" Makronun gününü qara etdiyi və istefasını tələb etdiyi bir vaxtda yenidən ermənilərə sevgisini bəyan etməsi sadəcə özünə tərəfdar toplamaq cəhdidir. Makronun fikrincə, "ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir"... "Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar (Onda, görəsən, fransız xalqı harada imiş?), biz demək olar ki, yarımhəmyerlilərik. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir". Bu sözləri birmənalı olaraq deməyə əsas verir ki, bəli, Makron artıq həqiqətən fransız xalqına arxa çevirib. O, dünya mədəniyyətinə çox mühüm töhfələr vermiş bir xalqı görün kimlərin quyruğuna bağlayıb. Əlbəttə, hətta prezidenti işğalçı ölkəyə, terroru dövlət siyasəti səviyyəsinə çatdıran və zaman-zaman ona-buna gah quyruq, gah da bufer olan bir dövlətcikə aşiq olduğunu açıq-aşkar bəyan edən Fransa hansı üzlə və hansı məntiqlə ATƏT-in Minsk qrupunun üzvü ola bilər?! O, həmsədr ölkə olaraq Dağlıq Qarabağ məsələsinə dair danışıqlarda necə ədalətli mövqe tuta bilər?! Əslində, Fransanın ötən illər ərzində həmsədr ölkə olaraq sərgilədiyi mövqenin təpədən dırnağadək ədalətsiz olduğu artıq hər kəsə bəllidir. Bunu Azərbaycanda da, kənarda da hər kəs çox yaxşı bilir. Amma sadəcə diplomatiya etikası bizə mane olur ki, qarşı tərəfin qeyri-səmimi və riyakar olduğunu qıpqırmızı onun üzünə deyək. Bir də ki, ikili standartların tüğyan etdiyi bir dünyada kimlərinsə qeyri-səmimi və ikiüzlü olduğunu desək, nə dəyişəcək?!

Ədalətsizliyə bir baxın, ATƏT-in Minsk  qrupunun üzvü kimi Qarabağ probleminin  həlli ilə bilavasitə məşğul olan Fransa açıq-aşkar, özü də utanmadan-çəkinmədən təcavüzkarı, terrorçu dövlət olan Ermənistanı necə də himayə edir. Mən əminəm ki, Fransa rəsmiləri, Fransa  parlamentariləri, lap elə cənab E.Makron  Qarabağda nələr baş verdiyini çox gözəl  bilirlər. Onlar Daşaltı, Qarakənd və  Xocalı faciələrindən də xəbərsiz deyillər. Amma  bununla belə, hər yerdə, özü də bütün səviyyələrdə təcavüzkar Ermənistanı müdafiə edirlər. Bu isə simasızlığın dövlət  səviyyəsində nümayişidir.

Fransa rəsmilərinin, siyasətçilərinin, görkəmli elm və incəsənət xadimlərinin özlərinin də dəfələrlə etiraf etdikləri kimi, nə  rəsmi Fransa, nə də fransız xalqı  Azərbaycandan və azərbaycanlılardan tarix boyu heç bir pislik görməyib. Əksinə, Azərbaycan tərəfi hər zaman Fransaya və fransızlara münasibətdə həssasiyyət, diqqət, səmimiyyət, maraq və ehtiram sərgiləyib. Nə yazıq ki, çox zaman Fransa tərəfindən bunların heç birinin qarşılığını görməmişik. İxtisasca tarixçi olduğuma görə, fransızların tariximizə münasibəti ilə bağlı bir fakt üzərində dayanmaq istərdim. XIX əsrin 90-cı illərində milliyyətcə fransız olan əntiq  əşyalar dəllalı Jak de Morqan Azərbaycanın cənub-şərq bölgəsində "arxeoloji axtarışlar" aparmaqla bir çox nadir abidələrimizi  vandalcasına dağıdaraq məhv etmiş, əldə  etdiyi tarixi-mədəni dəyərlərimizi isə "erməni-fars maddi mədəniyyət nümunələri" adı ilə Fransa muzeylərinə satmışdır. Hansı ki, təmin  tarixi yadigarlar bu gün də Fransanın Sen-Jermen muzeyində, digər muzeylərdə və şəxsi kolleksiyalarda erməni və fars maddi-mədəniyyət nümunələri kimi mühafizə və təşviq olunmaqdadır. Xatırladaq ki, o vaxt Azərbaycan ərazisində apardığı qarət xarakterli "arxeoloji axtarışlardan" xəbər tutan Rusiya İmperator Arxeoloji Cəmiyyəti Jak de Morqana ölkə hüdudları daxilində qazıntılar aparmağı qadağan etmişdir. 1919-cu ildə nəşr etdirdiyi "Erməni xalqının tarixi" adlı saxtakarlıqlarla dolu kitabı da Morqanın ermənilərin xidmətçisi olduğunun bariz göstəricisidir. Qoy,  diqqətli oxucular onu da bilsinlər ki, Morqanın kimliyi və Azərbaycana məxsus tarixi-mədəni dəyərləri dağıdan, məhv edən və nəhayət, mənsubiyyətini saxtalaşdıran  qatı ermənipərəst bir "zad" olduğu elmi ədəbiyyat və mətbuat vasitəsi ilə dəfələrlə ifşa olunub. Amma nə  yazıq ki, biz azərbaycanlılar xəyanət və pislikləri tez unuduruq. Əgər belə olmasaydı "Jak de Morqanın elmi irsinin öyrənilməsi" layihəsi adı altında 2012-2017-ci illərdə Lerik rayonu ərazisində fransız və iranlı "mütəxəssislər" tərəfindən arxeoloji axtarışlar aparılmasına icazə verilməzdi.

Axı, J.Morqanın bir zamanlar tarixi-arxeoloji abidələrimizi vandalcasına dağıdaraq məhv etdiyini, aşkar etdiyi maddi mədəni dəyərlərin mənsubiyyətini saxtalaşdırmaqla onları alver predmetinə çevirən bir dəllal olduğunu və hətta Çar hökumətinin belə onu ölkədən qovduğunu bildiyimiz halda hansı məntiqlə onun "elmi irsinin öyrənilməsi" adı altında əcnəbilər tərəfindən yenidən ərazimizdə "axtarışlar" aparılmasına razılıq verilib?!

Tariximizlə bağlı dəfələrlə yazılmış olan bu faktları təkrarən yada salmaqda məqsədim Fransa rəsmilərini öz hərəkətlərində və qərarlarında ədalətli  olmağa səsləməkdir. Elə güman etməsinlər ki, Azərbaycan tərəfi qarşı tərəfin ona adekvat olmayan münasibətinin fərqində deyil. Məşhur xalq məsəllərindən birində deyilir ki, "qırqovul başını kolda  gizlətməklə elə bilir ki, onun çöldə qalmış şələ quyruğunu görən yoxdur".

Fransa həmsədr dövlət olaraq problemin ədalətli yolla həlli üçün üzərində  beynəlxalq öhdəlik və məsuliyyət olduğuna baxmayaraq, Qarabağda və Qarabağ ətrafında baş verənlərə açıq-aşkar göz yumur. Məgər Qarabağda ermənilər tərəfindən tökülən qanlar, öldürülən, yaralanan, girov götürülən, həbs  düşərgələrində olmazın işgəncə və məhrumiyyətlərə məruz qalan insanların taleyi Fransa rəsmilərinə və onların  ətrafında cəmləşən ermənipərəst dairələrə bəlli deyil?! Fransa hakimiyyəti bütün bunları görə-görə nəinki susur, üstəlik, təcavüzkarı hər vasitə ilə himayə edərək onu daha da şirnikləndirir. Təzada bir baxın, Qarabağ dəhşətlərinə münasibətdə kar olan, kor olan, biganə olan Fransa rəsmiləri  ermənilərə necə də qucaq açaraq yengəlik edir.

Fransanın həmsədr ölkə olaraq sərgilədiyi birtərəfli və anlaşılmayan hərəkətləri ilə təkrar-təkrar üzləşən və onu təkrar-təkrar təhlil edən Azərbaycan ictimaiyyətini indi haqlı olaraq belə bir sual düşündürür. Əcəba, Fransa rəsmiləri  ermənilərin nəyinə aşiqdir? Fransa kimi qüdrətli bir dövləti erməni diasporunun əlində oyuncaq edən nədir?!

 





08.02.2019    çap et  çap et